Azərbaycan və Gürcüstan əlaqələri tarixi köklərə, ortaq siyasi maraqlara, eləcə də enerji, nəqliyyat, logistika və tranzit sahəsində qarşılıqlı əməkdaşlığa əsaslanır. Hər iki ölkə müstəqil olduqdan sonra Cənubi Qafqaz sürətli inkişaf yolu keçib. Regionun inkişafı 30 ildən artıq etnik və siyasi münaqişələrlə, geosiyasi qeyri-müəyyənliklərlə müşayiət olunsa da, çətin geosiyasi şəraitdə Azərbaycan və Gürcüstan sabitlik adası kimi çıxış edib, Avropa ilə Asiyanın qovşağında böyük layihələr həyata keçiriblər.
Aprelin 6-da Prezident İlham Əliyevin Gürcüstana dövlət səfəri qarşılıqlı münasibətləri daha da irəli aparmaq üçün mühüm addımdır. Dövlət başçısının Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub. Söhbət zamanı Azərbaycan–Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilərək, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, “yaşıl enerji”, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Həmçinin Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin önəmi vurğulanıb, strateji və iqtisadi əhəmiyyəti qeyd edilib.
Ötən illər ərzində rəsmi Bakı və Tbilisinin münasibətləri qonşuluq əlaqələri çərçivəsini aşaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Məlum olduğu kimi, iki ölkə arasında iqtisadi inteqrasiyanın əsasını enerji layihələri təşkil edir. Xəzər hövzəsinin zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasını təmin edən Bakı–Tbilisi–Ceyhan neft kəməri bu baxımdan dönüş nöqtəsi hesab olunur. 2006-cı ildə istismara verilən kəmər Azərbaycanın enerji resurslarını Aralıq dənizinə çatdırmaqla yanaşı, Gürcüstanı mühüm tranzit ölkəyə çevirib.
Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bakı–Tbilisi–Qars dəmir yolu xətti bu istiqamətdə ən mühüm layihələrdən biridir. 2017-ci ildə istifadəyə verilən bu dəmir yolu Çin ilə Avropa arasında yükdaşımaların müddətini əhəmiyyətli dərəcədə azaldaraq regionu beynəlxalq ticarət marşrutlarının mərkəzinə çevirib. Bu xətt, eyni zamanda, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun – daha çox Orta Dəhliz kimi tanınan layihənin əsas komponentlərindən biridir.
Prezident İlham Əliyev Gürcüstana səfəri çərçivəsində ölkənin Baş naziri ilə birgə mətbuata bəyanatlarla çıxış edərkən bildirib ki, Orta Dəhliz Azərbaycan və Gürcüstan ərazisindən keçir və bu, bizim üçün əsas nəqliyyat damarıdır. Bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcək.
* * *
Yeri gəlmişkən, Orta Dəhliz çərçivəsində Azərbaycan və Gürcüstanın rolu xüsusilə diqqətəlayiqdir. Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya uzanan bu marşrut alternativ “İpək yolu” funksiyasını yerinə yetirir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə Gürcüstanın Poti və Batumi limanları arasında qurulan multimodal əlaqələr isə yükdaşımaların səmərəliliyini artıraraq regionu qlobal logistika zəncirinin ayrılmaz hissəsinə çevirir.
İqtisadi münasibətlərin digər mühüm istiqaməti ticarət və investisiya sahəsidir. Azərbaycan Gürcüstanın əsas enerji təchizatçılarından biri olmaqla yanaşı, bu ölkənin iqtisadiyyatına ən çox investisiya yatıran dövlətlərdən biridir. Eyni zamanda Gürcüstan Azərbaycan məhsulları üçün mühüm ixrac bazarı kimi çıxış edir. Ticarət dövriyyəsində əsas payı enerji məhsulları təşkil etsə də, son illərdə kənd təsərrüfatı, sənaye və tikinti materialları kimi qeyri-neft sektorunda da artım müşahidə olunur.
Qeyd edək ki, hər il 2 milyard kubmetrdən çox təbii qaz, eləcə də neft və neft məhsulları ölkənin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bütün bu tədarüklər isə sabitlik və bazar üçün məqbul qiymət prinsipləri əsasında həyata keçirilir.
Enerji əməkdaşlığının daha genişmiqyaslı mərhələsi Cənub Qaz Dəhlizi layihəsi ilə bağlıdır. Bu gün Avropanın enerji təhlükəsizliyindən bəhs edilərkən, Azərbaycan və Gürcüstanın rolunu nəzərə almadan bütöv mənzərəni təsəvvür etmək çətindir. Bu boru kəməri vasitəsilə Azərbaycan qazı Avropa bazarına çıxarılır və qitənin enerji təhlükəsizliyinin təminində alternativ mənbə rolunu oynayır. Gürcüstan bu layihədə yalnız tranzit ölkə deyil, həm də enerji təminatında mühüm tərəfdaş kimi çıxış edir. Məhz Cənub Qaz Dəhlizi vasitəsilə “qoca qitə” enerji təminatını şaxələndirərək təhlükəsizliyini möhkəmləndirir.
Bununla yanaşı, müasir dünyada “yaşıl keçid” gündəliyi də getdikcə daha çox ön plana çıxır. Azərbaycan və Gürcüstan bu prosesdə Avropa ilə Asiya arasında etibarlı enerji və nəqliyyat körpüsü funksiyasını yerinə yetirir. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış strateji enerji əməkdaşlığına dair memorandum Gürcüstanın bu təşəbbüslərdə tranzit ölkə kimi rolunu daha da möhkəmləndirir. Yaxın perspektivdə isə Xəzər hövzəsindən başlayaraq Gürcüstan üzərindən keçəcək və Qara dənizin dibi ilə Avropaya uzanacaq elektrik ötürücü kabel layihəsinin reallaşdırılması planlaşdırılır ki, bu da regionun “yaşıl enerji” ixrac potensialını əhəmiyyətli dərəcədə artıracaq.
Bütün bu amillər onu deməyə əsas verir ki, Azərbaycan ilə Gürcüstan arasında qurulan iqtisadi tərəfdaşlıq regionda sabitliyin və inkişafın əsas sütunlarından biridir. Enerji resurslarının dünya bazarlarına çıxarılması, alternativ nəqliyyat dəhlizlərinin formalaşdırılması və ticarət əlaqələrinin genişlənməsi fonunda bu əməkdaşlıq yaxın illərdə daha da dərinləşəcək və strateji əhəmiyyətini qoruyub saxlayacaq.
Vüqar BAYRAMOV,
Milli Məclisin deputatı
Azərbaycan ilə Gürcüstan arasında strateji əməkdaşlıq mövcuddur. Nəzərə alsaq ki, Azərbaycan Gürcüstanın enerji təhlükəsizliyinin təmin olunmasında əsas tərəfdaşlardan biridir, bu münasibətlərin əhəmiyyəti daha aydın görünür. Uzun illərdir Gürcüstanın təbii qaz tələbatının böyük hissəsi məhz Azərbaycan tərəfindən qarşılanır və bu sahədə Bakı həlledici rol oynayır.
Ümumilikdə, iki ölkə arasında münasibətlər və əməkdaşlıq səviyyəsi kifayət qədər yüksəkdir. Bu, həm tranzit və nəqliyyat əməliyyatlarında, həm də qarşılıqlı investisiya qoyuluşlarında özünü açıq şəkildə göstərir. Azərbaycan həm dövlət, həm də özəl sektor vasitəsilə Gürcüstan iqtisadiyyatına ən çox sərmayə yatıran tərəflər sırasında yer alır.
Uzun müddət ərzində Azərbaycan Gürcüstanda birbaşa xarici investisiyalar üzrə ilk üçlükdə qərarlaşıb. Bu fakt onu göstərir ki, münasibətlər yalnız siyasi deyil, eyni zamanda, iqtisadi müstəvidə də dərin və dayanıqlıdır. Qarşılıqlı sərmayə axını strateji tərəfdaşlığın real göstəricilərindən biri kimi çıxış edir.
Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasındakı münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu səfər bir tərəfdən strateji əməkdaşlığın daha da möhkəmlənməsinə, digər tərəfdən isə iqtisadi sahədə yeni proqram və layihələrin həyata keçirilməsinə zəmin yaradır.
Bu baxımdan, yaxın perspektivdə Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin daha da genişlənəcəyi, xüsusilə iqtisadi sahədə yeni təşəbbüslərin reallaşacağı gözlənilir. Bu isə hər iki ölkənin iqtisadi inkişafına mühüm töhfə verəcək.
Musa BAĞIRLI
XQ


