“Xaraba Gilan” tarixdən baş qaldırır

post-img

Naxçıvanın qədim şəhər mədəniyyəti izlərini özündə yaşadan tarixi yurd yerlərindən biri də Xaraba Gilandır. Ordubad şəhərindən 15-16 kilometr qərbdə, Gilançayın sol sahilində yerləşən bu qədim şəhər vaxtı ilə Azərbaycanın mühüm ticarət və sənətkarlıq mərkəzlərindən biri olub.

Araşdırmalar nəticəsində məlum olub ki, burada şəhər mədəniyyəti ilk antik dövrün V–IV əsrlərində yaranmış, sonralar isə Şərqə doğru uzanan ticarət yollarının üzərində inkişaf edərək daha da dirçəlmişdir. Mənbələrə görə, böyük Azərbaycan alimləri Hinduşah Naxçıvani və Məhəmməd Naxçıvani bu şəhərdə doğulmuş və fəaliyyət göstərmişlər. Tədqiqatçılar Xaraba Gilan abidəsinin monqolların Azərbaycana yürüşü zamanı dağıdılmış Kiran şəhərinin qalıqları olduğunu müəyyənləşdirmişlər.

İbn əl-Əsir (XIII əsr), Yaqut Həməvi (XIII əsr), Zeynəddin Qəzvini (XIV əsr), Məhəmməd ibn Həmdullah Naxçıvani və başqalarının əsərlərində Gilanın Azərbaycanın qədim və əzəmətli şəhərlərindən biri olması haqqında məlumatlar var. Karvan yolu üstündə yerləşən şəhərdə sənətkarlıq, ticarət, əmtəə-pul əlaqələri geniş inkişaf etmişdi. Şəhərdə “Giran” adı ilə gümüş və mis sikkələr kəsilmişdir.

XIII əsrdə ciddi dağıntılara məruz qalan şəhər hələ tam bərpa olunmamış XIV əsrin sonlarında Əmir Teymur tərəfindən dağıdılmış, Səfəvilər sülaləsindən I Şah Abbasın hakimiyyəti dövründə isə tamamilə tənəzzülə uğramışdır. Bundan sonra şəhərin əhalisi Ordubad rayonunun indiki Aşağı və Yuxarı Aza, Darkənd kəndlərinə köçmüşdür.

Qədim şəhərin adının mənşəyinə gəldikdə isə, Xaraba Gilan adı orta əsr Kiran şəhəri 14-cü əsrin əvvəllərində zəlzələ nəticəsində dağıldıqdan sonra onun xarabalıqlarına yerli əhali tərəfindən verilən addır. “Gilan” sözünün etimologiyası haqqında müxtəlif fikirlər vardır. Bu söz “böyük”, “möhtəşəm” (ibn əl-Əsir Həmdullah Qəzvini), “giləklərin yaşadığı yer” (A. Oleari), “gilli torpaq” (C. Rəfiyev), kadusilərin bir qolu olan “gellərin yaşadığı yer” (V Bartold) mənalarında izah edilir.

Xaraba Gilan ötən əsrin əvvəllərindən tarixçilərin diqqətini cəlb etmiş, burada ilk tədqiqatlar 1926-1929-cu illərdə aparılmışdır. 1976-cı ildən şəhər ərazisində başlanılmış arxeoloji tədqiqatlar isə fasilələrlə günümüzədək davam etdirilməkdədir. Hazırda isə burada AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Toğrul Xəlilovun rəhbərlik etdiyi ekspedisiya tərəfindən qazıntı işləri aparılır.

Bu il iyun ayının 2-dən burada qazıntı işlərinin aparılmasına başlanıldığını deyən Toğrul Xəlilov əvvəlcə bizi ərazi ilə tanış etdi. Bildirdi ki, buradakı şəhər xarabalıqları 100 hektardan artıq ərazini əhatə edir. Şərq tərəfdə, dağın üstündə Narınqala yerləşir. Təkcə Narınqalanın sahəsi 30 hektara qədərdir. Narınqalanın mərkəzi hissəsində qala qarnizonunun yerləşdiyi çoxlu kiçik otaqlardan ibarət kompleks, bir neçə iri həcmli kompleks və iki örtülü su anbarı yerləşir.

Narınqalaya yeganə giriş yolu şəhərin birinci və ikinci məhəllələrinin qalaya yaxınlaşdığı yerdəndir. Şəhərin narınqalası və məhəllələri dairəvi, dördbucaqlı və altıbucaqlı planda bürcləri olan möhkəm müdafiə divarları ilə əhatə olunmuşdur. Məhəllələr arasındakı çökəkliklərdə karvansara, dəyirman, hamam və digər ictimai binalar yerləşmişdi. Şəhərin şimal tərəfi sıldırım qayalar olduğundan burada müdafiə divarlarına, istehkamlara və başqa müdafiə qurğularına ehtiyac olmamışdır.

Şəhərin müdafiə sistemində yaxınlıqdakı kiçik qalalar və gözətçi məntəqələri də mühim rol oynamışdır. Şəhərin su ilə təchizatı isə əsasən Narınqalaya yaxın yerləşən ən böyük su anbarı vasitəsilə mümkün olmuşdur. Bura Düylünçaydan çəkilmiş arx vasitısilə və yağış suları ilə doldurularmış.

Torğul Xəilov bu il burada həyata keçirilmiş qazıntılar zamanı bir-çox maddi-mədəniyyət nümunələrinin aşkar olunduğunu bildirdi. Qeyd etdi ki, ekspedisiya müddətində Xaraba Gilan şəhərinin “İçəri şəhər” adlanan hissəsinə və Narınqalaya gedən giriş yolundakı qala qapısı aşkar olunub. Dairəvi və dördkünc formalı tikililər, 1 ədəd mis sikkə, keramika məmulatları, ocaq izi və heyvan sümüyünün qalıqları həmin dövrün araşdırılması üçün olduqca əhəmiyyətlidir.

Həmsöhbətimiz qazıntılar zamanı çox qiymətli bir kitabənin tapıldığını da bildirdi. Məlumat verdi ki, kitabə nəstəliq xəttilə yazılıb və 4 sətirdən ibarətdir. Toğrul Xəlilov ilkin təhlil zamanı daş kitabənin dördüncü sətrində Salur tayfasına məxsus damğa işarəsini aşkar etdiyini bildirdi. Arxeoloq Xaraba Gilan şəhər yerində tapılan ən unikal maddi-mədəniyyət nümunəsinin məhz bu daş kitabə olduğunu vurğuladı. Kitabənin tamamilə oxunması üçün buradakı yazıların yaxın vaxtlarda analiz olunacağını bildirdi.

Müsahibimiz qala divarlarından içəriyə giriş hissədə tağabənzər tikilmiş bölmədə yer səthindən kiçik bir oyuğu olan yer aşkar olunduğunu da bizə göstərir. Məlumat verir ki, Günəş şüalarından qorunmaq məqsədilə üzü Qərb tərəfə tikilmiş bu bölmə keçmiş zamanlarda qida məhsullarını saxlamaq üçün istifadə olunurmuş. Bir növ “soyuducu anbar” funksiyasını yerinə yetirən bu cür bölmələr şəhərin qala qapıları ətrafında keşik çəkənlər üçün nəzərdə tutulurmuş.

Ərazidə yeni aşkar olunmuş mühafizə divarları haqqında məlumat verən T.Xəlilov bildirdi ki, bu divarların hamısı daş, çiy və bişmiş kərpicdən tikilib. Hətta giriş hissədəki keçid divarında suvaq kimi istifadə olunmuş gəcin üzərindəki fərqli bir suvağın olduğunu göstərərək bu hissənin böyük ehtimalla sonradan təmir olunduğunu dedi. O, qısa müddətdə aparılmış qazıntılar zamanı buradan şirli və şirsiz qablar, şüşə və metal məmulatları tapıldığını da bildirdi.

Öyrəndik ki, ekspedisiyanın həyata keçirdiyi tədqiqat işlərində Naxçıvan Dövlət Universitetinin tələbələri də yaxından iştirak edirlər. Alim Naxçıvan tarixinin araşdırılması və öyrənilməsində “Arxeoloqların yay məktəbi” layihəsinin gənc tədqiqatçıların yetişməsində böyük rol oynayacağını qeyd etdi.

Ümumiyyətlə isə, bu gün Xaraba Gilanda aparılan arxeoloji qazıntılar tariximizin görünməyən qatlarının araşdırılması və maddi-mədəniyyət nümunələrinin aşkar edilməsi işinin, sadəcə, Naxçıvanın deyil, ümumilikdə, Azərbaycan tarixinin orta əsrlər dövrünün elmi əsaslarla öyrənilməsinə öz töhfəsini verəcək.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri



Sosial həyat