Bir dön kəndin yoluna bax...

post-img

Söhbət Xaçmazın Həsənqala kəndindən gedir

Abad kənd yolundan tanınar, – deyiblər. Xaçmazın Həsənqala kəndi abad olsa da bu sözü onun yolu barədə demək olmur. Sakinləri illərdən bəridir ki, magistral xətdən ayrılan yolun dağılıb bərbad vəziyyətə düşməsindən əziyyət çəkirlər. 600-dən çox ailə təsərrüfatı, geniş əkin-biçin fəaliyyəti olan kəndə aparan  yolun asfalt örtüyü sıradan çıxıb, maşınların normal və rahat hərəkətinə imkan vermir. Bu azmış kimi, kəndə elektrik verilişi dirəkləri də sıradan çıxıb, təhlükə və qəzalar törədir. 

Həsənqalalılar problemi dəfələrlə ra yon rəhbərliyinin diqqətinə çatdırıblar. Hətta 2024-cü ilin parlament seçkiləri zamanı kənddə əhali ilə görüş keçirən rayon rəhbərləri yaranmış vəziyyəti öz gözləri ilə görüblər.  Bu görüşdə sakinlər kəndə gələn yolun bərbadlığını və orta məktəb binasının əsaslı təmirə ehtiyacı olduğunu rayon rəhbərliyinin nəzərinə çatdırıblar. Aradan aylar keçməsinə baxmayaraq, verilən vəddən bir səs-soraq yoxdur. Gözləri yollarda, qulaqları səsdə olan sakinlər çıxış yolunu “Xalq qəzeti”nə məktub yazıb verilən vədi rayon rəhbərliyinə xatırlatmaqda görüblər. Məktubu imzalayanlar arasında Vətən yolunda qurban vermiş şəhid ailələri, diqqət və qayğıya haqlı ehtiyacı olan qazilər də var. Onlar yazırlar ki, sonuncu dəfə 37 il əvvəl – 1988-ci ildə əsaslı təmir olunan, asfalt döşənən kəndin yolu indi tamamilə  yararsız hala düşüb. Yerli sürücülər bu yolda avtomobillərin sürətlə sıradan çıxdığını söyləyirlər. Xaçmaz və Xudatın taksi sürücüləri isə Həsənqalaya müştəri aparmağı xatalı, faydasız iş hesab edib yaxalarını kənara çəkirlər. Payız-qış aylarında kəndə gələn yollarda nəinki nəqliyyatın hərəkəti, piyadaların gediş-gəlişi də müşkülə dönür.

Məktubda qeyd edilir ki, Azərbaycan hökumətinin bu gün işğaldan azad olunmuş Qarabağa, Qərbi Azərbaycana Böyük Qayıdış kimi nəhəng, ümummilli layihələrin icrası ilə mütəmadi məşğul olduğu onlara yaxşı məlumdur. Aydın məsələdir ki, ilk növbədə, bu bölgələrin yolları çəkilməli, problemləri həll edilməlidir. Bunlar  böyük maliyyə vəsaiti tələb edən işlərdir. Elə buna görə də Həsənqala kimi bir kəndin kilometryarımlıq yolunu yerli imkanlar hesabına da təmir etmək mümkündür. Bunun üçün xeyriyyəçiləri işə cəlb etmək, yerli fermer və iş adamlarının yardımından yararlanmaq olar. Bu baxımdan imkanlı iş adamları, sahibkarları ilə tanınan rayonlarından biridir. Şübhəsiz, onlar rayon rəhbərliyinin müraciətini cavabsız qoymazlar.

Məktubda daha sonra deyilir ki, son 10–15 ildə yerli bələdiyyə kənd sakinlə rinin köməyindən də istifadə etməklə bir neçə dəfə yolun çox dağılmış hissələrinə çınqıl töküb. Lakin bu, vəziyyəti o qədər də dəyişməyib.

Həsənqalalıların məktubu ilə bağlı bil dirək ki, kənd yolu təkcə sakinlərin gündə lik gediş-gəlişi, ətraf aləmlə rahat əlaqəsi deyil, həm də sosial-iqtisadi inkişaf amili dir. Rahat yol olmadan nə turizmi, nə də kənd təsərrüfatını inkişaf etdirmək mümkündür. Yeri gəlmişkən, Həsənqala kəndi gözdən-könüldən iraq, ucqar dağ kəndi deyil. Kənd dünyaca məşhur, yay mövsü mündə minlərlə xarici turistin üz tutduğu Nabran istirahət zonasına aparan magist ralın düz üstündə yerləşir. Yəni, göz qaba ğında olan ərazidir. 

Görünən odur ki, bəzi kənd yollarının mövcud durumu və onların təmiri yerli məmurları o qədər də narahat etmir. Elə buna görə də Həsənqala sakinləri məktub da xatırladırlar: “Prezident İlham Əliyev bir il əvvəl hökumətin iclasında “regionlarda daha çox kəndin yeni yollarla təmin ediləcəyini, bu prosesin bir dənə də təmirsiz və yaxşı vəziyyətdə olmayan kənd yolu qalmayanadək davam edəcəyini” dedi.

Həsənqala sakinlərinin göndərdikləri fotoşəkilləri yazıya əlavə etməklə ümid edirik ki, redaksiyamızın nəzarətdə saxladığı bu ürəkağrıdan vəziyyət tezliklə kökündən dəyişəcək. Redaksiyamız isə kəndə çəkilmiş yolun istifadəyə verilməsindən hazırladığı materialla oxucularımızı məlumatlandıracaq.

İmran BƏDİRXANLI

XQ

 

 

Sosial həyat