Xətai rayon İcra Hakimiyyətində Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib

post-img

Xətai rayon İcra Hakimiyyətində "22 İyul - Azərbaycanda Milli Mətbuat və Jurnalistika Günü" münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev 150 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatının böyük və şərəfli inkişaf yolundan danışıb. Bildirib ki, mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirib.

Rayon icra hakimiyyəti tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini deyən R.Quluyev Vətən müharibəsində Azərbaycanın apardığı haqlı müharibəni və Ali Baş Komandanın rəhbərliyi, Müzəffər Ordumuzun şanlı Qələbəsini, xalq-ordu birliyini, eyni zamanda, ölkə rəhbərinin apardığı daxili və xarici siyasətini mətbuat nümayəndələrinin ətraflı işıqlandırdıqlarını qeyd edib. Ümummilli Lider Heydər Əliyev demokratik dövlət quruculuğu prosesində kütləvi informasiya vasitələrinin rolunu daim yüksək qiymətləndirərək, Azərbaycanda senzuranın ləğvi və bir sıra digər tədbirlərlə mətbuatın inkişafına böyük dəstək verib. Bu gün də Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində mətbuatın maddi-texniki bazası gücləndirilir, mətbuatda çalışan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olub, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən başlayaraq, günümüzə qədər böyük qələm ustaları milli təfəkkürün inkişafı üçün misilsiz xidmətlər göstərərək xalqımızın maariflənməsinə böyük töhfələr veriblər. Natiq vurğulayıb ki, mətbuatın inkişaf etdirilməsi məsələləri daim dövlətin diqqət mərkəzindədir. Mətbuatın maneəsiz fəaliyyət göstərməsi, onun dünya təcrübəsi ilə zənginləşdirilməsi, xüsusilə kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, o cümlədən peşəkar səviyyələrinin yüksəldilməsi və jurnalistlərin hüquqlarının müdafiəsi üçün dövlətimiz tərəfindən lazım olan bütün addımlar atılır.

Mətbuat işçiləri çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinə hədiyyələr təqdim olunub.









Sosial həyat