“Möminə xatun” – sevginin əbədiyyətə əmanəti
Naxçıvan şəhərindəki XII əsr Azərbaycan intibahı dövrünün möhtəşəm yadigarı olan Möminə xatun türbəsi dünya memarlıq inciləri sırasında da layiqli yer tutur. Tarixçi, arxitektor və mühəndislər isə bu abidəni Şərq memarlığının bənzərsiz nümunəsi kimi öyrənir və mədəni irsimizə gətirdiyi zənginliyi incələyirlər.
Ümumi fikir isə budur ki, Möminə xatun türbəsinin tarixi dəyəri və məxsusi memarlığı Şərq sərhədlərini xeyli aşır. Doğrudur, bu gün dünyanın müxtəlif ölkələrində fərqli mədəniyyətlərə məxsus çoxsaylı abidələr mövcuddur və bu abidələrin hər birinin özünəməxsus əhəmiyyəti var. Amma Möminə xatun, sözün əsl mənasında, xalqımız üçün misilsiz bir dəyərdir. Möminə xatin Tac-Mahal kimi möhtəşəm memarlıq əsərləri ilə müqayisə oluna bilər.
Bu gün ölkəmizdə tarixin daş yaddaşı olan belə abidələrin qorunub saxlanmasına yetərli dövlət qayğısı göstərilir. Prezident İlham Əliyevin 22 may 2025-ci il tarixli “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” sərəncamı Möminə xatun türbəsinin özünəməxsus tarixi görkəminin və dəyərinin qorunub saxlanması və gələcək nəsillərə çatdırılması məqsədilə imzalanmış çox mühüm dövlət sənədidir.
Bu yaxınlarda isə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi ilə Avstriyanın dünyaca məşhur restavrasiya şirkəti olan “Atelier Erich Pummer GmbH” arasında türbənin bərpa və konservasiyasının aparılması ilə bağlı müqavilə imzalanıb. Görüləcək işlər dünya əhəmiyyətli bu tarixi abidəyə yeni nəfəs gətirəcək. Qalır, bu abidəni dünyaya lazımi səviyyədə təqdim edək.
Gəlin əvvəlcə bu abidə haqqında bildiklərimizi xatırlayaq. Türbənin kitabəsindən də məlum olduğu kimi bu abidə Azərbaycan Atabəyləri dövlətinin banisi Şəmsəddin Eldənizin əmri ilə xanımı Möminə xatunun şərəfinə tikilib. Türbə bürcvari Azərbaycan türbələrinin ən görkəmli nümunəsidir. Zəmanəmizə qədər qalmış və hündürlüyü 26 metr olan abidənin yuxarı hissəsi dağılmışdır. Onun da 8 metr olduğunu nəzərə alsaq, türbə keçmişdə 34-35 metr hündürlüyündə dairəvi bir tikinti olmuşdur.
Abidə yeraltı hissədən və yerüstü qurğudan ibarətdir. Yeraltı sərdabə hissəsi planda onbucaqlıdır. Sərdabənin quruluşu burada olduqca maraqlı bir şəkildə həll edilmişdir. Mərkəzdə yerləşmiş sütundan onbucaqlının hər küncünə bir tağ atılmışdır. Yerüstü abidə isə xaricdən ongüşəli, daxildən isə dairəvidir.
Səthlərinin və bucaqlarının kitabə və həndəsi ornamentlərdən ibarət olan bəzəyi, gəc üzərindəki nəbati təsvirləri haqqında indiyədək xeyli sayda monoqrafik əsərlər yazılmışdır. Türbənin bucaqlarındakı çıxıntılar əsas etibarı ilə kufi xətlə işlənmiş kitabə ilə örtülmüşdür. Bu kitabələrin türbənin ümumi quruluşunda nə qədər əhəmiyyətli mövqe tutduğunu göstərmək üçün təkcə onu qeyd etmək kifayətdir ki, onların ümumi uzunluğu 500 metrə çatır.
Abidənin daxilindəki yeganə bəzək ünsürü türbənin günbəzinin iç tərəfində yerləşdirilmiş dörd böyük qönçədir. Bu qönçələr dairəvi şəkildədir və içərisində nəbati naxışlı rəsmlər və son zaman aydınlaşdırılmış yazılar ornament şəklində yerləşdirilmişdir. Burada “Allah”, “Mühəmməd, Əbu-Bəkr, Ömər, Osman, Əli” sözləri yazılmışdır. Abidənin memarı Əcəmi Naxçıvani tikintisi 11 il sürən (1175–1186-cı illər) türbənin üzərində belə bir beyt də yazmışdır:
Biz gedirik, ancaq qalır ruzigar,
Biz ölürük, əsər qalır yadigar.
8 əsrdən çox yaşı olan bu əzəmətli abidə bu zamanadək Naxçıvana gələn səyyah və tacirlərin diqqətini özünə cəlb etmiş və haqqındakı məlumatlar bir çox əsərlərdə öz əksini tapmışdır. XIX əsrin əvvəllərində Naxçıvana gələn fransız səyyah Dübua de Monper abidə ilə yaxından tanış olmuş, onun kitabələrinin üzünü çıxararaq Peterburqa, şərqşünas akademik Frenə göndərmişdir. O zamandan bəri müxtəlif alim və şərqşünaslar türbənin özü və kitabələri haqqında çoxsaylı əsərlər nəşr etdirmişlər.
Möminə xatun türbəsi sadəcə bir memarlıq incisi deyil – o, qadına göstərilən yüksək dəyərin, ehtiramın, sevgi və sədaqətin daşlaşmış nümunəsidir. Bu abidə vasitəsilə qadının cəmiyyətdəki mövqeyi, ailə və dövlət üçün əhəmiyyəti tarixə həkk olunmuşdur.
Türbə həm də Azərbaycan mədəniyyətində qadına verilən dəyərin əbədi simvoludur. Bu memarlıq abidəsinin üzərində yer alan kufi yazılar və “Qurani-Kərim”dən götürülmüş ayələr qadına verilən ruhani dəyərin göstəricisidir. Bu, qadının yalnız dünyəvi yox, eyni zamanda, ilahi bir dəyər daşıdığını simvolizə edir. Müasir dövrdə dünyada qadın hüquqları, qadına hörmət və gender bərabərliyi kimi məsələlərin aktuallığını nəzərə aldıqda, bundan 800 il əvvəl bir dövlət rəhbərinin həyat yoldaşının xatirəsinə belə bir şah əsəri ucaltması çoxəsrlik tariximizdə qadına verilən yüksək dəyərin dünyadakı ən təsirli sübutudur.
Doğrudur, bu gün həm Qərb, həm də Şərq memarlığında qadınların şərəfinə tikilmiş xeyli sayda abidələr mövcuddur. Amma bu abidələrin çoxu əsasən həmin qadınların (baxmayaraq ki, Möminə xatun da ağlı, diplomatik bacarığı ilə sarayda və el arasında böyük nüfuz sahibi olub) fərdi şəkildə siyasi, hərbi və ya sosial sahələrdə göstərdikləri qəhrəmanlığı, fədakarlığı və yaxud hansısa sahədə xidmətlərini əbədiləşdirmək məqsədilə inşa edilib.
Ümumiyyətlə, dünya memarlığında qadınların şərəfinə tikilən abidələr daha çox kraliçalar, müqəddəslər və dövlət xadimi olan qadınları təbliğ edir. Məsələn, Hatşepsut Kraliça Məbədi qədim Misirin ilk qadın fironu olan Hatşepsutun şərəfinə tikilmiş möhtəşəm məbəd kompleksidir ki, onun liderliyini və hakimiyyətini simvolizə edir. Və yaxud, Avstriyadakı Mariya Tereza abidəsi onun dövlətçilik fəaliyyətinə və siyasi irsinə həsr olunub. İspaniyadakı Birinci İzabella – Katolik Kraliça abidəsi onun dini və siyasi təsirini xatırlamaq üçün, Böyük Britaniyadakı Kraliça Viktoriya abidəsi Britaniya İmperiyasının ən uzun müddət hökmranlıq edən liderlərindən biri və onun rəhbərliyi dövründə baş verən sənaye, sosial və mədəni inkişafları simvolizə etmək məqsədilə inşa olunub.
Lakin Möminə xatun türbəsi bu ənənədən fərqlənir. Bu abidə bir qadının nə siyasi gücə, nə də hərbi qəhrəmanlığa sahib olduğu üçün deyil, onun Azərbaycan cəmiyyətindəki mental statusundan qaynaqlanaraq bir həyat yoldaşı, bir ana və bir mənəvi dayaq kimi daşıdığı dəyərləri özündə birləşdirir. Bu baxımdan, Möminə xatun türbəsi təkcə Şərq memarlığında deyil, bütün dünya mədəniyyətində nadir hallarda rast gəlinən bir fenomendir. Bu abidə Möminə xatunun timsalında Azərbaycan qadınını ruh, hiss və əxlaq ölçülərində ucaldır, onun ictimai funksiyasından çox varlığı ilə dəyərli olduğunu ortaya qoyur.
Etiraf edək ki, bu gün dünyada bir qadının şərəfinə tikilmiş ən cəlbedici tikili kimi Hindistandakı Tac-Mahal tanınır. Böyük Moğol hökmdarı Şah Cahanın sevimli həyat yoldaşı Mumtaz Mahalın şərəfinə tikdirdiyi bu əsrarəngiz kompleks əsasən mərmərlə örtülü, cənnəti simvolizə edən mükəmməl memarlıq ansamblı kimi diqqəti çəkir. Bəlkə, kimsə bunu qüsurlu hesab edə bilər, amma müqayisə təkcə forma və estetikaya əsaslanmamalıdır.
Hər ikisi Şərq abidəsidir, amma Tac-Mahal bir imperatorun öz arvadına olan sevgisini göstərən “imperial romantizm” nümunəsidirsə, Möminə xatun bir cəmiyyətdə qadın, ana müqəddəsliyinin fəlsəfi təcəssümüdür. Əgər Tac-Mahal romantik və estetik zirvədirsə, ondan 4 əsr əvvəl tikilmiş Möminə xatun qadın yüksəkliyinin daşlara həkk olunmuş tarixi yüküdür.
Nəzərə alaq ki, Tac-Mahalın tikildiyi XVII əsrin ortalarında artıq Hind-İslam memarlığı inkişaf etmiş mərhələdə idi. Böyük imperiyalar vardı, resurslar bol, sənətkarlar və memarlar yetkin idi. Amma XII əsrdə Möminə xatun türbəsinin inşası, yalnız Əcəmi təfəkkürünün gücünə əsaslanırdı. Və hər iki abidə bir qadının xatirəsinə tikilibsə də, biri imperiyanın gücünü, digəri isə bir xalqın və ailənin təməlini simvolizə edir. Ortaq xüsusiyyət isə budur ki, hər iki abidə sonradan bir çox memarlıq abidələrinin yaranmasında ilham mənbəyinə çevrilmişlər.
Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri