Türkiyədə keçirilən Əməyin Mühafizəsi və Təhlükəsizliyi Həftəsində Azərbaycanın əmək sahəsindəki təcrübəsi müzakirə olunub

post-img

Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin təşkilatçılığı ilə qardaş ölkənin Kayseri şəhərində 38-ci Əməyin Mühafizəsi və Təhlükəsizliyi Həftəsi keçirilir.

Nazirlikdən bildirilib ki, tədbirin əsas məqsədi əməyin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ictimai məlumatlılığın artırılması, xüsusilə uşaqlar və gənclər arasında maarifləndirmənin gücləndirilməsidir.  

Həftə çərçivəsində təşkil olunan “Rəqəmsal dövrdə əməyin təhlükəsizliyi və mühafizəsi: örnək təcrübə nümunələri” mövzusuna həsr olunmuş panel müzakirəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev də iştirak edib.

Panel zamanı Vəli Quliyev ölkəmizdə əmək münasibətləri, o cümlədən əməyin mühafizəsi sahəsində həyata keçirilən islahatlar barədə geniş məlumat verib. O, Azərbaycanda əmək münasibətlərinin rəqəmsallaşdırılması istiqamətində əldə olunan mühüm nailiyyətləri, əmək müqavilələrinin elektronlaşdırıldığını, əmək hüquqlarının qorunması, habelə əməyin mühafizəsi üzrə rəqəmsal nəzarət sistemlərinin qurulduğunu qeyd edib.

Bildirib ki, bu sistemlər işəgötürənlərə və işçilərə risklərin əvvəlcədən qiymətləndirilməsi və onların qarşısının alınması imkanlarını yaradır. Bu isə əmək hüquqlarının qorunmasına və profilaktik tədbirlərin gücləndirilməsinə töhfə verir.

Çıxışında süni intellektin yaratdığı yeni çağırışlara da toxunan Xidmət rəisi vurğulayıb ki, bu texnologiyaların tətbiqi nəticəsində yaranan risklərin idarə olunması məqsədilə rəqəmsal həllər hazırlanır. Əsas məqsəd iş yerlərində təhlükəsizliyin artırılması və vətəndaşların dövlət xidmətlərinə opeartiv və asan müraciət edə bilməsidir.

Tədbir çərçivəsində interaktiv fəaliyyət zonaları, təlimlər, teatr tamaşaları və səhnə çıxışları da təşkil olunub, uşaqlar və gənclərin iştirakı ilə təhlükəsiz əmək mühitinin əhəmiyyəti praktiki formada təqdim edilib.







Sosial həyat