Dünya Bankı 2026-cı ildə Azərbaycanda ÜDM-in 2 faiz, 2027-ci ildə isə 1,8 faiz artacağını gözləyir. Bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun iqtisadi perspektivlərinə dair hesabatının aprel buraxılışında deyilir.
Yanvar qiymətləndirmələri ilə müqayisədə proqnoz göstəriciləri müvafiq olaraq 0,2 və 0,1 faiz bəndi artırılıb. Bank xatırladıb ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4 faiz artıb. Dünya Bankının proqnozlarına görə, 2026 və 2027-ci illərdə Cənubi Qafqaz dövlətlərinin ÜDM-nin ümumi artımı hər il 3,4 faizə çatacaq. Hesabatda vurğulanır ki, Azərbaycanda fiskal siyasətin sərtləşdirilməsi nəticəsində investisiya xərclərinin normallaşması, eləcə də neft hasilatı həcmlərinin əhəmiyyətli dərəcədə azalması 2025-ci ildə iqtisadi artım tempinin 1,4 faizə enməsinə səbəb olub, bu isə 2024-cü ilin göstəricisindən təxminən üç dəfə azdır.
Bankın hesabatında qeyd olunur: “Ötən il real kreditləşmənin artımı Mərkəzi Asiya və Cənubi Qafqazda sürətli genişlənmə templərinin zəifləməsi fonunda bir qədər yavaşlayıb. Bir sıra ölkələrdə, o cümlədən Azərbaycan və Gürcüstanda makroprudensial tədbirlərin sərtləşdirilməsi daha sərt pul-kredit siyasəti (Qazaxıstan və Rumıniyada olduğu kimi) ilə yanaşı, istehlak kreditləşməsini də məhdudlaşdırıb”.
Ekspertlər qeyd edirlər ki, Azərbaycanda büdcə profisiti karbohidrogen sektorundan daxilolmaların azalması nəticəsində nəzərəçarpacaq dərəcədə azalıb: “Son 20 il ərzində regionun əksər dövlətlərinin iqtisadiyyatı daha az şaxələnib və təbii ehtiyatlardan daha çox asılı hala gəlib. Xüsusilə, Azərbaycanda mədən sektorunun ÜDM strukturundakı xüsusi çəkisi 2020-ci ilə qədər faktiki olaraq dəyişməyib və təxminən 30 faiz təşkil edib ki, bu da 2000-ci illərin əvvəlindəki səviyyəyə uyğundur”.
***
Bu göstəricilər Azərbaycan iqtisadiyyatının hələ də neftdən asılı olduğunu ortaya qoyur. Buna görə də hökumət qeyri-neft sektorunun inkişafı və iqtisadi şaxələnməni təmin etmək üçün bir sıra strateji addımlar atır. Ölkədə iqtisadiyyatın neftdən asılılığını azaltmaq məqsədilə son illərdə bir neçə paralel xətt üzrə tədbirlər həyata keçirilir.
Bu prosesin institusional koordinasiyası əsasən İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən aparılır. İlk istiqamət sənayeləşmə və istehsalın genişləndirilməsidir. Bu çərçivədə Sumqayıt Sənaye Parkı, Mingəçevir Sənaye Parkı və digər sənaye zonalarında qeyri-neft məhsullarının istehsalı artırılır. Bu parklarda kimya, metallurgiya, tekstil və tikinti materialları kimi sahələr inkişaf etdirilir və ixracyönümlü istehsal təşviq olunur.
Yeri gəlmişkən, 2025-ci ildə Sumqayıt Sənaye Parkında 2,2 milyard manatlıq məhsul satışı həyata keçirilib. İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, bunun 1,1 milyard manatı ixracın payına düşür. Sənaye parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir.
Parkda ümumi investisiyaların həcmi təqribən 6,6 milyard manatdan artıq olan 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,6 milyard manatdan çox investisiya yatırılıb. Cənubi Qafqazın ən böyük sənaye parkında 6097 daimi iş yeri yaradılıb.
İkinci istiqamət kənd təsərrüfatının və aqrar ixracın inkişafıdır. Dövlət subsidiyalar, güzəştli kreditlər və logistika dəstəyi vasitəsilə kənd təsərrüfatını genişləndirməyə çalışır. Məqsəd həm daxili ərzaq təhlükəsizliyini təmin etmək, həm də qeyri-neft ixracını artırmaqdır. Bu ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz artaraq 862 milyon ABŞ dolları təşkil edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi xəbər verib ki, bu dövrdə yeyinti məhsulları üzrə ixrac 25,1 faiz artaraq 281 milyon ABŞ dollarına bərabər olub. Hesabat dövründə ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 4,5 dəfə, pambıq iplik 2 dəfə, bitki və heyvan mənşəli piylər və yağlar 68,4 faiz, pambıq lifi 43,5 faiz, meyvə-tərəvəz 22,1 faiz, alüminium və onlardan hazırlanan məmulatlar 20,4 faiz, çay 15,1 faiz, spirtli və spirtsiz içkilər isə 4,3 faiz artıb.
Əlavə olaraq, I rübdə aqrar məhsullar üzrə ixrac 26,6 faiz artaraq 215,6 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac 27,4 faiz artaraq 88 milyon ABŞ dolları təşkil edib. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 26,8 faiz artaraq 303,7 milyon ABŞ dollarına bərabər olub.
Üçüncü mühüm sahə nəqliyyat və logistika potensialının gücləndirilməsidir. Azərbaycan coğrafi mövqeyindən istifadə edərək tranzit ölkəyə çevrilməyə çalışır. Bu kontekstdə Orta Dəhliz layihəsi və regionlararası ticarət marşrutları xüsusi əhəmiyyət kəsb edir. Digər bir istiqamət “yaşıl enerji” və alternativ mənbələrin inkişafıdır.
Ölkə günəş və külək enerjisi layihələrinə investisiyaları artırır və uzunmüddətli perspektivdə enerji ixracının strukturunu dəyişdirməyi hədəfləyir. Bundan əlavə, dövlət büdcə siyasətində də dəyişikliklər edilir. Neft gəlirlərinin birbaşa xərclənməsi əvəzinə, onların bir hissəsi Azərbaycan Dövlət Neft Fondu vasitəsilə idarə olunur və daha dayanıqlı maliyyə modeli qurulmağa çalışılır.
Musa BAĞIRLI
XQ

