İqtisadi və turizm sahələrində yeni mərhələ başlayır
Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin hökumət başçılarının və vitse-prezidentin iştirakı ilə keçirilən tədbirin diqqətçəkən məqamlarından biri Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstelin toplantıda iştirakı oldu. Bu fakt ŞKTC-nin Türk dünyasının ayrılmaz tərkib hissəsi olduğunun növbəti nümayişi idi.
Bu yaxınlaşma təkcə diplomatik gedişat deyil, eyni zamanda, ideoloji, mədəni və tarixi ortaqlığa söykənən milli kimliyin qlobal müstəvidə möhkəmləndirilməsi prosesidir. Qeyd edək ki, Şərqi Aralıq dənizi regionunun son illər qlobal enerji xəritəsində tutduğu strateji mövqe və burada formalaşan yeni geosiyasi rəqabət mühiti Azərbaycanın regiondakı dost aktorlarla, xüsusən də Şimali Kipr ilə münasibətlərini strateji zərurətə çevirib. Azərbaycanın bölgədəki proseslərdə dolayı iştirak imkanlarının genişlənməsi, gələcəkdə müxtəlif enerji və nəqliyyat dəhlizlərində perspektiv əməkdaşlıq platformaları üçün dayanıqlı zəmin yaradır.
İqtisadi maraqlar baxımından Azərbaycan–Şimali Kipr əlaqələri hələ tam potensialını reallaşdırmasa da, qeyri-neft sektorunun inkişafı kontekstində böyük imkanlar vəd edir. Xüsusilə turizm, ali təhsil və investisiya sahələrindəki əməkdaşlıq Azərbaycanın iqtisadi diversifikasiya strategiyasına tam cavab verir. Şimali Kiprin inkişaf etmiş təhsil infrastrukturu və turizm potensialı ilə Azərbaycanın artan investisiya imkanlarının birləşməsi hər iki tərəf üçün ciddi dividendlər vəd edir.
Eyni zamanda, mədəni və humanitar sahədəki layihələr Azərbaycanın “yumşaq güc” siyasətinin mühüm komponenti kimi çıxış edir. Azərbaycan mədəniyyətinin, dilinin və ortaq dəyərlərinin ŞKTR-də təşviqi həm ictimai diplomatiyanın güclənməsinə, həm də beynəlxalq arenada milli imicin yüksəldilməsinə xidmət edir. Şimali Kiprin beynəlxalq səviyyədə tanınma ilə bağlı qarşılaşdığı məhdudiyyətlər Azərbaycanın bu istiqamətdəki rəsmi addımlarında balanslı və ehtiyatlı diplomatiya yürütməsini şərtləndirir. Məhz bu səbəbdən əlaqələrin daha çox parlament diplomatiyası, partiyalararası format və humanitar kanallar vasitəsilə intensivləşməsinə xüsusi önəm verilir.
“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri Nadir Azərinin XQ-yə verdiyi şərhdə vurğuladığı kimi, Azərbaycan son illər Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Türkiyə ilə birlikdə həlledici lider mövqeyinə yüksəlib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kurs Türk dünyasının dərin inteqrasiyasına hədəflənib və dövlət başçısının “Bizim ailəmiz Türk dünyasıdır” bəyanatı bu prosesin əsas ideoloji lokomotivinə çevrilib. Bu vizyon təkcə siyasi bəyanat deyil, həm də Türk dünyasının gələcək birliyinin strateji xəritəsidir. Bu siyasətin bariz nümunəsi olaraq, Türkiyənin təşəbbüsü ilə TDT-də müşahidəçi statusu alan Şimali Kipr Azərbaycanın hərtərəfli siyasi və diplomatik dəstəyini hər mərhələdə hiss etməkdədir. Bu isə Türk dünyasında həmrəyliyin və inteqrasiyanın gücləndirilməsi baxımından əhəmiyyət kəsb edir. Biz bu dəyərləndirməmizdə Azərbaycanın ŞKTC üçün yaratdığı imkanların hamısını sadalamağı zəruri hesab etməsək də, bir məqam üzərində xüsusi dayanmalıyıq. 2025-ci ilin iyulunda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə və 2025-ci ilin oktyabrında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının Qəbələ Zirvə Görüşündə Şimali Kipr Türk Cümhuriyyəti ilk dəfə məhz dövlət başçısı səviyyəsində və öz bayrağı altında təmsil olundu”.
Azərbaycanın bu istiqamətdə dəstəyi bu gün də davam edir. Bakıda keçirilən görüşə Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin dəvət olunması da Azərbaycanın qardaş ölkəyə verdiyi siyasi və diplomatik dəstəyin davamlı və səmimi xarakter daşıdığını nümayiş etdirir. Bununla yanaşı, onu da qeyd edək ki, Azərbaycan ilə Şimali Kipr arasında əlaqələrin indiyədək daha çox təhsil, turizm və qismən mədəniyyət sahələrində inkişaf etdiyi müşahidə olunur. Paralel olaraq, Azərbaycan, Türkiyə və ŞKTC-nin hakim partiyaları arasında üçtərəfli əməkdaşlıq formatının formalaşması da diqqət çəkir və bu mexanizmin daha da inkişaf etdirilməsi istiqamətində addımlar atılır. Sadalananlar kontekstində Ünal Üstelin Azərbaycana səfəri çərçivəsində keçirdiyi görüşlər, o cümlədən hökumət üzvləri ilə müzakirələr iki ölkə arasında əməkdaşlığın gələcəkdə iqtisadi sahədə də genişlənəcəyini deməyə əsas yaradır. Ü.Üstel Azərbaycana səfəri çərçivəsində mediaya verdiyi açıqlamalarda iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, birbaşa aviareyslərin açılması və vətəndaşların daha sərbəst səfər imkanlarının yaradılması kimi məsələlərə xüsusi diqqət yetirilməsi, bu istiqamətdə niyyətin ciddi olduğunu göstərir. Ü.Üstelin də bəyan etdiyi kimi, qarşılıqlı gediş-gəliş xalqlarımız arasında bağların daha da güclənməsinə xidmət edəcək. Çünki Türkiyə Cümhuriyyəti, Azərbaycan və Şimali Kipr birlikdə “bir millət, üç dövlət” anlayışını təmsil edir. Birliyin daha da güclənməsi üçün ilk növbədə turizm sahəsində konkret addımlar atılmalıdır.
Şübhəsiz, mövcud beynəlxalq reallıqlar fonunda bu təşəbbüslərin tam şəkildə və qısa müddətdə reallaşması müəyyən zaman tələb edə bilər. Lakin son görüşlər və tədbirlər bir daha sübut edir ki, Azərbaycan Türk dünyasının daha dərin inteqrasiyasına yönəlmiş qətiyyətli siyasət yürüdür və bu kurs dəyişməz olaraq qalır. Bütün bunlar eyni zamanda Prezident İlham Əliyev tərəfindən səsləndirilən “Bizim ailəmiz Türk dünyasıdır” tezisinin praktik müstəvidə reallaşdırıldığını göstərir. Azərbaycanın atdığı bu ardıcıl addımlar həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə öz müsbət nəticələrini verməkdədir. Bu proseslərin fonunda yaxın perspektivdə Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında xüsusilə turizm və ali təhsil sahələrində əməkdaşlığın daha da dərinləşəcəyi, eyni zamanda siyasi və institusional əlaqələrin yeni mərhələyə qədəm qoyacağı gözlənilir”.
P.ƏFƏNDİYEV
XQ

