Gələn ay Azərbaycanda kənd təsərrüfatı və qida sənayesi üzrə regionun ən böyük sərgiləri ilə keçiriləcək. Bununla da ölkədə beynəlxalq sərgilər mövsümünə start veriləcək.
Sərgilərin təşkilatçıları olan “Caspian Event Organisers” şirkətindən verilən məlumata əsasən, mayın 5-8-də Bakı Ekspo Mərkəzində artıq milli brendə çevrilmiş “Caspian Agro Week” - 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, “InterFood Azerbaijan” - 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi, eləcə də “Horeca Caspian” - 14-cü Xəzər Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi keçiriləcək.
Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən sərgilərə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası da yaxından iştirak edəcəklər.
Builki sərgilərin bir sıra yeniliklərlə əlamətdar olacağı gözlənilir. Belə ki, “Caspian Agro” adı ilə tanınan sərgi 2026-cı ildən etibarən yeni brend – “Caspian Agro Week” adı ilə təşkil edilərək Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu kimi təqdim olunacaq. Təşkilatçılar hesab edirlər ki, yenilənmiş və genişlənmiş konsepsiya sərgiyə yeni təkan verəcək, həm iştirakçılar, həm də ziyarətçilər üçün daha geniş netvörkinq, sektorlararası əməkdaşlıq və effektiv biznes dialoqu üçün şərait yaradacaq. Hazırda sərgilərə hazırlıq prosesi fəal şəkildə davam edir. İndiyədək sərgilərdə iştirakını dünyanın 30-dan çox ölkəsindən 300-dən artıq şirkət təsdiq edib.
Sərgilər çərçivəsində Africa-Azerbaijan Cooperation (AFAZ), Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland, İndoneziya və Şimali Kipr milli qruplar formatında öz kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdim edəcəklər. Yeri gəlmişkən, AFAZ, Braziliya və Şimali Kipr bu sərgilərə ilk dəfə qatılır.
Bu il ilk dəfə olaraq “InterFood Azerbaijan” sərgisinin vahid məkanda – Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonunda cəmləşməsi də mühüm yenilik kimi diqqət çəkir. Beləliklə, qida sənayesini təmsil edən bütün yerli və xarici şirkətlər öz məhsullarını məhz bu pavilyonda ziyarətçilərə təqdim edəcəklər. Bu yanaşma ziyarətçilərin sərgi daxilində vaxtına qənaət etməsinə və qida sektoruna aid bütün yenilikləri vahid bir məkanda, daha rahat şəkildə izləməsinə imkan yaradır.
Xarici ölkə nümayəndələri və yerli şirkətlərlə yanaşı, bu il sərgidə Azərbaycanın bölgələri də fəal şəkildə təmsil olunacaq. Ziyarətçilər sərgilər çərçivəsində bölgələrin aqrar və qida sahəsindəki imkanları ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər.
XQ

