Azərbaycan–Gürcüstan: yüksək səviyyəli diplomatiya

post-img

Tbilisidə qəbul edilən strateji qərarlar regionun inkişafına yeni təkan verəcək

Qonşu dövlətlər arasındakı dayanıqlı tərəfdaşlıq regional təhlükəsizliyin əsas qarantı rolunda çıxış edir. Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü yeni geostrateji reallıqların növbəti əyani təsdiqidir. Görüşdə liderlər ikitərəfli əlaqələrin məhz dostluq, mehriban qonşuluq, dərin strateji müttəfiqlik prinsiplərinə tam əsaslandığını qeyd ediblər.

Əməkdaşlığın çoxşaxəli istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, “yaşıl enerji”, nəqliyyat, kütləvi sərmayələr, digər həyati əhəmiyyətli sahələrdə uğurla inkişaf etdiyi xüsusi vurğulanıb. Mövcud tarixi mərhələ diplomatiya tariximizə qarşılıqlı inteqrasiyanın inkişaf epoxası kimi daxil olur. Ələlxüsus, son illəri əhatə edən böhranlı qlobal dövrdə baş tutmuş yüksək səviyyəli davamlı dialoq, müxtəlif dövlət nümayəndələrinin intensiv qarşılıqlı səfərləri qardaşlıq trayektoriyasını yeni və fərqli ucalığa daşıyır.

Qlobal reallıqlar daxilində dövlət səfərinin siyasi əhəmiyyətini qat-qat artıran digər vacib detal Azərbaycan Prezidentinin Gürcüstanın Baş naziri ilə apardığı dərin məzmunlu dialoqdur. İrakli Kobaxidze İlham Əliyevlə mətbuata birgə bəyanatında mühüm tarixi paralellər aparıb: “Xalqlarımız əsrlər boyu daim qarşılıqlı şəkildə bir-birinə sıx bağlı olub, həmin əlaqələrin məntiqi davamı odur ki, hazırda iki dövlət arasında möhkəm strateji tərəfdaşlıq mövcuddur. Şadam ki, mövcud əməkdaşlıq müxtəlif istiqamətlər üzrə çox dinamik şəkildə inkişaf edir”. Hökumət başçısının inamla qeyd etdiyi əsrlərə söykənən sarsılmaz qardaşlıq faktoru gələcək irimiqyaslı inteqrasiya layihələrinin dayaq nöqtəsini təşkil edir. Səsləndirilən fikirlər aydın göstərir ki, hər iki respublikanın yürütdüyü xarici siyasət kursu eyni strateji hədəflərə doğru mütləq sinxronluqla, uğurla irəliləyir. Tərəflərin mürəkkəb geostrateji planlaması, sadəcə, ənənəvi qapalı formatlarla kifayətlənməyib, fərqli çoxtərəfli sektorlarda inamla genişlənir. Qeyd edilən nəhəng layihələrin strateji tətbiqi yalnız daxili faydalarla məhdudlaşmayıb, beynəlxalq arenada diqqət çəkir.

Qlobal güclərin kəsişmə nöqtəsində yerləşən coğrafiyamız həmişə dəqiq hesablanmış siyasi manevrlər tələb edir. İki qonşu ölkənin müştərək formalaşdırdığı yaşıl enerji dəhlizləri, Xəzər dənizinin böyük potensialını Qara dəniz vasitəsilə Avropaya daşıyan strateji infrastrukturlar gələcək onilliklərin iqtisadi müstəqilliyinə zəmanət verir. Qlobal nəqliyyat qovşaqlarının iflic olduğu dönəmdə Şərqlə Qərbi etibarlı şəkildə əlaqələndirən Orta Dəhliz layihəsi yeganə qurtuluş yolu kimi dəyərləndirilir. Avrasiya məkanının aparıcı logistika mərkəzinə çevrilmək istiqamətində atılan birgə addımlar, qarşılıqlı irihəcmli kütləvi sərmayələr əməkdaşlığın miqyasını göstərir. Qitələrarası tranzit yüklərin məhz Tbilisi–Bakı xətti ilə maneəsiz hərəkəti qlobal iqtisadiyyatı dirçəldən strateji qaynaqdır.

* * *

Cənubi Qafqazda daimi sabitliyin tam bərpası, regional təhlükəsizlik paradiqmasının dərindən möhkəmləndirilməsi mexanizmləri aktual mövzu olaraq qalır. Mətbuata verilən bəyanatlarda səsləndirilən tarixi tezislər regionun dərin geosiyasi transformasiyasını olduqca incəliklə xarakterizə edir. Azərbaycan Prezidenti İlham Əliyev hazırkı qlobal təlatümlər fonunda Qafqazın xilas düsturunu aydın ismarışlarla diqqətə çatdırıb: “Hazırda Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır, habelə regionda yerləşən ölkələr yaranmış imkanları əldən verməməlidir. Çünki hazırda sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur, həmin mənfi proseslərin nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət, ağır itkilər baş verir”. Strateji uzaqgörən baxışın məntiqi davamı kimi səsləndirilən fikirlər özündə bölgənin dirçəliş paradiqmasını ehtiva edir: “Cənubi Qafqazda da vaxtilə sadalanan mənzərəyə oxşar vəziyyət mövcud idi. Amma hazırda region artıq sülh, əmin-amanlıq, təhlükəsizlik, həmçinin əməkdaşlıq məkanına çevrilir”. İlham Əliyevin müdrikcəsinə irəli sürdüyü sadalanan tutarlı arqumentlər konseptual yol xəritəsidir.

İktərəfli danışıqlarda Azərbaycanla Ermənistan arasında gedən normallaşma prosesi dərindən təhlil olundu. Bölgənin qlobal logistika şəbəkələrinə sıx inteqrasiyası, Ermənistanın ehtimal edilən gələcək iştirakı çərçivəsində regional yük daşınmasında yarana biləcək tranzit əməliyyatlarının taleyi incələmə obyekti hesab olunur. Prezident İlham Əliyev beynəlxalq tribunalardakı əhatəli çıxışlarında dəfələrlə vurğulayıb ki, regionda davamlı, sarsılmaz sülhə nail olunması ancaq dövlətlərin ərazi bütövlüyünə qeyd-şərtsiz hörmət göstərilməsi, beynəlxalq hüququn təməl normalarına ciddi riayət edilməsi hesabına reallaşa bilər. Dövlət başçımızın mütləq obyektiv, peşəkar yanaşmasına görə, “Qafqaz evi” kimi mütərəqqi inteqrativ konsepsiyalar ancaq əvvəllər mövcud olmuş münaqişələrin aradan qaldırılmasından, qanlı səhifələrin bağlanmasından sonra real mahiyyət kəsb edə bilir.

Görüş çərçivəsində Azərbaycan və Gürcüstan prezidentləri respublikaların beynəlxalq təşkilatlar daxilində mövcud sarsılmaz əməkdaşlığından duyduqları məmnunluğu qürurla bildirdilər. Çoxşaxəli qlobal əlaqələrin cəlbedici perspektivləri, qarşılıqlı maraq doğuran digər fundamental məsələlər ətrafında faydalı fikir mübadiləsi aparıldı. Ələlxüsus, BMT, ATƏT, GUAM formatı, həmçinin Avropa Şurası kimi nüfuzlu platformalarda həyata keçirilən davamlı müştərək siyasi tədbirlər mütəxəssislər tərəfindən çox yüksək təqdirlə xarakterizə edilir. Sadalanan qurumların sessiyalarında mütləq suverenlik, ərazi toxunulmazlığı ali prinsiplərinin ortaq mövqedən inamla müdafiəsi hökumətlərin yekdil geostrateji xəttə sadiqliyini nümayiş etdirir.

* * *

Tbilisinin meri Kaxa Kaladze Azərbaycan Prezidentinin səfəri ilə bağlı açıqlamasında məhz mühüm təhlükəsizlik aspektlərinə fokuslanıb. O vurğulayıb: “Azərbaycan bizim strateji tərəfdaş ölkəmizdir. İki dövlət arasında münasibətlər çox vacibdir. Dostluq, səmimi təmaslar illərdir mövcuddur. Biz qeyd edilən dostluq münasibətlərini, sarsılmaz strateji tərəfdaşlığı alqışlayırıq”. Merin inamla ifadə etdiyi fikirlər vəziyyətin qlobal dərəcəsini izah edir: “Prezident İlham Əliyevin Gürcüstana səfəri həddindən artıq dərəcədə önəmlidir. Yaxın Şərqdəki mövcud vəziyyətin nə qədər çətin olduğunu, dünyada hansı proseslərin baş verdiyini, dünyanın hansı çətinliklərlə üzləşdiyini nəzərə alsaq, cərəyan edən reallığı daha aydın dərk edərik. Regionda sülhün qorunması, ölkələrimizdə sabitlik prinsipial olaraq vacibdir”.

Dünyanın müxtəlif qitələrində anidən alovlanan dağıdıcı konvensional münaqişələr, təhlükəli etnik toqquşmalar fonunda Tbilisi–Bakı tandeminin qurduğu mükəmməl təhlükəsizlik adası planetar beyin mərkəzlərinin daim diqqət mərkəzindədir. Nümayiş etdirilən diplomatik ustalıq böhranlı illərin sərt reallıqları müstəvisində yürüdülən praqmatik, habelə qətiyyətli kurs milli maraqların qorunmasına hesablanmış ali strategiya nümunəsidir.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət