Erkən evliliklərə “qırmızı işıq”!

post-img

Qanunda dəyişikliklər ictimai maarifləndirmə ilə tamamlanmalıdır

Son dövrlərin ən ağrılı və aktual problemlərindən biri də erkən nikahların yaratdığı fəsadlarıdır. Təəssüf ki, baş verən talesizliklərə laqeyd yanaşan və illərdir ki, bu “ənənə”ni yaşadan ailələrə hələ də rast gəlinir. Beynəlxalq konvensiyalara və milli qanunvericiliyə əsasən, 18 yaşdan aşağı şəxs azyaşlı hesab edilir və onların nikaha daxil olması uşaq hüquqlarının kobud şəkildə pozulması deməkdir. Lakin bir çox hallarda bəzi valideynlər mövcud qanunvericiliyin tələblərindən yayınaraq gizli dini kəbin mərasimləri vasitəsilə övladlarını nikaha cəlb edirlər.

Bu, həm də gənc nəslin təhsilinə, fiziki və psixoloji sağlamlığına qarşı yönəlmiş təhdiddir. Yetkinlik yaşına çatmayan şəxslərin üzərinə vaxtından əvvəl fiziki və mənəvi öhdəliklərin, ağır məsuliyyətlərin qoyulması bir fərdin bədbəxtliyi olmaqla yanaşı, həm də dövlətin gələcəyinə vurulan ağır zərbədir. Təhsil və inkişaf imkanlarından məhrum edilən hər bir gənc qızın yarımçıq qalan arzuları, əslində, sağlam bir nəslin və işıqlı gələcəyin itirilməsi deməkdir.

Erkən evliliklər bu gün dünyada geniş yayılmış və aradan qaldırılması çətinləşən universal problemə çevrilib. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatlarına əsasən, bir neçə il əvvəl dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən evlilik faktı qeydə alınırdısa, aparılan son qiymətləndirmələr göstərir ki, hər gün 39 mindən çox, ildə 14,2 milyon nəfər 18 yaşına çatmamış qız nikaha daxil olur.

Belə evliliklərə daha çox Afrika, Cənubi Asiya ölkələrində rast gəlinsə də, bu cür hallar inkişaf etmiş Avropa və Amerika ölkələrində də gizli və ya açıq şəkildə mövcuddur. BMT Uşaq Fondunun (UNICEF) hesabatlarında qeyd olunur ki, dünyada erkən nikahların sayına görə birinci yeri 76 faizlə Niger Respublikası tutur. Sonrakı sıralarda isə 60 faizdən yuxarı göstəricilərlə Mərkəzi Afrika Respublikası və Çad qərarlaşıb. Asiya qitəsində isə Banqladeş 51 faizlə erkən nikahların geniş yayıldığı ölkə hesab olunur.

Qonşu ölkələrdə də vəziyyət ürəkaçan deyil. Son illər qanunvericilik sərtləşsə də, Türkiyədə hər il təxminən 11 mindən çox qız uşağı erkən yaşda nikaha məcbur edilir. Rusiyada isə rəsmi nikah yaşı 18 olsa da, bəzi regionlarda (xüsusən Şimali Qafqazda) bu göstərici ümumi statistikaya mənfi təsir göstərməkdədir. Ölkə üzrə hər il 4 min 500-dən çox yetkinlik yaşına çatmayan şəxs rəsmi nikaha daxil olur.

İran və Əfqanıstanda isə vəziyyət daha kəskindir. İqtisadi və siyasi böhranlar səbəbindən belə nikahların sayı artmağa başlayıb. İranda hər il qızların 17, Əfqanıstanda isə 28 faizdən çoxu 18 yaşına çatmadan evləndirilir. Bəs ölkəmizdə vəziyyət necədir və bu problemin qarşısını almaq üçün hansı tədbirlər görülür?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva bildirdi ki, əvvəlki illərlə müqayisədə ölkəmizdə erkən nikahların statistikasında azalma müşahidə edilir:

– Statistik göstəricilər əvvəlki illərlə müqayisədə həm erkən evliliklərin, həm də 18 yaşadək analar tərəfindən dünyaya gətirilən uşaqların sayında nəzərəçarpacaq azalma olduğunu təsdiqləyir. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkə üzrə 2022-ci ildə 2011, 2023-cü ildə 1742, 2024-cü ildə isə daha da azalaraq 1279 erkən nikah qeydə alınıb.

Müsbət dinamikaya baxmayaraq, təəssüf ki, cəmiyyətdə hələ də belə hallara rast gəlinir. Demokratik prinsiplərə söykənən ölkəmizdə uşaqların erkən nikahlara məcbur edilməsi gender əsaslı zorakılığın ən ağır formalarından biri hesab olunur. Dövlətin bu istiqamətdəki qətiyyətli addımlarına rəğmən, bəzi ailələrdə kök salmış ənənəvi stereotiplər və patriarxal düşüncə tərzi erkən nikahlara zəmin yaradır. Mövcud vəziyyət göstərir ki, talesizliklərin qarşısını almaq üçün yalnız inzibati müdaxilələr yetərli deyil, cəmiyyətin hər bir üzvü bu mübarizədə ortaq güc nümayiş etdirməlidir.

Erkən evliliklərdə məsuliyyət, ilk növbədə, valideynlərin üzərinə düşsə də, bununla mübarizə kompleks xarakter daşımalıdır. Bu halların qarşısının alınması üçün xüsusilə müəllimlər təhsildən yayınan hər bir şagirdlə bağlı dərhal ərazi üzrə aidiyyəti qurumları məlumatlandırmalıdırlar. Bir sözlə, sağlam gələcək naminə ictimai fəalların və hər bir vətəndaşın prosesdə yaxından iştirakı mütləqdir.

Müsahibimiz qeyd etdi ki, erkən nikahların qarşısını almaq, azyaşlıların hüquqi müdafiəsini təmin etmək məqsədilə qanunvericilik bazası təkmilləşdirilib, daha sərt qaydalar və inzibati mexanizmlər tətbiq olunur:

– Erkən evliliklərin qarşısının alınması istiqamətində dövlət tərəfindən mütəmadi olaraq tədbirlər görülür, qanunvericilikdə dəyişikliklər edilir. Ailə Məcəlləsində qızların nikah yaşı oğlanlarla bərabərləşdirilərək 18 yaşa dəyişdirilmişdir. Cinayət Məcəlləsində nikah yaşına çatmayan şəxsi evliliyə məcbur etməyə görə cəza, on altı yaşına çatmayanlarla cinsi əlaqə və ya digər seksual xarakterli əməllərə görə isə ciddi məsuliyyət tədbirləri müəyyənləşdirilmişdir.

2024-cü ildə erkən evliliklərin qarşısının alınması istiqamətində qanunvericiliyə bir sıra dəyişikliklər olunub. Qanuna əsasən Ailə Məcəlləsində nikah yaşının istisna hallarda 1 il azaldılması ilə bağlı icazələrin verilməsi ləğv edilib. Cinayət Məcəlləsində on altı yaşına çatmayan şəxslərin erkən nikahının təşkilinə, İnzibati Xətalar Məcəlləsində isə bu yaşda olan şəxslərlə bağlı evlilik sövdələşmələrinə daxil olmağa, habelə erkən nikah və dini kəbinkəsmə mərasimlərinin keçirilməsinə görə cəza tədbirlərində dəyişikliklər edilib. Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minib.

Bununla yanaşı, ölkəmizdə mütəmadi olaraq əhali arasında maarifləndirmə işləri aparılır. 2020-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohum evliliklərinin mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilib. Qaydanın icrası 14 aidiyyəti quruma və yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. Komitə hər il bu Qaydanın icrası üzrə ölkədə görülmüş işlərlə bağlı hesabat hazırlayır və rəsmi saytına yerləşdirilir.

Komitə, eləcə də onun tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən yeniyetmə və gənclərin erkən nikah, qohum evliliklərin mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılmasına dair mütəmadi olaraq təhsil müəssisələrində, icmalarda maarifləndirici görüşlər təşkil edilir. Komitənin dəstəyi ilə Uşaq hüquqlarının müdafiəsi üçün “116111” qaynar xətt yaradılıb. Bununla yanaşı, qaynar xəttə və ya Komitəyə uşaq evliliyi ilə bağlı məlumat daxil olduqda dərhal Uşaq və Ailələrə Dəstək mərkəzlərinin, yerli icra hakimiyyəti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın və polis nümayəndəsinin iştirakı ilə ailələrə bu cür nikahlara görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət izah olunur, belə halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür. Təhsildən yayınma və sosial təhlükəli vəziyyətlə bağlı fərdi profilaktik işlər aparılır.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov isə söylədi ki, belə nikahlar təkcə sosial problem deyil, eyni zamanda, ağır psixoloji nəticələr doğuran mürəkkəb hadisədir:

– Erkən yaşda ailə qurmağa məcbur edilən qız uşaqları seçim hüququnun əlindən alınması və həyatlarına nəzarətin itirilməsi ilə üzləşirlər. Bu isə onların psixikasında travmatik izlər buraxır. Belə hallarda ən çox xroniki stress, qorxu hissi, özünəinamın azalması, depressiv əlamətlər müşahidə olunur. Uşaq yaşında fərdi inkişaf mərhələlərini tam keçmədən üzərinə ailə və məsuliyyət yükü götürmək məcburiyyətində qalmaq, onların emosional tənzimləmə bacarıqlarını zəiflədir və daxili konfliktlər yaradır. Onlar çox vaxt öz ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir, passiv davranışa meylli olurlar.

Vaxtından əvvəl böyümək məcburiyyəti insanın şəxsiyyət kimi formalaşmasına, inkişafına birbaşa təsir göstərir. Yeniyetməlik çağı identikliyin qurulduğu, qərarvermə bacarıqlarının inkişaf etdiyi həssas dövrdür. Bu mərhələnin zorla kəsilməsi və ya təhrif olunması nəticəsində insanın gələcəkdə müstəqil qərarvermə qabiliyyəti zəifləyə bilər. Belə şəxslər ya həddindən artıq asılı, ya da əksinə, sərt davranış modelləri nümayiş etdirirlər. Onların sosial münasibətlər qurmaq bacarığı da zəifləyə bilər. Bu isə həm ailə daxilində, həm də cəmiyyət içində adaptasiya problemlərinə gətirib çıxarır.

İnstitut rəhbəri vurğuladı ki, uşaq yaşda travma yaşamış və psixoloji baxımdan tam formalaşmamış insanın gələcəkdə sağlam övlad böyütməsi çox həssas mövzudur və fərdi yanaşma tələb edir:

– Burada əsas məsələ travma deyil, onun necə işlənməsi və insanın psixoloji dəstək alıb-almamasıdır. Əgər insan yaşadığı travmanı dərk edib və bu məqamda psixoloji dəstək alıbsa, o zaman gələcəkdə sağlam valideyn olmaq mümkündür. Lakin travma sağalmadıqda valideyn yaşadığı emosional çatışmazlıqları qeyri-ixtiyari şəkildə övladına ötürür. Bu, uşağın emosional təhlükəsizlik hissinin zəifləməsinə, bağlılıq və davranış problemlərinə səbəb ola bilər.

Bu baxımdan, erkən nikahların qarşısını almaq üçün hüquqi və sosial addımlarla bərabər, maarifləndirmə işləri genişləndirilməli, psixoloji dəstək mexanizmləri gücləndirilməli və ailə institutu sağlam təməllər üzərində qurulmalıdır. Cəmiyyət olaraq əsas hədəfimiz uşaqlara uşaqlıqlarını yaşama imkanı vermək, onların psixoloji və emosional inkişafını qorumaq olmalıdır. Bu, gələcək sağlam cəmiyyətin formalaşmasının ən vacib şərtlərindən biridir.

Ekspert rəyləri və mövcud reallıq bir daha təsdiqləyir ki, problemin köklü həlli üçün yalnız inzibati mexanizmlər kifayət deyil. Yeniyetmələrin təhsil və inkişaf hüququnu qorumaq, sağlam və intellektual gələcəyin təməlini qoymaq gərəkdir. Dövlət qurumlarının, təhsil ocaqlarının və ailələrin müştərək fəaliyyəti problemin aradan qaldırılmasında həlledici rol oynayır. Xüsusilə kütləvi informasiya vasitələrində və bölgələrdə aparılan ardıcıl təbliğat işləri, valideyn məsuliyyətinin artırılması, onların maarifləndirilməsi bu mübarizənin əsas istiqamətidir.

Hər bir yeniyetmənin təhsil almaq, peşə sahibi olmaq və gələcəyini azad şəkildə müəyyən etmək hüququ toxunulmazdır. Unutmayaq ki, qarşısı alınan hər erkən nikah – bir gəncin xilas edilmiş gələcəyi, bütövlükdə isə sağlam cəmiyyətin təminatıdır.

Elenora HƏSƏNOVA
XQ





Sosial həyat