Ağstafada “Dövlətin qadın və uşaq portreti” mövzusunda tədbir keçirilib

post-img

Ağstafada Heydər Əliyev Mərkəzində “Dövlətin qadın və uşaq portreti” mövzusunda tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Mərkəzin foyesində məktəblilərin çəkdikləri rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.

Akt zalında davam etdirilən tədbirdə Dövlət Himnimiz səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Seymur Orucov bildirib ki, Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkili məsələsi Ulu Öndər Heydər Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılıb. “Ümummilli Liderimizin hələ 1969-cu ildə hakimiyyətə gəldiyi dövrə nəzər salsaq, dövlət strukturlarına, məsuliyyətli ictimai işlərə qadınların irəli çəkildiyini görə bilərik. Bu mənada 1993-cü ildən sonrakı dövrdə də ölkəmizdə qadınlarımızın aktiv fəaliyyəti hər zaman diqqət mərkəzində olub. Ölkəmizdə dövlət-qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsinə qaldırılmasının məhz Ulu Öndərin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. O, qadınların idarəetmə, qərarqəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini vacib sayırdı.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək ölkədə uşaq və gənclərə göstərilən diqqət və qayğıdan, bu istiqamətdə həyata keçirilən digər tədbirlərdən danışıb. Bildirib ki, Prezident İlham Əliyev uşaqların sağlam və gümrah böyümələri üçün hər bir şərait yaratmışdır. Müstəqil respublikamızda cəmiyyətin böyük bir hissəsini təşkil edən uşaqların yaşamaq, təhsil, sağlamlıq və başqa hüquqlarının təmin edilməsi tamamilə yeni istiqamətdə həyata keçirilir. Uşaqların təlim-tərbiyəsi sahəsində dünya təcrübəsi öyrənilir və tətbiq olunur.

Tədbirin sonunda mədəniyyət və incəsənət nümayəndələrinin, şagirdlərin təqdimatında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

















Sosial həyat