Beynəlxalq qurumlar genişmiqyaslı müharibə ehtimalından narahatdır
Yaxın Şərqdə baş verən hadisələr regionda hərbi-siyasi qarşıdurmanın kəskin şəkildə dərinləşdiyini göstərir. Artan gərginlik həm hava məkanında insidentlər, həm də strateji obyektlərə yönəlmiş zərbələrlə müşayiət olunur. Eyni zamanda, vasitəçilərin iştirakı ilə atəşkəs təşəbbüsləri gündəmdə qalsa da, tərəflər arasında etimadsızlıq və ziddiyyət güclənməkdədir.
Beynəlxalq media mövcud proseslərin regionda genişmiqyaslı eskalasiya riskini artırmaqla yanaşı, qlobal enerji təhlükəsizliyi və iqtisadi sabitlik üçün ciddi təhdidlər yaradacağını vurğulayır.
“Fars Agentliyi”: İran Silahlı Qüvvələri tərəfindən aprelin 5-də ABŞ-ın iki “C-130” hərbi nəqliyyat təyyarəsi və eyni sayda “Black Hawk” helikopteri daxil olmaqla, bir neçə hədəfi vurulub. Rəsmi bəyanata görə, zədələnmiş hərbi hava vasitələri İsfahan vilayətinin cənub istiqamətində yerləşən ərazilərin birinə təcili eniş etmək məcburiyyətində qalıb. Qərargahın iddiasına əsasən, təcili enişdən sonra İran hərbçiləri tərəfindən mühasirəyə alınmış hava vasitələrinə və onların heyətinə elə ABŞ-ın özü tərəfindən havadan zərbə endirilib.
“The Wall Street Journal”: İran Hörmüz boğazının açılması müqabilində ABŞ-ın müvəqqəti atəşkəs təklifini rədd edib. Nəşrin yazdığına görə, Pakistan, Türkiyə və Misirdən olan vasitəçilər danışıqları irəli aparmağa çalışırlar, lakin Tehran Vaşinqtonun tələblərini qəbuledilməz adlandırıb. İran hesab edir ki, ABŞ hər hansı tələblə çıxış edəcək vəziyyətdə deyil.
Tehran rəsmiləri, həmçinin İslamabadda amerikalı həmkarları ilə birbaşa görüş keçirməkdən imtina ediblər. Bundan öncə ABŞ Prezidenti Donald Tramp Tehrana çərşənbə axşamınadək Hörmüz boğazını açmaq barədə ultimatum xarakterli tələb irəli sürmüşdü. Əks halda, o, İranın enerji infrastrukturuna zərbələr endirməklə hədələmişdi.
“Axios”: Birləşmiş Ştatlar və İran 45 günlük mümkün atəşkəs barədə müzakirələr aparır. Nəşrin məlumatına görə, Vaşinqton, Tehran və bir sıra regional vasitəçilər qarşıdurmanın tamamilə başa çatmasına gətirib çıxara biləcək potensial 45 günlük atəşkəsin şərtləri üzərində işləyirlər. Yaxın 48 saat ərzində razılaşmanın əldə olunması ehtimalı böyük deyil, amma bu, İranın mülki infrastrukturuna genişmiqyaslı zərbələri və Fars körfəzi ölkələrində enerji obyektlərinə və su təchizatı sistemlərinə cavab hücumlarını nəzərdə tutan ciddi eskalasiyanın qarşısını almaq üçün yeganə şans ola bilər.
“Israel Defence Forces”: İsrail Müdafiə Qüvvələri Livanın müxtəlif bölgələrində mülki tikililər arasında yerləşən bir sıra hərbi infrastruktur obyektlərini və silah anbarlarını məhv edib. Məlumata görə, “Hizbullah” qruplaşmasının infrastrukturuna zərbələrin endirilməsi və ön müdafiə xəttinin möhkəmləndirilməsi əməliyyatları çərçivəsində son bir neçə gün ərzində İsrail HHQ raket buraxılış qurğularının və silah anbarlarının aşkarlanması və məhv edilməsi istiqamətində məqsədyönlü əməliyyatlar aparıb.
“Al Jazeera”: İsrail Müdafiə Qüvvələri (IDF) İranın “Həsən əl-Əmmam” diviziyasının artilleriya komandiri Kamal Malhamı öldürüb. Məlumata görə, “Həsən əl-Əmmam”ın atəşin idarə edilməsinə cavabdeh baş qərargahına zərbələr nəticəsində artilleriya rəisi Kamal Malham, diviziya komandirinin köməkçisi Yəhya Həsən və bir sıra digər yüksək rütbəli hərbçilər öldürülüb.
“Tasnim”: “ABŞ İran tərəfindən vurulan qırıcının pilotunun xilas edilməsi zamanı İsfahandakı obyektdən İranın zənginləşdirilmiş uranını oğurlamağı hədəfləyə bilərdi”. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib: “Bu əməliyyatda çox sayda suallar və qeyri-müəyyənliklər var. Amerikalı pilotun olduğu iddia edilən ərazi onların qoşun yerləşdirmək istədikləri ərazidən çox uzaqdadır. Ola bilsin ki, dezinformasiya əməliyyatı zənginləşdirilmiş uranın oğurlanmasına yönəlib”.
“Times of Israel”: İsrail Müdafiə Ordusu Qəzza zolağında radikal HƏMAS hərəkatı üçün silah qaçaqmalçılığı ilə məşğul olan Əli Əhməd Əli Əmrainin öldürüldüyünü açıqlayıb. Bildirilib ki, Əmrain aprelin 4-də Qəzza zolağının mərkəzi hissəsinə endirilən zərbə nəticəsində öldürülüb.
“Mehr”: “ABŞ və İsrailin İranın infrastrukturuna endirdiyi zərbələr qlobal iqtisadiyyat üçün dağıdıcı nəticələrə gətirib çıxaracaq”. Bunu İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə telefon danışığı zamanı bildirib. Onlar son regional hadisələri və Yaxın Şərqdəki gərginliklə bağlı beynəlxalq məsələləri müzakirə ediblər. “Belə bir vəziyyətin nəticələri İran və regionla məhdudlaşmayacaq, qlobal energetikaya və iqtisadiyyata dağıdıcı təsir göstərəcək və bunun məsuliyyəti yalnız Vaşinqtonun üzərinə düşəcək”, - deyə Əraqçi bildirib.
“ABC”: Vaşinqtonun Şimali Atlantika Alyansı üzrə tərəfdaşlarına İrana qarşı hərbi əməliyyata qoşulmaq barədə çağırışı ABŞ rəhbərliyi tərəfindən NATO-nun sınağa çəkilməsindən başqa bir şey deyildir. Bu barədə ABŞ Prezidenti Donald Tramp “ABC” telekanalına müsahibəsində bildirib: “Mən bunu bir sınaq kimi etdim. Buna ehtiyacım yoxdur, elə deyilmi? NATO kağız pələngdir, onların gəmiləri yoxdur, ümumiyyətlə, heç nələri yoxdur”.
Hazırladı:
N.BEYDİYEVA
XQ

