Ölkəmizin enerji sektorunda tənzimləmələrin təkmilləşdirilməsi və xidmətlərin daha effektiv təşkili məqsədilə bir sıra normativ-hüquqi dəyişikliklərin hazırlanması nəzərdə tutulur. Bu məqsədlə tikinti obyektlərinin yüksək gərginlikli elektrik şəbəkəsinə qoşulma haqqının müəyyən edilməsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunacaq.
Bu istiqamətdə işləri “Azərişıq” ASC, Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyi və “Azərenerji” ASC həyata keçirəcək. Eyni zamanda, beynəlxalq təcrübə nəzərə alınmaqla elektrik doldurma məntəqələrində yanğın təhlükəsizliyi tələblərinin təkmilləşdirilməsi və bu sahədə normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində də təkliflərin hazırlanması planlaşdırılır. Bu prosesdə Energetika Nazirliyi ilə yanaşı, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi və “Azərişıq” ASC iştirak edəcək.
Qeyri-məişət kateqoriyası üzrə elektrik şəbəkəsinə qoşulmaq istəyənlər üçün isə yalnız elektron müraciət mexanizminin tətbiqi ilə bağlı normativ-hüquqi bazanın gücləndirilməsi nəzərdə tutulur. Bu tədbiri Energetika Nazirliyi və “Azərişıq” ASC tərəfindən icra edilməsi planlaşdırılır. Sözügedən tədbirlərin müxtəlif mərhələlər üzrə cari ilin iyun, noyabr və dekabr aylarına qədər həyata keçirilməsi nəzərdə tutulur.
XQ

