WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək

post-img

Mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsiz və səmərəli idarə olunmasını təmin etmək məqsədilə müəyyən olunmuş marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək.

Bununla əlaqədar, WUF13 Azərbaycan Əməliyyat Şirkəti və aidiyyəti qurumların birgə təşkilatçılığı ilə həyata keçiriləcək monitorinq çərçivəsində aprelin 11-dən 12-nə keçən gecə saat 01:30 – 03:30 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində hərəkətin müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulur.

WUF13 Azərbaycan Əməliyyat Şirkətindən XQ-yə bildirilib ki, Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismən Heydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseyn küçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyeva küçəsi, eləcə də tədbir məkanı olan Bakı Olimpiya Stadionu istiqamətlərini əhatə edəcək.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstərilən vaxtda hərəkətlərini əvvəlcədən planlaşdırmaq, həmin istiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaq və alternativ yollardan istifadə etmək xahiş olunur.

Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər mərkəzi istiqamətlərində hərəkət edən ekspress avtobus marşrutu fəaliyyətinə normal qaydada, maneəsiz davam edəcək.

Qeyd edək ki, WUF13 öncəsi keçirilən nəqliyyat vasitələrinin hərəkətinin monitorinqi son on ildə Azərbaycanda keçirilən bir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunub və uğurla həyata keçirilib.

Sosial həyat