543 nəfərin hər gün ölümlə üz-üzə gəldiyi qeyri-qanuni ərazi
Nərimanov rayonu ərazisində Nərimanov – Böyükşor və Bakı sərnişin dəmiryolu xətlərinin mühafizə zolağında mövcud olan tikililərlə bağlı statistikaya nəzər salanda gözlərimiz önündə ciddi narahatlıq doğuran mənzərə canlanır. Belə ki, adı çəkilən ərazidə hazırda 161 qeyri-qanuni tikilən ev var. Ümumilikdə isə burada 156 ailə, 543 nəfər yaşayır. Araşdırmaya əsasən, ərazidə Azərbaycanın 40 şəhər və rayonunu təmsil edən şəxslərdən yalnız 12-si keçmiş məcburi köçkün ailəsidir, 54 ailənin digər ünvanlarda da evi var. 11 nəfərin isə burada qeyri-qanuni tikdiyi ev kirayədədir.
Sənədsiz, qeyri-qanuni tikilən sözügedən evlər dəmir yolunun mühafizə zolağında yerləşir ki, bu da bir tərəfdən dəmiryolu nəqliyyatına ciddi problemlər yaradlr, digər tərəfdən də onların özləri üçün təhlükəlidir. Aparılan araşdırmada, eyni zamanda, son 3 ildə dəmiryolunun mühafizə zolağında yerləşən ərazilərdə çoxsaylı bədbəxt hadisənin baş verdiyi, 30-dan artıq adamın həyatnı itirdiyi və ya ağır xəsarət aldığı diqqətə çatdırılır. Vəziyyət o həddə çatıb ki, əraziyə yanğınsöndürən, təcili tibbi – yardım maşınları girə bilmir.
Bildirilir ki, Nərimanov rayonunun bu qeyri-qanuni yaşayış sahəsində kommunal xidmət çox aşağı səviyyədədir, bu səbəbdən də işin müvafiq qaydada təşkili mümkün deyil. Ərazidə antisanitariya mühitinin mövcudluğu da buradan irəli gəlir. Yeri gəlmişkən, mühafizə zolağında yüksək gərginlikli elektrik xətləri də var və belə sahədə yaşamaq bir sıra təhlükəli xəstəliklər yaradır. Təbii ki, bu cür açınacaqlı şərait, eyni zamanda, paytaxtımızın ümumi görünüşünü pozur.
Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibi Bəxtiyar Hacıyev açıqlamasında qanunsuz tikililərlə bağlı cinayət işlərinin açıldığını və araşdırmalara başlanıldığını qeyd edib. Nəqliyyat məsələləri üzrə ekspert Aydın Məmmədov isə mövzu ilə bağlı fikirlərini bölüşərək, belə zonalarda insanların məskunlaşmasının həm hüquqi, həm sosial, həm də təhlükəsizlik baxımından aradan qaldırılmalı problem olduğunu xatırladıb. Ekspert, eyni zamanda, dövlət strukturlarının artıq ərazidə müvafiq araşdırmalara başladığını və mərhələli şəkildə bu tikililərlə bağlı zəruri tədbirlər görülməsinin gözlənildiyini diqqətə çatdırıb.
A.Məmmədov problemin həlli ilə bağlı fikirlərini də bölüşüb. Bildirib ki, nəqliyyat vasitələrinin yüksək sürətlə hərəkət etdiyi polad magistralların və avtomobil yollarının kənarları hasarlanmalı və mühafizə zonaları, o cümlədən qorunma sahələri təmin edilməlidir. Əks halda, baş verən hadisələrin qarşısını almaq qeyri-mümkündür. Yəni kənardan yola qəfil çıxan – istər insan, istər heyvan, istərsə də digər nəqliyyat vasitələri – hərəkətdə olan sürətli nəqliyyat vasitələri ilə toqquşduqda, faciə qaçılmaz olur.
Nəqliyyat məsələləri üzrə ekspert açıqlamasının sonunda deyib: “Şəhərimizin bir çox yerlərində dəmir yoluna yaxın məsafədə evlərin yerləşdiyini və insanların həmin ərazilərdə sərbəst gəzişdiyini müşahidə edirik. Son dövrlərdə paytaxtdan bölgələrə yüksək sürətlə hərəkət edən sürət qatarlarının fəaliyyəti təşkil edilib. Bu cür yüksək sürətlərdə iki nəqliyyat vasitəsinin toqquşmasının qarşısını almaq üçün müəyyən vaxt və məsafə tələb olunur. Lakin qarşıya qəfil maneə çıxdıqda, artıq qəzanın baş verməsi qaçılmaz hala gəlir. Bu baxımdan, dəmir yollarına və avtomobil yollarına yaxın ərazilərdə yerləşən evlər, həmçinin müxtəlif maneələr ciddi təhlükə mənbəyidir.
Beləliklə, mühafizə zolaqları ciddi qorunmalı, bu ərazilərdə qanunsuz tikinti aparanlara qarşı ciddi tədbirlər görülməlidir. Belə tikililər heç bir halda dövlət qeydiyyatına salınmamalıdır. Qanunsuz tikilən tikililər nəzarətsizlik nəticəsində deyil, hüquqi məsuliyyət baxımından qiymətləndirilməli və onların köçürülməsi müasir yanaşmalara uyğun şəkildə gerçəkləşdirilməlidir.
Redaksiyadan: Mötəbər mənbələrdən sızmış lətifəvari bir mənbəyə görə, 1960-cı ilin aprelində Azərbaycanda sovet hakimiyyəti qurulmasının 40 illiyi təntənəsinə gələn sövet rəhbəri Nikita Xruşşovu ovaxtkı respublika rəhbəri gedib Yalamada qarşılayır və Bakıya bir yerdə gəlirlər.
Qatar yazıda qeyd olunan yerdən – “gecəqondu”ların yanından keçəndə Xruşşov soruşur ki, bu nədir belə? Cavab verirlər ki, burada donuz saxlanılır. Nikita Sergeyeviç damlardakı antennaları göstərib qəzəblə deyir: “Bu nə axmaqlıqdır, məgər donuzlar televizora baxırlar?!”.
XQ