Azərbaycanda gələcəyin telekommunikasiya sistemi qurulur

post-img

Azərbaycanın yeni “genişzolaqlı xəritələndirmə” sistemi telekommunikasiya şəbəkələrinin hərtərəfli rəqəmsallaşması məqsədilə yaradılacaq. Bu sistem telekommunikasiya xidmət təchizatçılarının şəbəkə xətləri barədə məlumatları vahid məkanda toplamaq üçün telekommunikasiya infrastruktur məlumat bazasını və coğrafi informasiya platformasını əhatə edəcək. Nəticədə şəbəkə avadanlıqları, fiber-optik xətlər, vertikal mövqelər və digər infrastrukturlar vahid çevrəyə yığılacaq, məlumatların analizi və idarə edilməsi asanlaşacaq.

Layihə 2026-cı ilin sonunadək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İKT Agentliyi tərəfindən icra olunacaq. Bununla telekommunikasiya sektorunda məlumatların toplanmasında şəffaflığın gücləndirilməsi, mövcud resurslardan daha səmərəli istifadə və gələcək infrastruktur layihələrinin planlaşdırılmasının sadələşdirilməsi gözlənilir.

Məlumatların vahid bazada toplanması yeni platformanın əsas üstünlüyü hesab olunur. Bu, dövlət qurumlarının və özəl şirkətlərin telekommunikasiya infrastrukturu barədə aydın təsəvvür formalaşdırmasına şərait yaradacaq. Sistem vasitəsilə toplanan ətraflı məlumat investisiya boşluqlarını aşkarlamağa, yüksək texnologiyalı şəbəkə tələb olunan əraziləri müəyyən etməyə və potensial “ağıllı şəhər” və sənaye avtomatlaşdırılması layihələrini düzgün planlaşdırmağa imkan verəcək.

Qeyd edək ki, Avropada bu cür genişzolaqlı xəritələnmə layihələri 2020-ci ildən intensiv şəkildə həyata keçirilir. Məsələn, Avropa Komissiyası bütün ölkələr üzrə sabit və mobil internet keyfiyyətinin xəritələndirilməsini təşviq edir və nəticələr investisiya qərarlarının verilməsində əsas mənbə rolunu oynayır.

Yeri gəlmişkən, Azərbaycanla Qazaxıstan arasında Transxəzər Fiber-Optik Kabel Xəttinin istismara verilməsi 2026-cı ilin III rübündə planlaşdırılır. Bu barədə Qazaxıstan Baş nazirinin müavini - Süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiev bildirib. Ümumiyyətlə, Transxəzər Fiber-Optik Kabel Xətti müxtəlif ölkələr, o cümlədən Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizi olan “Rəqəmsal İpək Yolu” layihəsinin önəmli hissəsidir.

Bu rəqəmsal infrastruktur məlumatların ötürülməsində yüksək zolaq genişliyi və minimal gecikməni təmin edən ən optimal və qısa marşrut olmaqla ölkələr arasında regional əməkdaşlığa və dayanıqlı inkişafa təkan verəcək.

5G tezlik zolaqları və lisenziya yenilənmələri

Azərbaycanda 5G texnologiyasına keçid üçün uyğun radiotezlik zolaqları müəyyənləşdirilib və həmin zolaqların digər xidmətlərdən boşaldılması planlaşdırılır. Buna görə də ilk növbədə mobil operatorlara 5G şəbəkəsi üçün tezlik resursları ayrılacaq. Bunun üçün konkret olaraq 5G üçün ən çox istifadə olunan zolaqlar nəzərdən keçiriləcək. Sonra həmin tezliklər cari televiziya və radio yayımından azad ediləcək və operativ şəkildə 5G şəbəkəsinə uyğunlaşan operatorlara veriləcək.

Əlavə olaraq, 5G tezlik zolaqlarının qonşu dövlətlərlə koordinasiyası diqqətdə saxlanılır. 5G xidmətləri üçün Lisenziya Müqaviləsinə müvafiq əlavələr hazırlanacaq və mövcud operatorlarla bağlanacaq lisenziyaların şərtləri 5G-nin tətbiqinə uyğunlaşdırılacaq. Beləliklə, Azərbaycanın 5G spektr idarəçiliyi beynəlxalq standartlarla (ITU, ECC və s.) uyğunlaşdırılacaq və tezlik bölgüsü beynəlxalq təcrübələrə uyğun tənzimlənəcək.

Bu işlər telefon operatorları üçün yeni iqtisadi fürsətlər açacaq. Hazırda dünyanın bir sıra ölkələrində, o cümlədən qonşu Türkiyədə 5G-nin geniş tətbiqi nəzərdə tutulmuşdur. Azərbaycanda da 5G şəbəkəsinin qurulması mobil rabitə sektorunu müasir texnologiyalara uyğunlaşdıracaq və sürətli interneti, sənaye internetini təşviq edəcək.

Ümumiyyətlə, 5G, “beşinci nəsil” simsiz texnologiyanın qısaldılmış adıdır və əvvəlki nəsillərdən daha yüksək sürət, daha az gecikmə və daha geniş cihaz bağlantısı təqdim edir. Bu texnologiya simsiz rabitədə inqilab yaratmaqla yanaşı, bir çox sahədə yeniliklərə qapı açır. Əgər 4G texnologiyası bizə mobil videoizləmə və bulud tətbiqlərindən istifadəetmə imkanı verirdisə, 5G bunun çox daha irəlisindədir. O, smart şəhərlərdən tutmuş, avtomatik idarə olunan nəqliyyat vasitələrinə qədər bir çox sektorda istifadəyə hazırdır. 5G texnologiyası əvvəlki şəbəkələrlə müqayisədə daha çox məlumat ötürmə qabiliyyətinə malikdir.

Qlobal miqyasda 5G şəbəkələri həm müştərilərə yüksək sürətli internet, həm də sənayedə sürətli, etibarlı avadanlıq əlaqəsi (URLLC) və milyardlarla IoT cihazının əlaqəsi (mMTC) üçün nəzərdə tutulmuşdur. Azərbaycanda 5G-yə keçid üzrə hazırlıqlar gedir: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) 2026-cı ilin sonuna qədər telekommunikasiya infrastrukturunun geniş xəritələnməsini təmin edən məlumat bazası yaratmağı, 5G üçün tezlik zolaqlarını müəyyən edib azad etməyi və lisenziyalaşdırma qaydalarını yenidən tənzimləməyi planlaşdırır

5G infrastrukturu bahalı investisiyalar tələb edir və kənd rayonlarında xərc/xidmət balansını poza bilər. Şəbəkənin mürəkkəbliyi artdıqca, kibertəhlükəsizlik və gizlilik məsələləri genişlənə bilər. Yeni cihazlar və şəbəkə dilimləri hücum səthini genişləndirə bilər. Bu riskləri azaltmaq üçün sıfır etibarsızlıq modelləri, şifrələmə və təkmil autentifikasiya tədbirləri tətbiq olunmalıdır. Eyni zamanda, rəqabət və tənzimləmə mühitinin zəifliyi bazarda dominantlıq riskini artırır və istehlakçı haqlarını təhdid edir.

N.ABDALOV
XQ

İqtisadiyyat