Bu il Naxçıvan Muxtar Respublikasında barama istehsalında artım müşahidə olunub.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ümumilikdə 1757 kiloqram yaş barama istehsal edilib. Bu da ötən illə müqayisədə 17 faiz artım deməkdir.
Baramaçılıq fəaliyyəti Naxçıvan şəhəri ilə yanaşı, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonlarında da həyata keçirilib. Bu bölgələrdə ümumilikdə 14 kümçüyə 40 qutu ipəkqurdu toxumu paylanıb. Babək rayonu üzrə 633,5, Sədərək rayonu üzrə 436,2, Culfa rayonu üzrə 226, Şərur rayonu üzrə 207,3, Ordubad rayonu üzrə 118,8, Naxçıvan şəhəri üzrə 75,2, Kəngərli rayonu üzrə isə 60 kiloqram yaş barama tədarük olunub.
Ən yüksək məhsuldarlıq Sədərək rayonunda qeydə alınıb.
Qeyd edək ki, Sədərək rayonunda baramaçılıq fəaliyyətinə bu il ilk dəfə başlanılıb. Dəmirçi kənd sakini Gülarə Seyidova tərəfindən bir qutu ipəkqurdundan 90,1 kiloqram məhsul əldə edilib.
Baramaçılığın inkişafı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində prioritet istiqamət kimi müəyyən olunub. Bu məqsədlə pilot layihə hazırlanıb və baramaçılıqda yem bazasının formalaşdırılması üçün muxtar respublikanın bütün bölgələrində yeni tut bağları salınıb.
Xatırladaq ki, 35 illik fasilədən sonra baramaçılıq ötən il Naxçıvanda yenidən bərpa olunub. 30 qutu ipəkqurdu toxumu əsasında 1 ton 119 kiloqram yaş barama istehsal edilib və məhsul Bərdə rayonundakı baramaqurutma məntəqəsinə təhvil verilib. Kümçülərə dövlət tərəfindən subsidiyalar, həmçinin baramanı qəbul edən şirkət tərəfindən ödənişlər vaxtında təmin olunub. Ötən ilin nəticələrinə görə, Zərdab rayonundan sonra ölkə üzrə ikinci ən yüksək orta məhsuldarlıq göstəricisi məhz Naxçıvan Muxtar Respublikasında qeydə alınıb.