İyulun 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək dünya ulduzu Castin Timberleykin konsertində iştirak edəcək tamaşaçıların rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, həmçinin yollarda sıxlığın qarşısını almaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən xüsusi avtobuslar ayrılıb.
AYNA-dan XQ-yə bildirilib ki, ziyarətçilərin stadion istiqamətində daşınması saat 16:00-dan 20:00-dək metronun “Koroğlu” (Nəqliyyat Mübadilə Mərkəzi), “Qara Qarayev”, “28 May” və “20 Yanvar” stansiyalarından həyata keçiriləcək. Konsert bitdikdən sonra isə avtobuslar əks istiqamətdə saat 23:00-dan hərəkət edəcək.
Daşımalar ümumilikdə 80 avtobus vasitəsilə və ödənişsiz təşkil olunacaq. Tədbir iştirakçılarına şəxsi avtomobillərdən istifadə etmək əvəzinə avtobuslarla səfər etmələri tövsiyə olunur.