Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı–Gəncə, Bakı–Mingəçevir, Bakı–Şəki, Bakı–Lənkəran, Qazax–Mingəçevir, Qazax–Tərtər şəhərlərarası, Yenikənd (Siyəzən) – Siyəzən avtostansiyası, Səmədabad kəndi (Goranboy) – Gəncə (avtovağzal) və Xuluf kəndi (Şəmkir) – Gəncə (avtovağzal) istiqamətlərində avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
XQ-yə bu barədə AYNA-dan məlumat verilib.
Bakı–Gəncə marşrutları üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC;
Bakı–Mingəçevir və Bakı–Şəki marşrutları üzrə hüquqi şəxs "Xan Sarayı" MMC;
Bakı–Lənkəran marşrutu üzrə fiziki şəxs Əkbərov Güləhməd Camal oğlu;
Qazax–Mingəçevir və Qazax–Tərtər marşrutları üzrə fiziki şəxs Bilalov Elxan Kamal oğlu;
Yenikənd (Siyəzən) – Siyəzən avtostansiyası marşrutu üzrə fiziki şəxs Rzazadə Seymur Zahir oğlu;
Səmədabad kəndi (Goranboy) – Gəncə (avtovağzal) marşrutu üzrə hüquqi şəxs "Kamil Avtonəqliyyat" MMC;
Xuluf kəndi (Şəmkir) – Gəncə (avtovağzal) marşrutu üzrə fiziki şəxs Rzayev Qafqaz Vaqif oğlu qalib elan olunublar.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

