Siyasi Repressiya Qurbanları Muzeyi yaddaşlarda tufan qoparır
Dövlət Sərhəd Xidmətinin inzibati binası Bakıda, Zərifə Əliyeva, 76 ünvanında yerləşir. Giriş qapısının hər iki tərəfində üçrəngli bayrağımız qürurla dalğalanır. Ancaq elə ki, bu bayraqların yanından ötüb sola dönürsən, dünənlə bugünü sərt bir cizgi ilə ayıran gerçəklə üzləşirsən... Bura Siyasi Repressiya Qurbanları Muzeyidir.
Hazırda DSX-nin inzibati binası olan bu tarixi tikilidə bir zamanlar Sovet hökumətinin əsas cəza qurumları olan təhlükəsizlik orqanları fəaliyyət göstərmiş, binanın zirzəmisində neçə-neçə Azərbaycan ziyalısı son nəfəsini vermişdir. Totalitar rejim öz qanlı əməllərini sonralar ört-basdır etməyə çalışsa da həqiqət heç vaxt unudulmur, gec-tez gün işığına çıxır. Tarixin ən amansız işgəncələrinin şahidi olmuş bu zirzəmidə 24 may 2019-cu il tarixindən yuxarıda qeyd etdiyimiz muzey fəaliyyət göstərir.
Muzeylər tarixi keçmişlə gələcək arasında bir körpü, milli-mənəvi dəyərlərin saxlanc mənbəyidir. Onlar keçmişi qoruyur və gələcəyi təyin edir, keçmişdə yaşananları təqdim edərək, gələcəkdə nələrə diqqət edilməli olduğunu göstərir. Bu baxımdan muzeyləri ziyarət etmək zəruridir. Xüsusilə də Siyasi Repressiya Qurbanları Muzeyini ziyarət etmək hər bir azərbaycanlının mənəvi borcu olmaqla yanaşı, bugünkü suverenlik, müstəqillik dönəminə gələnə qədər Azərbaycan xalqının hansı sınaqlardan çıxdığını anlamaq nöqteyi-nəzərindən vacibdir.
Muzeyə daxil olmaq üçün pilləkənlərlə aşağı enib, sanki “işıqdan qaranlığa daxil olduqda” buz kimi daş divarlar və döşəmələr arasında insan istər-istəməz ürpənir. Barmaqlıqlar arasından gözləri ümidsizliklə ümid arasındakı incə cizgiyə dikilmiş mum heykəllərin səssiz harayı duyulur. Leninin, Stalinin portretləri, Sovet bayraqları asılmış otaqda dindirilən idrak dahisi Hüseyn Cavid səssizcə pıçıldayır:
Bən tərk edərim sizləri əlan nəmə lazım!
Heçdən gələrək, heçliyə olmaqdayım azim.
İblis nədir? – Cümlə xəyanətlərə bais…
Ya hər kəsə xain olan insan nədir? – İblis…
Güllələnmə otağına daxil olduqda Sovet zabitinin atəş açmasını gözləyən nakam şair Mikayıl Müşfiqin heykəlinə baxdıqda, həyat dolu bir gəncin aşağıdakı misralarını xatırlayıb sızlamamaq olmur:
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?
Tikanlı məftillərə sancılmış fotoşəkillər, puç olmuş həyatları simvolizə edən dağılmış çamadanlar, sənədlər, faktlar...
Muzeyin ekspozisiyasının əsasını Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivində, Milli Arxiv İdarəsinin Dövlət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizlik Xidmətinin arxivində saxlanılan sənəd və fotoşəkillərin surətləri, həmçinin yerli sənətkarların hazırladıqları kompozisiyalar təşkil edir. Bir sıra sənədlər Rusiya arxivlərinin saytlarından götürülmüş, Qazaxıstanın “ALJİR” Siyasi Repressiya Muzeyi tərəfindən təqdim olunmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin tanınmış simalarının təqiblərə məruz qalması, cümhuriyyət tələbələrinin güllələnməsi ilə bağlı faktlar azərbaycanlıların azadlıq ideallarının necə boğulduğuna işarə edir. Bütün bunlarla yanaşı, divarlarda qolu qandallı heykəllərin mübarizəsi, azadlıq uğrunda sinəsini qabağa verməsi insanı yenidən öz tarixinə nəzər salmağa vadar edir.
Bəli, bu muzey bir başqadır. Bu muzey bir xalqın ən incə cizgisi, ən yaralı yeridir. Eyni zamanda bu muzey Dövlət Sərhəd Xidmətinin Azərbaycanın bütün sərhədlərinə – həm fiziki, həm də mənəvi – həssaslıqla yanaşmasının, onun keşiyində ayıq-sayıq dayanmasının sübutudur.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin inzibati binasının qaranlıq zirzəmisində yerləşib tariximizə işıq salan Siyasi Repressiya Qurbanları Muzeyini ziyarət etmək ağrılı olduğu qədər qürurvericidir. Çünki totalitar rejimin amansız pəncəsində belə azadlıq ideallarından əl çəkməyən bir xalqa mənsub olmaq qürurdur, fəxrdir!
Zəminə Rəsulova,
Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi