Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada keçirilən görüşdən sonra Kremlin rəsmi siyasi diskursunda yenidən Qarabağ mövzusunun gündəmə gətirilməsi geniş geosiyasi kontekstin, Rusiya–Ermənistan münasibətlərində transformasiyanın və Cənubi Qafqazda formalaşan yeni siyasi balansın fonunda baş verir.
Rusiya rəsmi şəxslərinin Qarabağla bağlı ritorikasının son vaxtlar yenidən aktivləşməsində söhbət artıq Qarabağın statusundan getmir. Qarabağ məsələsi həm hərbi, həm siyasi, həm də hüquqi baxımdan bağlanıb və regionda formalaşmış yeni reallıq beynəlxalq səviyyədə də qəbul olunur. Lakin buna baxmayaraq, mövzunun informasiya və siyasi diskursda saxlanılması göstərir ki, Qarabağ məsələsi artıq geosiyasi kommunikasiya və siyasi təsir aləti kimi istifadə olunur.
Beynəlxalq münasibətlər praktikasında bu, kifayət qədər tanış yanaşmadır. Tarix göstərir ki, bir çox münaqişələr formal olaraq başa çatsa da, onların siyasi və informasiya ömrü uzun müddət davam edir. Qarabağ mövzusunun Rusiya rəsmiləri tərəfindən məhz Ermənistan–Rusiya münasibətləri kontekstində xatırladılması isə daha maraqlı siyasi məna daşıyır.
Birinci mesaj Ermənistan cəmiyyətinə ünvanlanıb. Rusiya faktiki olaraq göstərməyə çalışır ki, regiondakı əsas siyasi proseslər hələ də Moskvanın iştirakı olmadan həll olunmur və Ermənistanın təhlükəsizlik və siyasi gələcəyi müəyyən mənada yenə də Rusiya ilə münasibətlərdən asılıdır. Qarabağ mövzusunun xatırladılması Ermənistan daxilində siyasi və psixoloji təsir elementi kimi də istifadə oluna bilər.
İkinci mesaj Azərbaycanla münasibətlərdə siyasi balansın qorunmasına hesablanıb. Rusiya regionda açıq şəkildə hər hansı bir tərəfin yanında görünmək istəmir və balans siyasəti yürütməyə çalışır. Qarabağ mövzusunun zaman-zaman gündəmə gətirilməsi də bu balans siyasətinin informasiya müstəvisindəki elementlərindən biri kimi qiymətləndirilə bilər.
Üçüncü və bəlkə də, ən mühüm mesaj regionun geosiyasi arxitekturası ilə bağlıdır. Rusiya bu cür bəyanatlarla dolayısı ilə göstərir ki, Cənubi Qafqazda baş verən əsas siyasi proseslər, regional təhlükəsizlik məsələləri və keçmiş münaqişələrin siyasi nəticələri hələ də böyük güclərin gündəliyinin bir hissəsidir və Moskva regionda əsas siyasi oyunçulardan biri olaraq qalır.
* * *
Son illər Rusiya–Ermənistan münasibətlərində müşahidə olunan gərginlik dərin geosiyasi transformasiyanın nəticəsidir. Uzun illər Ermənistan Rusiyanın Cənubi Qafqazda ən yaxın müttəfiqi hesab olunurdu; təhlükəsizlik sistemi, enerji infrastrukturu, sərhəd mühafizəsi və iqtisadiyyatın bir çox strateji sahələri faktiki olaraq Rusiya ilə sıx bağlı idi. Lakin son illər İrəvanın xarici siyasət kursunda müşahidə olunan dəyişikliklər Moskva–İrəvan münasibətlərində etimad böhranı yaradıb. Ermənistanın Avropa İttifaqı ilə siyasi yaxınlaşması, Aİ müşahidə missiyasının Ermənistan ərazisində yerləşdirilməsi, Fransa ilə hərbi əməkdaşlığın genişləndirilməsi, ABŞ-la siyasi və təhlükəsizlik dialoqunun intensivləşməsi Rusiyada belə bir fikir formalaşdırıb ki, Ermənistan tədricən Rusiya təhlükəsizlik orbitindən çıxmağa çalışır.
Məhz belə bir şəraitdə Qarabağ mövzusu Rusiya üçün Ermənistanla münasibətlərdə bir növ siyasi təsir və ya psixoloji təzyiq aləti kimi informasiya müstəvisində saxlanıla bilər. Yəni Moskva dolayısı ilə İrəvana göstərir ki, regionda təhlükəsizlik, münaqişələr və siyasi proseslər uzun illər Rusiyanın iştirakı ilə idarə olunub və bu faktor tamamilə aradan qalxmayıb. Böyük dövlətlər kiçik müttəfiqlərlə münasibətlərdə bəzən hərbi və iqtisadi alətlərdən daha çox siyasi yaddaş, keçmiş münaqişələr, təhlükəsizlik məsələləri və geosiyasi risklər üzərindən təsir göstərməyə çalışırlar. Qarabağ mövzusunun zaman-zaman Rusiya siyasi ritorikasında görünməsi də müəyyən mənada bu kontekstdə izah oluna bilər.
* * *
Azərbaycan Xarici İşlər Nazirliyinin səsləndirdiyi mövqe isə mahiyyət etibarilə daha geniş strateji xəttin ifadəsidir. Bəyanatda diqqətçəkən əsas məqam ondan ibarətdir ki, Azərbaycan artıq Qarabağ məsələsinə münasibətdə terminologiyanı, yanaşmanı və ümumilikdə siyasi çərçivəni köklü şəkildə dəyişib. Birinci mühüm element Qarabağın statusuna dair vurğunun mahiyyətindədir. Azərbaycanın rəsmi mövqeyində açıq şəkildə qeyd olunur ki, Qarabağın ölkənin ayrılmaz tərkib hissəsi olması hər hansı dövlətin tanıması və ya siyasi qərarı ilə müəyyən olunmur. Başqa sözlə, məsələ artıq “tanınma” və ya “status” diskursundan çıxarılıb, “ərazi bütövlüyü və suverenlik” diskursuna yerləşdirilir.
İkinci mühüm məqam isə Rusiyaya ünvanlanan açıq mesajdır. Açıqlamada dolayısı ilə, lakin kifayət qədər aydın şəkildə bildirilir ki, Azərbaycanın suverenliyinə aid məsələlər üçüncü tərəflər arasında müzakirə predmeti ola bilməz. Burada əsas fikir ondan ibarətdir ki, Bakı regiondakı digər aktorların – o cümlədən böyük güclərin – Azərbaycan ərazisi ilə bağlı məsələləri öz aralarındakı dialoqun elementi kimi istifadə etməsini qəbul etmir.
* * *
Cənubi Qafqazda baş verən proseslərə ayrı-ayrı siyasi hadisələr kimi baxdıqda mənzərə tam görünmür. Əslində regionda gedən proseslər daha böyük geosiyasi transformasiyanın tərkib hissəsidir və bu transformasiyanın başlanğıc nöqtəsi kimi 2020-ci ildən sonrakı dövrü götürmək olar. Həmin dövrdən sonra regionun siyasi strukturu, güc balansı, nəqliyyat xəritəsi və hətta siyasi gündəliyi özü dəyişməyə başlayıb. 2020-ci ildən sonra Cənubi Qafqazda 3 əsas strateji dəyişiklik baş verib.
Birinci dəyişiklik münaqişə dövrünün başa çatması və post-münaqişə mərhələsinin başlanmasıdır. Uzun illər regionun siyasi gündəliyini, təhlükəsizlik arxitekturasını və xarici güclərin regiona yanaşmasını məhz Qarabağ münaqişəsi müəyyən edirdi. Münaqişə həm region dövlətlərinin xarici siyasətini, həm də böyük güclərin Cənubi Qafqaz siyasətini formalaşdıran əsas faktor idi. Münaqişənin başa çatması ilə regionda siyasi gündəliyin əsas mövzusu dəyişmiş oldu.
İkinci böyük dəyişiklik regionda güc balansının dəyişməsi ilə bağlıdır. 2020-ci ildən sonra regionda hərbi-siyasi reallıq dəyişdi və bu dəyişiklik avtomatik olaraq diplomatik və geosiyasi balansı da dəyişdirdi. Regionda artıq əvvəlki status-kvo mövcud deyil və yeni siyasi reallıq yeni davranış qaydaları formalaşdırır. Mövcud reallıqlar həm də böyük güclər arasında münasibətlərin yeni formatını formalaşdırır.
Üçüncü mühüm dəyişiklik isə xarici güclərin regiondakı rol modelinin dəyişməsi ilə bağlıdır. Əvvəllər Cənubi Qafqazda xarici güclər daha çox münaqişə vasitəçisi, təhlükəsizlik təminatçısı və ya siyasi arbitr rolunda çıxış edirdilər. Münaqişə bitdikdən sonra bu rol modeli avtomatik olaraq zəifləməyə başladı və xarici güclər regionda öz mövcudluqlarını yeni əsaslarla izah etməyə çalışırlar.
Belə bir keçid dövründə köhnə siyasi mövzuların informasiya məkanında qalması tamamilə təbiidir. Çünki geosiyasi transformasiyalar heç vaxt bir anda baş vermir. Köhnə gündəmlə yeni gündəm müəyyən müddət paralel şəkildə mövcud olur. Bir tərəfdən regionda yeni nəqliyyat xətləri, iqtisadi layihələr və əməkdaşlıq formatları müzakirə olunur, digər tərəfdən isə keçmiş münaqişə ilə bağlı mövzular zaman-zaman siyasi və informasiya diskursunda yenidən ortaya çıxır. Məhz bu baxımdan Qarabağ mövzusunun zaman-zaman informasiya müstəvisində gündəmə gətirilməsi keçid dövrünün siyasi əlamətlərindən biri kimi də qiymətləndirilə bilər.
* * *
Beynəlxalq münasibətlər nəzəriyyəsində getdikcə daha çox diqqətçəkən yanaşmalardan biri ondan ibarətdir ki, böyük güclərin regionlara təsirinin effektiv forması diskurs üzərindən qurulur. Yəni hansı mövzuların müzakirə edildiyi, hansı terminlərin legitim sayıldığı, hansı məsələlərin gündəmdə saxlanıldığı və hansılarının isə arxa plana keçirildiyi özü-özlüyündə siyasi gücün təzahürünə çevrilir.
Diskurs, əslində, görünməyən siyasi idarəetmə mexanizmidir. Əgər bir mövzu davamlı şəkildə siyasi və informasiya gündəmində saxlanılırsa, o, avtomatik olaraq aktuallıq statusunu qoruyur və bu da həmin mövzu üzərindən təsir imkanlarını saxlayır. Əksinə, bir mövzu gündəmdən çıxarıldıqda, onun üzərindən siyasi təsir imkanları da zəifləyir. Məhz bu prizmadan baxdıqda Qarabağ mövzusunun Rusiya siyasi diskursunda qalmasında əsas məqsəd region üzərində təsirin diskurs səviyyəsində saxlanılmasıdır.
Son olaraq qeyd edək ki, Qarabağ məsələsi hərbi və hüquqi baxımdan artıq bağlanmış hesab olunsa da, onun geosiyasi və informasiya həyatı hələ müəyyən müddət davam edəcək. Lakin əsas və geridönməz dəyişiklik ondan ibarətdir ki, regionda siyasi reallığı artıq postmünaqişə nizamı müəyyən edir.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


