Milli kinomuzun qazancı və itkisi

post-img

Görkəmli kino aktyoru, bədii filmlərimizdə rəngarəng obrazlar, monumental xarakterlər yaratmış sənətkar, milli kinematoqrafiyamızın inkişafına və zənginləşməsinə dəyərli töhfələr vermiş incəsənət xadimi Rasim Balayevin əbədiyyətə qovuşması Azərbaycan mədəniyyətinin növbəti ağır itkisi kimi xalqımızı dərindən kədərləndirdi. O, sənətdə ölməzliyi çoxdan qazanmışdı. Biz isə kino sənətimizin taleyini həyat amalına çevirmiş bir insanı itirməklə onun verə biləcəyi növbəti töhfələri itirdik.

Tariximizin şöhrət və öyünc ünvanları olmuş Babəkə, Beyrəyə, Nəsimiyə, Fətəliyə, Cavidə sənət ömrü qazandırmış istedadlı aktyor özü də bu ucalıqda qalmaq üçün onlara bənzəməyə çalışmış, bununla xalqın sevgisini qazanmış, ürəklərdə yuva qurmuşdu. Bu qazanc bizimlə qaldı, bizə daim mənəvi zənginlik gətirəcək.

Martın 30-da sənətsevərlərin qəlbində “canlı əfsanə”yə çevrilmiş Xalq artist, Rasim Balayevi dərin hüznlə son mənzilə – əbədiyyətə yola salanların gur izdihamı, sanki, bir rekvyemə çevrilib deyirdi: “Sən hələ sağlığında sənətdə özünə heykəl qoymuşan. Haqq dünyasında isə obrazlarını yaratdığın dahilərimizlə, qəhrəmanlarımızla bir yerdə olacaqsan. Bu ləyaqət və salahiyyəti sən öz sənətinlə, zəhmətinlə qazanmısan. Ulu Yaradanın dərgahında da mərtəbən uca, ruhun şad olacaq. Bu gün bu hüzn ümmanı ümumi bir duaya dönüb sənə rəhmət diləyir, sevimli sənətkara cənnətməkan olmağı arzulayır”.

Milli kinomuzun inkişafında müstəsna xidmətlər göstərmiş Xalq artisti, “İstiqlal” ordenli Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” filmində kiçik bir rol alıb. Ardınca “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” filmlərində epizodik rolları canlandırıb.

Lakin fitri istedadı, zəhməti, inadkarlığı onu daha geniş üfüqlərə çəkib aparıb. Beləliklə, Rasim Balayev uzaq meridianlara belə səs salan “Babək”, “Nəsimi”, “Dədə Qorqud” kimi filmlərdə baş rollara çəkilib. Görkəmli sənətkar “Özbəkfilm”, “Mosfilm” və başqa studiyaların da diqqətini çəkib, ona dünya kinosuna layiq rolları canlandırmağı həvalə ediblər.

Rasim müəllim gözəl ailə başçısı, səmimi dost, yaradıcı kollektivdə həssas və qayğıkeş rəhbər idi. O, hər kəslə öz dilində danışmağı bacarırdı. Əməkdaşları dinləməyi, istəklərini qədərincə cavablandırmağı həyat tərzinə çevirmişdi. Həyatda və yaradıcılıqda son dərcə ciddi olan Rasim Balayev ünsiyyətdə yumoru, zarafatı, isti münasibəti üstün tuturdu, insanlara ürəyindəkiləri dilə gətirməyə imkan verirdi. Yubileylərdə, bayramlarda düzənlənən məclislər doğmalıq ocağına dönürdü. Bütün bunlar unudulmaz, xoş xatirələrə çevrilib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi, Xalq artisti Şəfiqə xanım Məmmədova:

– Rasim İstanbula müayinəyə getmişdi. Tez-tez xəbər tuturduq. Onun sağ-salamat qayıtmağını gözləyirdik. Elə bil, yuxu görürük. İllərin dostu idik, eyni filmlərə çəkilmişdik. Sədaqətli, əxlaqi dəyərləri hər şeydən üstün tutan insan idi. Belə adamlar əsrdə bir dəfə doğulur, ya doğulmur. Kinomuza ağır itki oldu. Heyif səndən, Rasim, yerin behişt olsun!

Azərbaycan Kinematoqrafçılar İttifaqının icraçı katibi Əli İsa Cabbarov:

– Rasim müəllim əsl dost, saf ürəkli, bacarıqlı rəhbər idi. O, bizə inanır, hamını ətrafında toplaya bilirdi. Biz də həmişə onun başını uca etməyə çalışırdıq. Qayğılarımızla, çətinliklərimizlə maraqlanırdı. Kinematoqrafçılar İttifaqının fəaliyyətini canlandırmağa çalışırdı. Yaşlı kino xadimlərinin hər diləyinə əlac edirdi.

Azərbaycan kinosunun gələcəyi də onu dərindən düşündürürdü. Yaxşı ideyaları var idi, əcəl imkan vermədi. Allah rəhmət eləsin, qəbri nurla dolsun!

Doğrudan da, Rasim müəllim gecə-gündüz kinomuzun taleyi ilə maraqlanır, gerilikdən çıxış yolları axtarırdı. C.Cabbarlı adına Kinostudiyanın dirçəldilməsi, yeni nəsil rejissorların yetişdirilməsi, ssenarist hazırlığı və digər məsələlər onu ciddi narahat edirdi. Bütün bunların gerçəkləşdirilməsi onun xarirəsinə töhfə olardı.

Milli kinomuzun Rasim Balayev əfsanəsi əbədiyyətə yön almaqla ölməzliyə qovuşdu.

Allah rəhmət eləsin!

Akif CABBARLI,
Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktoru

Sosial həyat