Marşrutda ötən il daşımalar 4,7 milyon tona çatıb
Asiya İnkişaf Bankı (AİB) CAREC2 Dəhlizinin (Orta Dəhlizin bir hissəsi) inkişafı üzrə strateji yanaşmanın formalaşdırılmasını başa çatdırıb. Bu çərçivədə layihələrin investisiya portfeli 2025-2030-cu illər üçün 3,7 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.
Bu barədə AİB-in Mərkəzi və Qərbi Asiya Departamentinin regional əməkdaşlıq və əməliyyatların əlaqələndirilməsi şöbəsinin direktoru vəzifəsində fəaliyyətini başa vuran, bu gündən etibarən qurumun Ermənistandakı nümayəndəliyinə rəhbərlik edən Ləzizə Sabirova sosial şəbəkədəki hesabında bildirib.
O qeyd edib ki, 2022-ci ildən başlayaraq Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində 12 milyard ABŞ dollarından çox regional investisiya cəlb etmək mümkün olub. Bundan əlavə, Asiya İnkişaf Bankı CAREC Katibliyi qismində proqramın layihə və təşəbbüslərini icra etmək üçün 26 milyon ABŞ dolları məbləğində texniki yardım resurslarının cəlbini təmin edib.
“AİB və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) dəstəyi ilə Xəzər Yaşıl Enerji Dəhlizi layihəsi sayəsində regional enerji əməkdaşlığında mühüm mərhələyə çatdıq, həmçinin 2025-2030-cu illər üçün 3,7 milyard ABŞ dolları məbləğində layihə portfeli ilə CAREC 2 Dəhlizinin inkişafına dair yanaşmanın hazırlanmasını başa çatdırdıq”,– deyə L.Sabirova vurğulayıb.
Nümayəndəliyin rəhbəri, həmçinin Çin və Koreya Respublikasının dəstəyi ilə təsis edilmiş CAREC İqlim və Davamlılıq Layihəsinə Hazırlıq Fondunun (CSPPF) yaradılması və istifadəyə verilməsi barədə məlumat verib: “CAREC-in İqlim dəyişikliyi üzrə Fəaliyyət Planı hazırlanıb və tətbiq edilib. Nəqliyyat, ticarət və rəqəmsal texnologiyalar sahələrində CAREC strategiyaları isə qlobal vəziyyətin transformasiyası nəzərə alınmaqla yenilənib”.
L.Sabirova qeyd edib ki, bu istiqamətdə atılan addımlar bir sıra əhəmiyyətli təşəbbüslərin, o cümlədən CARTIF-in, BUILD mexanizminin işə salınmasını, intellektual mobillik üzrə yeni işçi qrupunun formalaşdırılmasını, həmçinin CAREC Rəqəmsal Dəhlizinin reallaşdırılmasının növbəti mərhələsinə keçidi təmin edib: “Eyni zamanda, ticarət üzrə siyasət, ticarət prosedurlarının sadələşdirilməsi, “yaşıl səriştə”lərin inkişafı, təbii fəlakət risklərinin maliyyələşdirilməsi və digər istiqamətlərdə irəliləyiş əldə olunub”.
Qeyd edək ki, Qazaxıstanın Nəqliyyat Nazirliyinin məlumatına görə, marşrut üzrə yükdaşımaların həcmi sabit müsbət dinamika nümayiş etdirir. 2019-cu ildə bu göstərici 759 min ton, 2020-ci ildə 783 min ton, 2021-ci ildə 586 min ton, 2022-ci ildə 1,485 milyon ton, 2023-cü ildə 2,764 milyon ton təşkil edib, 2024-cü ildə isə 4,484 milyon tona çatıb.
Türk Dövlətləri Təşkilatının (TDT) məlumatına görə, 2025-ci ildə Orta Dəhlizlə yükdaşımaların həcmi 4,7 milyon tona çatıb. 2027-ci ilə qədər Orta Dəhlizin ötürücülük qabiliyyətinin illik 10 milyon tona çatacağı ehtimal olunur. Bu isə Azərbaycanın tranzit potensialını daha da gücləndirəcək və infrastruktura yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Qeyd edək ki, Orta Dəhliz ilə yük daşımaları üzrə 2030-cu il üçün hədəf proqnozu 11,4 milyon tondur.
XQ

