Gədəbəy Rayon İcra Hakimiyyətinin və “Respublika Qan Bankı” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində talassemiya və hemofiliya xəstələrinə dəstək məqsədilə könüllü qanvermə aksiyası keçirilib.
Aksiya cəmiyyətdə həmrəyliyin, mərhəmətin və sosial məsuliyyətin təbliği baxımından xüsusi əhəmiyyət daşıyıb. Tədbirin əsas məqsədi qan ehtiyacı olan talassemiya və hemofiliya xəstələrinə yardım göstərmək, eyni zamanda insanları könüllü donor olmağa təşviq etmək olub.
Qanvermə aksiyasında ilk nümunəni Gədəbəy Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları göstəriblər. Onlar könüllü şəkildə qan verərək aksiyaya qoşulub, bu xeyirxah təşəbbüsə öz dəstəklərini ifadə ediblər. İcra hakimiyyəti əməkdaşlarının bu addımı digər iştirakçılar üçün də nümunə olub, aksiyanın daha yüksək əhval-ruhiyyə ilə keçməsinə töhfə verib.
Tədbir zamanı donor olmaq üçün müraciət edən vətəndaşlar əvvəlcə həkim nəzarətindən keçiblər, onların sağlamlıq vəziyyəti yoxlanılıb, daha sonra qanvermə prosesi tibbi qaydalara uyğun şəkildə həyata keçirilib. Aksiyanın təşkili zamanı bütün təhlükəsizlik və gigiyena qaydalarına ciddi əməl olunub.
Belə aksiyalar bir daha göstərir ki, cəmiyyətimizdə ehtiyacı olan insanlara dəstək göstərmək, onlara ümid olmaq kimi dəyərlər daim yüksək tutulur. Könüllü qanvermə aksiyası da məhz bu baxımdan xeyirxahlığın, humanizmin və birlik ruhunun bariz nümunəsi olub.
Keçirilən aksiya iştirakçılar tərəfindən də böyük rəğbətlə qarşılanıb və bu cür sosial əhəmiyyətli tədbirlərin gələcəkdə də davam etdirilməsinin vacibliyi vurğulanıb.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri









