Baburi şahzadəsi Xürrəm sultan Şahcahanın Səfəvi şahzadəsi Qəndəhari bəyimlə tale ortaqlığı

post-img

III yazı

Səfəvi – Böyük Moğol münasibətləri

Səfəvi – Böyük Moğol (Baburilər Dövləti) münasibətləri XVI əsrin əvvəlindən başlayaraq XVII əsrə qədər davam edib, əməkdaşlıq daha çox sülh və dostluq əlaqələrinə əsaslanıb. O dövrdə Böyük Moğol imperatoru Babur və Səfəvilər dövlətinin banisi və ilk şahı Şah İsmayıl ortaq düşmənlərinə qarşı birgə mübarizə aparıblar. Məhz Səfəvilərin də köməyi ilə 1512–1513-cü illərdə Buxara və Səmərqənd geri qaytarılıb.

Səfəvilər dövlətindən Böyük Moğol İmperiyasına gedən çoxlu Azərbaycan türkü mühüm vəzifələr tutub. Moğol hökmdarları, vəzirlər, şahzadələr, orduda vəzifə tutan hərbçilər, əyanlar həm də Səfəvi qızları ilə evlənməyə üstünlük verib. Bunun siyasi mənası da vardı, belə ki, belə qohumluq əlaqələri Moğollarla Səfəviləri daha da yaxınlaşdırırdı. Moğol İmperiyasının himayə etdiyi şairlər, rəssamlar, alimlər arasında Azərbaycan türkləri də az olmayıb. Qəndəharın böyük ticarət əhəmiyyəti olduğundan şəhər zaman-zaman Səfəvilər və Moğollar tərəfindən əldən-ələ keçib. Hər il Hindistandan təxminən 14 min dəvə bu şəhərdən keçərək Səfəvi dövlətinə müxtəlif mallar aparıb və dəvə karvanlarının bu ərazidən keçməsi hər il Qəndəhara 40 min tümən gəlir gətirib. Bu səbəbdən Qəndəhar şəhərinə maraq güclü olub.

Səfəvi şahzadəsi Qəndəhari bəyim (Qəndəhari Mahal kimi də tanınıb)1593-cu ildə o zaman Səfəvi İmperiyasına tabe olan Qəndəhar şəhərinin hakimi Sultan Müzəffər Hüseyn mirzə Səfəvinin ailəsində anadan olub. Sultan müzəffər Hüseyn mirzə Səfəvi sülaləsindən ilk şah olan I İsmayılın nəvəsi, Bəhram mirzənin oğlu idi. Qəndəhari bəyim həm də Şah I Abbasın və Şah II Abbasın qohumu, onlarla eyni şahlıq sülaləsinə mənsub idi.

Qəndəhari bəyim Böyük Moğol İmperiyasında şahzadə Şahabiddin Məhəmməd Xürrəmin (imperator olduqdan sonra Sultan Şahcahanın) birinci arvadı və onun ilk övladı olan Şahzadə Parhez Banu bəyimin anası idi.

O dövrdə Qəndəhari bəyimin atası Sultan Müzəffər Hüseyn mirzənin hakim olduğu Qəndəhara göz dikənlər çox idi. Hücumların qarşısını almaq üçün kifayət qədər gücü olmayan Sultan Müzəffər Hüseyn mirzə Moğollara təslim olmaq qərarına gəlir. O yandan da uzun müddət Qəndəharı ələ keçirmək üçün fürsət gözləyən Moğol hökmdarı Əkbər şah Banqaş hakimi Şah bəy Xan Arqunu Qəndəharın üzərinə göndərir. Müzəffər mirzə müqavimət göstərsə də, hiylə işlətsə də, Şah bəy Xan Arqunun sərkərdə kimi ağıllı strateji addımlar atması sayəsində Sultan Müzəffər Hüseyn mirzə şəhəri təhvil verməyə məcbur olur. 1595-ci ildə Sultan Müzəffər Hüseyn mirzə Qəndəhardan çıxarkən minə yaxın Qızılbaş əsgərini, qardaşları Bəhram mirzə, Heydər mirzə, Əlqas Mirzə və Təhmasib mirzəni və qızı Qəndəhari bəyimi özü ilə bərabər Hindistana aparır.

Böyük Moğol imperatoru Əkbər şah Sultan Müzəffər Hüseyn mirzəni hörmətlə qəbul edir, ona fərzənd (oğul) titulu verir və Moğolların beş min nəfərlik döyüşçüsünün komandanı təyin edir, həmçinin Qəndəhardan daha zəngin olan Sambhalı ona cagir olaraq bağışlayır.

Müzəffər mirzənin gənc qardaşı Rüstəm mirzə də Əkbər şahın hakimiyyəti altındakı torpaqlara köçür. O, Cahangir şahın hakimiyyəti dövründə daha böyük vəzifələr tutur.

Sultan Müzəffər Hüseyn mirzə Hindistandakı yeni həyata öyrəşə bilmir, Səfəvi imperiyasına, bəzən də Məkkəyə getmək istəyində olur. Kədər, məyusluq, aldığı fiziki və mənəvi zərbələr qalib gəlir və son arzularını həyata keçirə bilməyən Sultan Müzəffər Hüseyn mirzə 1603-cü ildə vəfat edir.

Türbəsi Dehlidəki Hümayun türbəsinin şimalında, hazırda “Bharat Scouts & Guides Delhi Jamboree” bölgəsi olan bağ kompleksindəki xarabalıqlar arasındadır.

Şahzadə Xürrəmin Qəndəhari bəyimlə nigahı

1594-cü ildə Qəndəharın Moğollar tərəfindən alınması ilə bağlı Səfəvilərlə Moğollar arasında münasibətlər düşmənçilik səviyyəsinə çatmasa da, qarşıdurma yaranmışdı. O dövrdə Aqra (Moğollar) və İsfahan (Səfəvilər) arasında düşmənçilik elan edilməsi heç bir tərəfin mənafeyinə uyğun deyildi. Qarşıdurma çox ehtimal ki, I Şah Abbası Dekandakı şiə müttəfiq dövlətlərə silah, döyüşçü və pul göndərməyə təhrik edə bilərdi ki, bu da Moğolların maraq dairəsində deyildi. Nigah diplomatiyası yolu ilə münasibətləri düzəltmək, Moğolların hakim sülaləsi ilə Səfəvilərin hakim sülaləsi arasında qohumluq əlaqələrini daha da möhkəmləndirmək, öz qanlarını Səfəvilərin qanına qatmağa çox can atırdılar. Qəndəharın tutulmasından sonra isə bu məsələ daha da aktuallaşır və siyasi baxımdan məqsədyönlü bir evlilik bu incikliyin qarşısını ala bilərdi. Bu zaman Cahangirin böyük oğlu Xosrov mirzə zindanda, Pərviz cənub cəbhəsində olduğu üçün üçüncü oğlu Şahzadə Məhəmməd Xürrəmin üzərində dayanmalı olurlar.

Şahzadə Şahabiddin Məhəmməd Xürrəm atası Cahangirin təklifini rədd edə bilməzdi, bu, məqsədli bir evlililk, Moğollarla Səfəvilər arasında incikliyi aradan götürmək üçün strateji və diplomatik bir addım idi. O biri yandan isə Şahzadə Xürrəm Səfəvi Dövlətindən bu torpaqlara gələn, Sultan Cahangirin vəziri Əbülhəsən Asəf xanın qızı Ərcümənd Banu bəyimlə uzun illər nişanlı idi. Bununla belə on səkkiz yaşlı Şahzadə Xürrəm dövlətlərarası münasibətləri düzəltmək, əlaqələri nizamlamaq üçün gənc Səfəvi qızı Qəndəhari bəyimlə evlənməyə razı olur.

Şahzadə Xürrəm və Qəndəhari bəyimin toyu

Moğol sarayının salnaməçisi və bioqrafı nişan mərasimi haqda ətraflı məlumat verir. Sultan Cahangir 1609-cu il dekabrın 12-də Qəndəhari bəyimin atası Sultan Müzəffər Hüseyn mirzə Səfəvinin evinə başlıq kimi əlli min rupi göndərir. Sultan Cahangir öz tüzüklərində yazır: “Əvvəllər Qəndəhar hakimi olmuş Sultan Hüseyn mirzənin oğlu Müzəffər Hüseyn mirzənin qızını öz oğlum Şahzadə Xürrəmə nişanladım. Bunun üzərinə nigah məclisi quruldu, mən Baba Xürrəmin evinə getdim və gecəni orada keçirdim”.

Qəndəhari bəyim və Şahzadə Xürrəmin toyu 1610-cu il noyabrın 8-də Aqrada olur. Şahzadə Xürrəmin rəsmi tərcümeyi-halını yazan Məhəmməd Əmin Qəzvini toy mərasimini belə təsvir edib: “Şənlik məclisi ənənəvi olaraq hakim imperatorun dul anasının istifadəsinə verilən, Dövlət evinə bitişik Aqra qalasının qalın divarları arasında yerləşən, gözəl bəzədilmiş sarayda təşkil edilmişdi. Münəccimlər münasib bir saatda nigahın kəsilməsini təmin etdilər”.

Şahzadə Parhez Banu bəyim

1611-ci il avqustun 21-də Aqrada Şahzadə Xürrəmin və Qəndəhari bəyimin qız övladı dünyaya gəlib, bu, Şahzadə Xürrəmin böyük, Qəndəhari bəyimin yeganə övladı idi. Körpənin ata babası Sultan Cahangir körpəyə Parhez Banu bəyim adını verib ki, bu da “qənaətkar şahzadə” deməkdir.

Parhez Banu bəyimin atası Sultan Şahcahan qızını çox sevirdi. Buna baxmayaraq, Böyük Moğol İmperiyasının imperatoru Cahangir Şahın vəziri, Səfəvilərdən olan Əbülhəsən Asəf xanın qızı, beş il nişanlı qaldığı Ərcümənd Banu Bəyimlə (Mümtaz Mahal) evlənməyi qərara alır. (Bu haqda növbəti yazıda söhbət açılacaq – Q.K.)

Bu evlilik Qəndəhari bəyimə zərbə olur, özünə qapanır, fikrini və kədərini öz adına “Qəndəhari bağı” saldırmaqla, bağın qərb hissəsində bir minarəli, üç tağlı məscid tikdirməklə dağıdır, gənckən qocalır, qızı Parhez Banu bəyimlə belə az maraqlanır. Qəndəhari bəyim gününü həmin bağda və məsciddə ibadət etməklə keçirir, təxminən 1628-ci ildə 35 yaşında Aqrada dünyasını dəyişir, sağlığında tikdirdiyi “Qəndəhari bağı”nda dəfn olunur, hansı səbəbdən ölməsi haqqında mənbələrdə müfəssəl məlumat verilmir.

Parhez Banu bəyimi Moğol imperatoru Əkbər şahın ilk arvadı Rüqəyya Sultan bəyim böyüdüb. Onu da demək yerinə düşər ki, Sultan Şahcahanı da 13 yaşına qədər Rüqəyya Sultan bəyim böyütmüşdü.

Şahcahan ölüm yatağında olarkən Mümtaz Mahaldan olan böyük qızı Cahanaradan Parhez Banu bəyimə göz-qulaq olmağı tapşırıb.

Parhez Banu bəyim 1675-ci il oktyabrın 19-da Dehlidə 64 yaşında vəfat edib, o da anası kimi sağlığında tikdirdiyi bağda dəfn olunub.

İndiki zamanda “Qəndəhari bağı” adlanan məkandan əsər-əlamət qalmayıb, kompleksdə müasir binaların tikintisi ilə bağlı kərpic karxanası kimi istifadə edilib, o məkanda Qəndəhari bəyimin məzarı artıq yoxdur. “Qəndəhari Bağı”nın bir qapısı və bir neçə künc tikilisi günümüzə qədər salamat qalıb. Qəndəhari bəyimin məzarı üzərindəki türbə isə 1707-ci ildə Sultan Övrəngzibin (Aləmgir) ölümündən sonra baş verən anarxiya dövründə dağıdılıb.

1628-ci ildən sonra Şahabiddin Məhəmməd Xürrəm Böyük Moğol imperatoru olduqdan sonra Şahcahan adını alır və onun hakimiyyəti 1658-ci ilədək davam edir.

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd





Sosial həyat