Mərkəzi Bank tərəfindən “Açıq bankçılıq inqilabı: sərhədləri aşan biznes imkanları” mövzusunda praktiki təlim keçirilib

post-img

Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) təşkilatçılığı ilə iyun ayının 18-də “The Ritz-Carlton Baku” hotelində “Açıq bankçılıq inqilabı: sərhədləri aşan biznes imkanları” mövzusunda praktiki təlim keçirilib.

Təlim çərçivəsində AMB-nin və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) ekspertləri tərəfindən Açıq bankçılıq həlləri və onun üstünlükləri, eləcə də xüsusi tənzimləmə rejiminin tətbiqi ilə bağlı geniş müzakirələr aparılıb.

Tədbirdə açılış nitqi ilə çıxış edən AMB-nin Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi Mərkəzi Bankın Açıq bankçılıq üzrə Yol Xəritəsi və bu konsepsiyanın ölkədə tətbiqinə dair iştirakçılara ətraflı məlumat təqdim edib. O, həmçinin Açıq bankçılığın qlobal maliyyə xidmətlərinin gələcəyini formalaşdıran əsas tendensiya olmaqla, maliyyə sektorunun rəqəmsal transformasiyası və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm bir addım olduğunu xüsusi vurğulayıb.

Daha sonra təlim BMK-nın eksperti Pavel Şust tərəfindən Açıq bankçılıq konsepsiyasının tətbiqi sahəsində qlobal təcrübələrə və yanaşmalara dair məlumatların əhatə olunduğu təqdimatla davam edib. Təqdimatın yekununda iştirakçılar 5 nəfərlik komandalara bölünməklə innovativ məhsul ideyaları üzərində praktiki çalışmalara qatılıblar. Komandalara innovativ məhsullar üzrə praktiki mərhələnin reallaşdırılmasında ekspert dəstəyi göstərilib və onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki. tədbirdə Mərkəzi Bankın nümayəndələri ilə yanaşı bankların, maliyyə texnologiyaları təşkilatlarının və digər aidiyyəti qurumların 60-a yaxın rəhbər şəxsləri iştirak edib. Tədbir innovativ ideyaların mübadiləsi və strateji əməkdaşlıqların qurulması üçün mühüm bir platformaya çevrilib.

Mərkəzi Bank tərəfindən ölkədə innovativ maliyyə texnologiyaları tətbiqinin genişləndirilməsi və rəqəmsal bankçılıq ekosisteminin formalaşdırılması istiqamətində təşəbbüslərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır. Bu təşəbbüslər sırasında xüsusi tənzimləmə rejiminin keçirilməsi və Açıq bankçılıq konsepsiyasının tətbiqi istiqamətində işlərin aparılması böyük əhəmiyyət kəsb edir.









Sosial həyat