Yasəmən – yar sevən

post-img

Qardaşım əsgər gedəndə həyətimizdəki yasəmən salxım-salxım gül açmışdı. O, yasəmənin çiçəklərini doyunca qoxladı, ətrini ciyərinə çəkdi. Sonra məni əllərinin arasına alıb başı üzərinə qaldırdı. Sinəsinə sıxdı, alnımdan öpdü, əlindəki yasəmən gülünü yaxama taxdı və dedi:

– Bu yasəmənə yaxşı qulluq et, vaxtında su ver. Susuzluqdan yanmağa qoyma. Dərslərini də yaxşı oxu, anamın sözünə bax, ona kömək et, kişi qırığı!

Yenidən yasəmən ağacına sarı döndü. Gülə-gülə: “Vətən borcumu yerinə yetirib qayıtdıqdan sonra yenə görüşərik, a yasəmənim”, – dedi. Öz-özümə düşündüm, görəsən, qardaşım yasəmən deyəndə niyə dərindən ah çəkdi?! Sanki, ayrılıq qəlbini məngənə kimi sıxırdı. “Yasəmən”ə sözünü köks ötürərək dedi və getdi.

Evimizin doqqaz qapısından çıxanda doyunca onun arxasınca baxdım. Onunla vidalaşanların, yola salanların arasında elə vüqarlı görünürdü ki...Yerişi-duruşu, uca boyu, qəddi- qaməti, əsl kişi dəyanəti, kişi yaraşığı, idmançı görkəmi ilə seçilirdi.

Yaxşı güləşçi kimi rayonda tanınırdı. Dəfələrlə 1-ci yerə çıxmışdı. Bütün yarışlarda, rəqiblərinin kürəyini yerə vurub birincilik qazanmışdı. Rayonun idman şərəfini layiqincə qoruyurdu.

Qardaşımın yaxşı qarmon çalmağı, futbol oynamağı da vardı. Uşaqlıq dostları həyətimizə gələrdi. Həyətimiz qələbəlik olardı. Onlar futbol oynayanda qardaşım və dostları məni əldən düşənəcən “işlədərdilər”. Futbol topunu daşımaq, mağazadan nəsə almaq və s. mənim boynumun borcu idi. Yorulub əldən düşsəm də, qardaşımın tapşırıqlarını həvəslə icra edirdim. Onun yanında özümü bəxtəvər sayırdım.

Ailəmiz çoxuşaqlı idi. 12 uşaq böyüyürdü ailəmizdə. O, 5-ci qardaşım idi. Qardaşlarımın sonbeşiyi isə mən idim. Ona görə də meylini daha çox mənə salmışdı. Mənim “Qəhrəman anam” bir zaman ömrünün fərəhli günlərini yaşayırdı. Qardaşım şəhid olanda anamın fərəhli günlərinin çırağı söndü. Sinəsinə bala dağı çəkildi. Ömrünün sonunadək “balam” deyib ağladı. Ağ saçlarının üstündən qara yaylıq bağladı.

...Anamın ağı deyib, oğul deyib, gecə-gündüz ağlamasının təsirindən elə kövrək olmuşdum ki... Yaz, yay, qış, payız anamın əli işdən qalmazdı. Bununla yanaşı, anamın əlində yağı daşsa da, hər gün onu yasəmənin yanında görürdüm. Anam o yasəməni göz yaşları ilə sulayırdı...

Qardaşım şəhid olandan sonra yasəmən də qurumağa başladı. Bircə kötüyü və çılpaq budaqları gözə dəyirdi. Gümüldənə-gümüldənə, qəribə bayatılar çağıra-çağıra ağlayırdı anam:

Səməni,
Gül əkdim, ya səməni.
Qurudub yasəməni,
Salıbdı yasa məni.

...Bir yaz günü yasəmən kökündən pöhrə verməyə başladı. Qardaşımın əllərinin sığalına, qayğısına öyrəşən yasəmən hansı ilahi hikmətin təsirindənsə salxım-salxım gül açmışdı. Anam sevincdən ağlayanda da bulud kimi gözlərindən yaş axırdı. Pərişan-pərişan yasəmənlə anam bir-birinə baxırdı.

Dərdi dözülməz ağrı kimi gözlərində yaşa dönmüşdü. İstəkli oğlu geridönməz quş olmuşdu. Anamın gözləri yaşlı idi. Dərdini yasəmənə danışırdı: “Balam sürücülük məktəbində oxuyarkən səni Qarayazıdan gətirib əkmişdi. 8-ci sinfi bitirdikdən sonra sürücülük məktəbində oxumağa getmişdi. Əsgərliyə gedənə qədər az bir vaxt sürücü işlədi. Sürdüyü maşını elə təmiz saxlayırdı ki... Baxanlar deyirdi maşınından gül ətri gəlir.”

Qardaşımın dostları nə vaxtsa anama demişdilər ki, oğlunun sevdiyi qızın adı Yasəməndir. Həyətimizdəki yasəmən ağacını da, o, veribmiş.

Qardaşımın vəfatının 20 ili tamam olandan sonra 1-ci oğlum dünyaya gəldi. Dedilər Allah əvəzini verib. Ona qardaşımın adını verdik. Düşündüm ki, qurumuş yasəmənin kökünün illər öncəsi yenidən cana gəlməsi, pöhrələnib şaxələnməsi, gül açması hansısa hikmətdən və mistikadan xəbər verirmiş.

...Yasəmənlərin gül açan mövsümündə anamla bərabər qardaşımın qəbrini ziyarətə gedəndə özümüzlə bir dəstə yasəmən gülü aparmışdıq. Ora çatanda başdaşının yanında gül açmış yasəmən ağacına bənzəyən bir qız gördük. Heyrətdən yerimizdə donub qalmışdıq. Onu tanımırdıq. O, bizi görmürdü. Qardaşımın başdaşından boylanan şəklinə sığınaraq doluxsunmuşdu. Gül ətirli nəfəsi məzara ənbər çiləmişdi. Sən demə, bu, qardaşımın sevdiyi Yasəmən imiş. Onun qəlbindəki məhəbbətin bahar çağını sözlə ifadə etmək çətindir, çox çətindir. İki sevən qəlbin yasəmən ətirli ülfət nişanəsi təsvirə gəlməz. Ayrılıq ülfətə sərhəd çəkəndə, məhəbbət ürəkdə nəğməyə, çiçəyə dönür.

Şəhid qəbirləri heç vaxt tək qalmır. Şəhidlər cənnətdə, gül-çiçək içində uyuyurlar. Təsəllim artır ki, qardaşımın da bəxtinə şəhidlik düşüb...

Onun məzarı bir daha gözlərimdə nurlanan ocağa, sinəmdə isə çarpan ürəyə döndü:

Ürək bir arzudur, yollarda itən,
Ürək heç kiriyən, susan deyilmiş.
Hələ indi-indi bilirəm, Vətən,
Sənə oğul olmaq asan deyilmiş...

Həzi HƏSƏNLİ,
şair-publisist



Sosial həyat