İran və Avropa ölkələri - Böyük Britaniya, Fransa və Almaniyanın nümayəndə heyətləri cümə günü, iyulun 25-də İranın İstanbuldakı baş konsulluğunda nüvə müzakirələrinin ikinci raundu üçün toplaşıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, jurnalistlər nümayəndə heyətlərini daşıyan avtomobillərin konsulluğun binasına daxil olduğunu bildiriblər. Müzakirələr bağlı qapılar arxasında aparılır.
Danışıqlarda İranı xarici işlər nazirinin müavinləri səviyyəsində Məcid Təxt-Rəvançi və Kazem Qaribabadi təmsil edirlər. Rəsmi Tehran 2015-ci il nüvə sazişini imzalayan avropalıların tələbi ilə danışıqları bərpa etməyə razılıq verib.
Böyük Britaniya, Fransa və Almaniyadan ibarət E3 qrupu daha əvvəl xarici işlər nazirlərinin müavinləri səviyyəsində danışıqlar üçün mayın 16-da İstanbulda İran rəsmiləri ilə görüşmüşdü.
Tərəflər İran ilə ABŞ arasında davam edən dolayı danışıqlara paralel olaraq dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
İyunun 13-də İsrailin İrana hücumundan sonra həm ABŞ-İran müzakirələri, həm də Avropa ölkələri ilə daha geniş formatda danışıqlar prosesi dayandırılıb.