Xalq şairi Səməd Vurğunu Borçalının Sadaxlı kəndi ilə sıx dostluq əlaqəsi birləşdirmişdi. Bu obada böyük şairin xatirəsi həmişə əziz tutulur. Sadaxlı əhalisi bu dostluqla həmişə fəxr edir, şairin yubileylərini təntənə ilə qeyd edirlər. Səməd Vurğunun anadan olmasının 120 iliyi münasibətilə də Sadaxlıda təntənəli mərasim keçirilib.
Kənddə fəaliyyət göstərən “Sadaxlı Təhsil və İnteqrasiya Mərkəzi”ndə təşkil edilən mərasimdə bölgənin yaradıcı ziyalıları, müəllimlər və ictimai fəallar iştirak ediblər. Mərkəzin rəhbəri Samir Şərifov çıxış edərək Səməd Vurğun yaradıcılığının gənc nəslin milli mənlik şüurunun formalaşmasındakı rolundan bəhs edərək deyib ki, o, sadəcə şair deyil, Azərbaycan dilinin saflığını və xalq ruhunu öz misralarında yaşadan bir zirvədir. Bu gün şagirdlərimizin onun yaradıcılığına göstərdiyi maraq mərkəzimizin əsas məqsədlərindən biri olan milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi missiyasına xidmət edir.
Digər çıxış edənlər ölməz xalq şairinin zəngin yaradıcılığından, onun Azərbaycan ədəbiyyatındakı əvəzsiz rolundan və keçdiyi şərəfli həyat yolundan söz açıb, yeni nəsillərin Səməd Vurğun irsini dərindən öyrənməsinin vacibliyini vurğulayıb, onun Borçalıya səfərləri barədə xatirələrini bölüşüblər.
Bədii hissədə şagirdlərin ifasında şairin vətənpərvərlik rəmzinə çevrilmiş "Azərbaycan" şeiri və "Vaqif" dramından səhnələr təqdim edilib.
XQ

