Daşkəsəndə ət satışı və küçə ticarəti ilə bağlı monitorinq keçirilib

post-img

Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri tərəfindən Daşkəsən rayonu ərazisində heyvan kəsimi və ət satışı məntəqələrində, həmçinin qanunsuz küçə ticarəti ilə bağlı monitorinq keçirilib. Yoxlamalar rayon icra hakimiyyəti və polis şöbəsinin əməkdaşları ilə birgə aparılıb.

Bu barədə XQ-yə AQTA-dan məlumat verilib.

Baxış zamanı ət satışı həyata keçirilən obyektlərdə sanitariya norma qaydalarına, gigiyena normativlərinə riayət edilmədiyi, texniki normativ hüquqi aktların pozulduğu məlum olub. Belə ki, məhsulların saxlanması zamanı temperatur rejiminin gözlənilmədiyi, dezinfeksiya tədbirlərinin görülmədiyi, işçilərin tibbi müayinələrə cəlb edilmədiyi aşkarlanıb. Küçə ticarəti ilə məşğul olan yerlərdə isə qida məhsullarının mənşə sənədinin və etiketlənməsinin olmadığı, eləcə də açıq havada, antisanitar vəziyyətdə, saxlama şəraitinə riayət edilmədən satışa çıxarıldığı müəyyən edilib.

Ət satışı həyata keçirən sahibkarlarla və qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə maarifləndirici söhbət aparılıb, qanunvericiliyin tələbləri izah edilib və pozuntulara yol verilməməsi barədə müvafiq tapşırıqlar verilib.

Sosial həyat