Ulu öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Azərbaycanımızın paytaxtında olduğu kimi, bölgələrimizdə də böyük sevgi və məhəbbətlə qeyd olunur. Xalqımız dahi siyasətçiyə olan dərin hörmət və ehtiramını tarix durduqca yaşadacaq. Bu, bir reallıqdır ki, Ümummilli liderin titanik səyləri ilə ölkəmizin yüksək inkişaf və tərəqqisinin möhkəm bünövrəsi qoyulub. Bu gün isə Azərbaycan xalqı Prezident İlham Əliyevin müdrik liderliyi ilə öz tarixinin ən xoşbəxt dövrünü yaşayır. Bunu Ulu öndərin növbəti ad günü lilə bağlı bölgələrdə keçirilən rəngarəng tədbirlər bir daha sübut edir. Onlardan bir neçəsi barədə xəbərləri oxuculara təqdim edirik.
Tərtər
Tərtərdə “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktik konfrans keçirilib.
Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Tərtər-Ağdərə rayonları üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə Ulu öndərin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Sonra rayon mədəniyyət evinin foyesində Ümummilli liderə həsr olunmuş foto və kitab sərgisinə baxış olub.
Konfransda çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon prokuroru Əli Qurbanov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov və başqaları ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətindən, dahi rəhbərin fədakar əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarının yaradılmasından, respublikamızın dünya məkanında öz layiqli yerini tutmasından, Azərbaycan Respublikasının Konstitusiyasının yaranmasından və bu istiqamətdə Ümummilli liderin tarixi xidmətlərindən bəhs ediblər.
Qazax
Qazax Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “ümummilli lider Heydər Əliyev müstəqil, suveren, demokratik, hüquqi dövlətin Azərbaycan modelinin müəllifidir” adlı elmi-praktik konfrans keçirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin dünəni, bugünü və sabahıdır. Heydər Əliyev zamanında dünyada sülhün carçısı imicini qazanmış, əmin-amanlığın qarantına çevrilmiş dahi bir şəxsiyyətdir. Tarix ümummilli lider Heydər Əliyevi XXI əsrin əvvəlində tərəqqi edən Azərbaycanın təməlini qoymuş şəxs kimi yaddaşında əbədi yaşadacaq. Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən müdrik və uzaqgörən siyasət nəticəsində müasir müstəqil Azərbaycan dövləti möhkəmləndi. Dövlətimiz dahi liderinin rəhbərliyi altında tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu.
Ağdaş
Ağdaşda ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə ədəbi-bədii tədbir keçirilib. Ağdaş Rayon İcra Hakimiyyətinin dəstəyi və Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutan “Səssiz xatirələr” adlı bədii-poetik kompozisiya rayon sakinlərinə təqdim edilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca dahi siyasətçi Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Gecənin bədii hissəsində Ulu öndərin zəngin və mənalı həyat yolunu, Azərbaycanın müstəqil dövlət kimi formalaşmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində, xalqımızın rifahı və müasir Azərbaycanın qurulmasında göstərdiyi misilsiz xidmətlərini əks etdirən sənədli film nümayiş olunub. Filmdə Heydər Əliyevin xalqına bağlılığı, uzaqgörən siyasəti və quruculuq fəaliyyəti geniş işıqlandırılıb.
Şamaxı
Şamaxıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş toplantı keçirilib. Şamaxı Mədəniyyət Mərkəzində keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Əbədiyyətin ilk əsri” adlı film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ümummilli lider Heydər Əliyevin ölkənin ictimai-siyasi və iqtisadi həyatında açdığı yeni mərhələdən danışıb, onun siyasi kursunun bu gün də uğurla davam etdirildiyini vurğulayıb.
Milli Məclisin deputatı Tamam Cəfərova çıxışında dahi rəhbər Heydər Əliyevin dövlətçilik ənənələrinin əhəmiyyətindən, xüsusən bölgələrin sosial-iqtisadi inkişafında oynadığı roldan bəhs edib.
Mərasim iştirakçıları dahi rəhbərin parlaq ideyalarının bu gün də dövlətimizin inkişafına yol göstərdiyini, Azərbaycan xalqının Ulu öndərin əziz xatirəsini daim uca tutduğunu bildiriblər.
Xocalı
Xocalı şəhərində Qarabağ Regional Təhsil İdarəsinin və Qarabağ Universitetinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr edilmiş “Ümummilli Lider: Konstitusiyamızın müəllifi, suverenliyimizin banisi” mövzusunda mərasim keçirilib.
Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə baş tutan tədbirdə çıxış edən Qarabağ Universitetinin rektoru Şahin Bayramov ümummilli lider Heydər Əliyevin təhsil sahəsində həyata keçirdiyi mühüm islahatlara diqqət çəkib.
Qarabağ Regional Təhsil İdarəsinin təşkilat sektorunun müdiri Dəyanət Fərzəliyev və digər natiqlər çıxışlarında Ulu öndərin təhsil sahəsində müəyyənləşdirdiyi strateji hədəflərin bu gün də davam etdirildiyini vurğulayıb.
Çıxışlardan sonra “Tarixə çevrilən ömür” adlı videoçarx nümayiş olunub. Tədbirin bədii hissəsində tələbələr və şagirdlər Ulu öndərə həsr olunmuş şeir və musiqi nömrələri təqdim ediblər.
Hazırladı:
Məsaim ABDULLAYEV
XQ