Bölgələrdə müasir təhsil modeli

post-img

Azərbaycanın insan kapitalına əsaslanan inkişaf strategiyası

XXI əsrdə dövlətlərin rəqabəti gələcək nəsillərin dünyagörüşünün formalaşdığı mühitdə baş verir. Hər ölkənin təhsil siyasəti birbaşa strateji təhlükəsizlik və milli inkişaf məsələsinə çevrilib. Məhz bu kontekstdə Prezident İlham Əliyevin Şamaxıda Avropa liseyinin yeni binasının açılışında iştirakı geniş siyasi və inkişaf konsepsiyasının tərkib hissəsi kimi oxunmalıdır.

Azərbaycanın inkişaf modelində mərkəzlə regionlar arasında fərqlərin azaldılması artıq strateji xətt kimi formalaşıb. Ənənəvi olaraq bir çox ölkələrdə paytaxtın iqtisadi, sosial və intellektual baxımdan dominant mövqeyi regionları periferiya vəziyyətində saxlayır, nəticədə isə daxili miqrasiya artır, sosial bərabərsizlik dərinləşir və uzunmüddətli inkişaf potensialı məhdudlaşır. Azərbaycan isə klassik “paytaxt mərkəzçiliyi” modelindən uzaqlaşaraq daha balanslı coğrafi inkişaf konsepsiyasını önə çəkir.

Belə bir yanaşma imkanların, keyfiyyətin və perspektivlərin regionlara daşınmasını nəzərdə tutur. Şamaxı şəhərində müasir standartlara cavab verən Avropa liseyinin inşası da məhz bu siyasətin dərin mahiyyətini əks etdirir. Siyasi-analitik baxımdan bu cür layihələr dövlətin sosial müqavilə modelinin mühüm komponentidir. Yəni dövlət vətəndaşa yalnız inzibati idarəetmə deyil, eyni zamanda bərabər imkanlar təqdim edir. Təhsil kimi həssas və strateji sahədə bu balansın qorunması isə cəmiyyət daxilində sosial ədalət hissini gücləndirir və siyasi sabitliyi möhkəmləndirir. Regionlarda paytaxt səviyyəli təhsil imkanlarının yaradılması, əslində, mərkəzlə periferiya arasında psixoloji və sosial məsafəni də azaldır.

Digər tərəfdən, bu siyasət uzunmüddətli perspektivdə daxili miqrasiya dinamikasına da təsir göstərir. Əgər regionlarda keyfiyyətli təhsil, müasir infrastruktur və inkişaf perspektivləri formalaşırsa, bu, gənc ailələrin paytaxta axınının qarşısını qismən alır və ölkə daxilində daha balanslı demoqrafik və iqtisadi strukturun yaranmasına şərait yaradır.

Eyni zamanda, Avropa liseyi kimi layihələr Azərbaycanın təhsil siyasətində standartlaşdırma və keyfiyyət vahidliyinə doğru hərəkəti də göstərir. Yəni harada yaşamasından asılı olmayaraq, hər bir vətəndaşın oxşar keyfiyyətli təhsilalma imkanı əldə etməsi dövlətin əsas prioritetlərindən birinə çevrilir. Prezidentin təhsil sahəsinə yanaşmasını daha geniş siyasi və iqtisadi kontekstdə qiymətləndirdikdə burada əsas xəttin insan kapitalının formalaşdırılması strategiyası ilə bağlı olduğu aydın görünür. Qlobal iqtisadiyyat sürətlə bilik, texnologiya, innovasiya və rəqəmsal iqtisadiyyat üzərində qurulan yeni mərhələyə daxil olur. Belə bir şəraitdə isə ən böyük resurs yaxşı təhsil almış, texnoloji biliklərə malik və çevik düşünə bilən insan kapitalıdır.

Məhz bu baxımdan müasir məktəblərdə yaradılan laboratoriyalar, STEAM mərkəzləri, informatika otaqları və rəqəmsal tədris infrastrukturu ölkənin gələcək iqtisadi modelinin sosial bazasını formalaşdırır. Yəni bu gün məktəblərdə yaradılan texnoloji mühit sabah innovasiya iqtisadiyyatında çalışacaq mütəxəssislərin yetişməsi deməkdir. Başqa sözlə desək, təhsil sahəsinə qoyulan investisiyalar strateji iqtisadi investisiyalar kimi qiymətləndirilməlidir. Çünki bu investisiyaların nəticəsi illər sonra iqtisadi artım, texnoloji inkişaf, yeni sənaye sahələrinin yaranması və ölkənin intellektual potensialının güclənməsi şəklində ortaya çıxır. Məhz bu baxımdan təhsil siyasəti ilə iqtisadi inkişaf strategiyası arasında birbaşa əlaqə mövcuddur və bu əlaqə müasir dövlət idarəçiliyinin əsas elementlərindən birinə çevrilib.

Mövcud prosesdə Heydər Əliyev Fondunun rolu siyasi və institusional baxımdan diqqət çəkir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində yüzlərlə məktəbin tikilməsi göstərir ki, təhsil siyasəti daha geniş institusional mexanizm vasitəsilə reallaşdırılır. Belə bir modelin üstünlüyü ondan ibarətdir ki, sosial və təhsil layihələri daha operativ həyata keçirilir, regionları daha geniş əhatə edir və uzunmüddətli proqram xarakteri alır. Eyni zamanda, bu, sosial siyasətin institusional əsaslarının gücləndiyini göstərir. Yəni təhsil sahəsində aparılan islahatlar və infrastruktur layihələri sistemli və davamlı siyasət kimi həyata keçirilir.

Əslində, regionlarda sosial infrastrukturun – məktəblərin, xəstəxanaların, mədəniyyət və idman obyektlərinin qurulması dövlət siyasətinin mühüm legitimlik və sabitlik mexanizmlərindən hesab olunur. Müasir siyasi nəzəriyyələrdə dövlətin dayanıqlığı vətəndaşların dövlətin qayğısını real həyatlarında hiss etməsi ilə də ölçülür. Bu baxımdan da regionlarda müasir təhsil müəssisələrinin yaradılması dövlət-vətəndaş münasibətlərində etimadın institusional əsaslarını gücləndirir.

Xüsusilə təhsil sahəsi digər sosial sahələrdən fərqli olaraq uzunmüddətli siyasi təsirə malikdir. Çünki təhsilə qoyulan investisiya insan kapitalı vasitəsilə onilliklər boyu təsir göstərir. Təhsil səviyyəsinin yüksəlməsi, savadlı və peşəkar kadrların yetişməsi, sosial mobilliyin artması nəticə etibarilə cəmiyyətin sabitliyinə, orta təbəqənin formalaşmasına və dövlət institutlarına etimadın güclənməsinə gətirib çıxarır. Digər tərəfdən, “Avropa liseyi” konsepti Azərbaycanın təhsil modelinin beynəlxalq standartlara inteqrasiya prinsipi əsasında qurulduğunu göstərir. Yəni məqsəd qlobal bilik və əmək bazarında rəqabət aparmaq qabiliyyətinə malik yeni nəsil yetişdirməkdir. Regionlarda belə liseylərin yaradılması isə xüsusi əhəmiyyət daşıyır.

Son olaraq qeyd edək ki, Prezident İlham Əliyevin Şamaxıda Avropa liseyinin açılışında iştirakı Azərbaycanın inkişaf modelinin əsas istiqamətlərini göstərən simvolik və strateji addım kimi qiymətləndirilə bilər. Azərbaycanın inkişaf strategiyasında təhsil uzunmüddətli dövlət quruculuğunun, iqtisadi modernləşmənin və sosial sabitliyin əsas dayaqlarından biri kimi formalaşır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət