Ölkənin xidmət qurumları gücləndirilmiş rejimdə çalışırlar

post-img

Paytaxtda və bölgələrdə təbii fəlakətin fəsadları aradan qaldırılır

Milli Hidrometeorologiya Xidməti aprelin 6-sı səhər məlumat verib ki, Azərbaycanda qeyri-sabit hava şəraiti davam edir, bəzi yerlərə intensiv və güclü yağış, dağlıq ərazilərə isə qar yağır.

Martın sonlarında müşahidə olunan güclü yağıntılardan bir həftə keçməmiş Bakıda və Abşeron yarımadasında havalar yenə dəyişib. Düşən yağıntının miqdarı 90 millimetr qeydə alınıb ki, bu da aylıq normanın 390 faizi qədər olub. Həmin göstərici Xaçmazda 94 (aylıq normanın 311 faizi), Qubada 83 (aylıq normanın 174 faizi), Xaltanda 74 (aylıq normanın faizi), Xızıda 69 (aylıq normanın 95 faizi), Qusarda 69 (aylıq normanın 144 faizi), Şabranda 63 (aylıq normanın 209 faizi) millimetr olub.

Ölkəmizin ayrı-ayrı bölgələrində isə yağıntılar qara çevrilib. Məsələn, Şahdağda qar örtüyünün hündürlüyü 1 metr 24 sm, Qrızda 34, Xınalıqda 22, Qusarda 3 sm təşkil edib.

Əlbəttə, su aydınlıqdır, xüsusilə də yaz fəslində yağışların olması təbiidir. Amma bu günlərdə son 30 ilin statistikasına görə, ən yüksək miqdarda yağış yağması, leysan və sellər əhali üçün çətinliklərsiz ötüşmür. Normadan yüksək və fasiləsiz yağışlar magistral yollarda, küçə və prospektlərdə hərəkət iştirakçıları üçün əlverişsiz mühit yaradaraq qəza riskini əhəmiyyətli dərəcədə artırıb. Yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması sürücülərdən daha çox diqqət və məsuliyyət tələb edib.

Bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciətində hərəkət zamanı xüsusilə ehtiyatlı olmağın, sürət həddini minimuma endirməyin, mütləq ara məsafəsi saxlamağın, avtomobilin şüşəsilən və işıq cihazlarının saz vəziyyətdə olmasına diqqət yetirməyin vacibliyini önə çəkib. Eyni zamanda, əlverişsiz hava şəraiti paytaxtın bəzi ərazilərində və Sumqayıtda piyadalar üçün də əlavə çətinliklər yaradıb.

Bu günlərdə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və tabeliyində olan strukturlar, rayon icra hakimiyyəti başçıları və onların aparatları gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər. Bakıətrafı qəsəbələrin kanalizasiya sistemi mövcud olmayan ərazilərində subasma halları aradan qaldırılsın deyə, həmin yerlərdə kommunal xidmət əməkdaşları xüsusi vasitələrdən istifadə etməklə yağış sularını çəkir, həmçinin zəruri hallarda insanları təxliyə edirlər.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov Keşlə qəsəbəsində su basmış evlərə və əraziyə baxış keçiriblər. Eldar Əzizov qəsəbə sakinləri ilə görüşüb, onların problemlərini dinləyib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib. Həmçinin Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovla birlikdə Keşlədə yağış sularının kənarlaşdırılmasında problem yaradan ikimərtəbəli evin söküldüyü yerə baxılıb. Problemin həlli istiqamətində konkret tədbirlər müəyyənləşdirilib. Xatırladaq ki, Xətai rayonu Rəşid Bağırov 36/12b ünvanında kollektor üzərində tikilmiş və Keşlə qəsəbəsində yağış sularının kənarlaşdırılmasında problem yaradan evin sökülməsi qərara alınıb.

Hazırda paytaxtın kommunal xidmət sahəsi əməkdaşları su basmış evlərdən vətəndaşların təxliyəsində iştirak edir, zəruri təhlükəsizlik tədbirləri görürlər. Ərazilərə su nasosları, xüsusi texniki qurğular və ağır texnikalar cəlb olunub. Paytaxtın Nizami, Sabunçu, Xəzər rayonlarında, eləcə də Sumqayıtda, Abşeron və Xaçmaz rayonlarında yığılan suların nasoslarla kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi həyata keçirilib. Tədbirlər fasiləsiz davam etdirilir.

Azərbaycanda qeyri-sabit hava şəraiti ilə əlaqədar 3 liman bağlanıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyindən (DDLA) verilən məlumatda deyilir ki, Qaradağ, Dübəndi, Sahil limanlarına giriş-çıxış bağlanıb, amma digər limanlar açıqdır.

Fövqəladə Hallar Nazirliyinin (FHN) bölmələri fasiləsiz leysan yağışlarının törətdiyi fəsadların aradan qaldırılması üzrə zəruri tədbirlər görürlər. Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov dünən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq nəticəsində suyun təsirinə məruz qalmış əraziyə gedib. Yaranmış vəziyyət və fəsadların aradan qaldırılması istiqamətində görülən işlərlə yerində tanış olub və aidiyyəti üzrə tapşırıqlar verib. O, həmçinin son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolunun keçdiyi ərazidə yaranmış torpaq sürüşməsi təhlükəsi ilə əlaqədar həmin ərazidə olub. Orada Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Vüsal Nəsirli və digər müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə birgə fikir mübadiləsi aparılıb, atılacaq addımlar müzakirə olunub və aidiyyəti üzrə tapşırıqlar verilib.

Hazırda ərazi nəzarətdə saxlanılır, vəziyyətin stabilləşdirilməsi və yolun təhlükəsiz istismarı üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür. Həmin tədbirlər çərçivəsində Su İdman Sarayından Bibiheybət qəsəbəsi istiqamətinə (Dənizkənarı küçə) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə əlaqədar, 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib. Dəyişikliyə əsasən, 72, 120A, 125, 149, 205 və E1 nömrəli marşrutların hərəkəti “20-ci sahə dairəsi” – Şəfəq küçəsi ilə təşkil olunub.

Nazirliyin İctimaiyyətlə Əlaqə İdarəsinin əməkdaşı Pərviz Aslanovun verdiyi məlumata görə, FHN əməkdaşları təhlükəsizliyi hər vasitə ilə təmin etməyə çalışıblar.

– Bakının bir sıra rayonlarında, Sumqayıt, Abşeron və Xızıda suyun təsirinə məruz qalan ərazilərdən suyun çəkilməsi işləri aparılır. Xızıda bəzi ərazilərdən vətəndaşların təxliyəsi həyata keçirilib. Gecə saatlarında da nazirliyin qüvvələri tərəfindən fasiləsiz olaraq, intensiv şəkildə işlər davam etdirilib. Paralel olaraq digər təhlükəsizlik tədbirləri də həyata keçirilir.

Onu da deyək ki, FHN əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Sel və daşqından qorunmaq üçün təhlükəli ərazilərdən uzaq durmağın, xilasedicilərin çağırış və tövsiyələrinə əməl etməyin son dərəcə vacib olduğu vurğulanıb.

Ölkənin şimal bölgəsində sel sularının yaratdığı fəsadlar səbəbindən bəzi kənd məktəblərində dərslər təxirə salınıb. Xaçmazda Hacılar və Cığatay kənd məktəblərinin həyətlərini su basıb. Təhsil ocaqlarının zirzəmilərinə və bəzi sinif otaqlarına da su dolub. Ümumiyyətlə, Xaçmazda dərslərin təxirə salındığı məktəblərin sayı 10-dan çoxdur. Quba, Qusar, Şabran və Siyəzəndə də ümumilikdə 10-a yaxın bu cür məktəb var. Bəzi təhsil ocağında isə dərslərin təxirə salınmasına səbəb məktəblərə gedən yolların sel suları səbəbindən keçilməz olmasıdır. Fəsadların aradan qaldırılması üçün əraziyə müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunub.

Qusar rayonunda da sel təhlükəsi yaranan ərazilər nəzarətə götürülüb. Hil, Yasab, Mucuq, Gündüzqala və digər kəndlərində təhlükəli ərazilərə baxış keçirilib, fəsadlar yerində qiymətləndirilib. Sel Yasab kəndinə gedən avtomobil yoluna, Mucuq kəndində körpüyə ziyan vurub, Hil kəndində çay kənarlarında torpaq yuyulması müşahidə olunur. Yüksək dağlıq ərazilərdə – Laza və Sudur kəndlərində qar yağıb. Suvacal, Gündüzqala, Əniq və Mucuq kəndlərində yerləşən körpülər yararsız vəziyyətə düşüb. Eyni zamanda, bəzi kəndlərə gedən yollar müvəqqəti bağlanıb. Quxuroba kəndində 200 hektardan, Zuxul kəndində isə 50 hektardan artıq əkin və bağ sahəsi su altında qalıb. Aidiyyəti qurumlar tərəfindən ərazilərdə bərpa və təhlükəsizlik tədbirləri operativ davam etdirilir.

Yağan yağış ətraf mühitə də müəyyən ziyan vurub. Belə ki, aprelin 5-i axşam saatlarından aprelin 6-sı səhərə kimi intensiv yağışla müşayiət olunan külək nəticəsində Bakıda bəzi ağaclar aşıb. Bununla bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin operativ qrupları fasiləsiz xidmət göstərir. Birliyin əməkdaşları çağırış olan ərazilərə gələrək aşan ağacların götürülməsi üçün lazımi tədbirlər görüblər.

Ekologiya üzrə ekspert Gülşən Axundova subasma hallarının şəhər infrastrukturunun müəyyən hissələrində suötürücü sistemlərin yüklənməsi ilə nəticələnməsinə münasibətini bildirərək deyib ki, belə hallar yalnız yerli kontekstdə deyil, qlobal miqyasda da aktual problem kimi qiymətləndirilir və bir çox inkişaf etmiş ölkələrdə bu növ analoji vəziyyətlər qeydə alınır:

– Hazırda Bakının müxtəlif ərazilərində, o cümlədən Keşlə qəsəbəsində baş verən subasma halları zamanı dövlət qurumları tərəfindən çevik və operativ reaksiya mexanizmlərinin tətbiq edilməsi diqqətəlayiqdir. Xüsusilə son hadisələr göstərir ki, fövqəladə hallara cavab verən strukturlar qısa zaman ərzində əraziyə cəlb olunur, suyun çəkilməsi, yolların açılması və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Bu, idarəetmə sisteminin operativliyini və koordinasiyasını əyani şəkildə nümayiş etdirir.

Subasma hadisələri, ilk növbədə, hidrometeoroloji amillərlə bağlıdır. İqlim dəyişiklikləri nəticəsində atmosferdə rütubət səviyyəsinin artması və qeyri-sabit hava şəraitinin formalaşması intensiv yağıntıların tezliyini artırır. Bu baxımdan, Bakıda müşahidə olunan leysan yağışları və onların yaratdığı nəticələr qlobal iqlim dəyişikliklərinin lokal təzahürü kimi qiymətləndirilə bilər. Dünya praktikasına nəzər saldıqda, London, Nyu-York və İstanbul kimi iri şəhərlərdə də güclü yağışlardan sonra metro xətlərinin, yolların və yaşayış məntəqələrinin su altında qalması halları geniş yayılıb. Bu isə göstərir ki, belə hadisələr müasir urbanizasiya prosesinin ayrılmaz tərkib hissəsidir və tamamilə qarşısının alınması deyil, daha çox idarəolunması prioritet hesab edilir.

Onun sözlərinə görə, subasma hadisələri fövqəladə və qeyri-adi hal kimi deyil, müəyyən həddə qədər normal və idarəolunan təbii proses kimi qiymətləndirilməlidir. Əsas məsələ bu cür hadisələrə hazırlıq səviyyəsi və cavab mexanizmlərinin effektivliyidir. Azərbaycanda müvafiq dövlət qurumları bu istiqamətdə fəaliyyətlərini davamlı olaraq təkmilləşdirir. Xüsusilə operativ qərargahların yaradılması, texniki vasitələrin səfərbər edilməsi və əhalinin vaxtında məlumatlandırılması müsbət nəticələrin əldə olunmasına şərait yaradır:

– Beləliklə, Bakıda leysan yağışlarından sonra subasma halları həm təbii, həm də urbanistik amillərin qarşılıqlı təsiri nəticəsində baş verir. Bu hadisələr qlobal tendensiyaların bir hissəsi olmaqla yanaşı, yerli idarəetmə mexanizmlərinin səmərəliliyini də sınaqdan keçirir. Təcrübə göstərir ki, dövlət qurumlarının operativ müdaxiləsi, texniki imkanların səfərbərliyi və koordinasiyalı fəaliyyət sayəsində bu cür vəziyyətlər nəzarət altında saxlanıla bilir. Gələcəkdə isə daha davamlı infrastrukturun qurulması, iqlimə uyğunlaşma strategiyalarının gücləndirilməsi və ictimai maarifləndirmə tədbirlərinin genişləndirilməsi subasma risklərinin minimuma endirilməsində əsas rol oynayacaq.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Azərbaycanda qeyri-sabit hava şəraiti bu gün axşamadək davam edəcək. Buna görə də yaranmış vəziyyətlə bağlı yerlərdə BŞİH-in monitorinq qrupu çalışır. Onlar su yığılan əraziləri, problemli ünvanları müəyyənləşdirir, aidiyyəti qurumlara məlumat verirlər. Beləliklə, intensiv yağan yağışın törətdiyi fəsadları aradan qaldırmaq üçün Bakı şəhərinin bütün məsul qurumları koordinasiyalı şəkildə işləyirlər.

Əli ƏLİYEV
XQ













Sosial həyat