Azərbaycanşünaslığın inkişafı və azərbaycançılıq konsepsiyası

post-img

I MƏQALƏ

Dövlətin əsas ideyası

Ümumiyyətlə, fəlsəfədə “ideya” anlayışı əsas yerlərdən birini tutur. Onun müxtəlif izahları vardır. Platon mənasında ideya reallığın proobrazıdır. Yəni reallıq ideyaya uyğun qurulur (Platon idealist idi). Deməli, Paltona görə, ideya dəyişməz mahiyyətdir. O, dəyişən, hissi əşyalar dünyasından ayrı mövcuddur.

Materialistlərə görə, ideya reallığı müəyyən etmir, əksinə, ideya reallığı əks etdirir. Bu anlayışın dinin fəlsəfəsində özəl anlamı vardır. Lakin bütün hallarda ideyaya fəlsəfədə böyük əhəmiyyət verilir.

Birincisi, ideya zəka ilə dərk edilir. Yəni o, insanın yüksək rasional dərketmə qabiliyyətinə aiddir. Hesab olunur ki, buna görə ideya hadisələrin əsas və mahiyyətə aid xüsusiyyətlərini fərqləndirə bilir. Yəni ideyanın yüksək idraki rolu vardır.

İkincisi, ideya fikri proobrazdır. Bu keyfiyyətdə o, insan təfəkkürü və fəaliyyətinin əsasını formalaşdırır.

Üçüncüsü, ideya öz kontekstinə uyğun olaraq insanı dünyaya “daxil” edir.

Bunlar geniş fəlsəfi-elmi ədəbiyyatda rast gəlinən və ideya haqqında ən ümumi təsəvvürləri ehtiva edən məqamlardır. Onları ümumiləşdirsək, alarıq ki, ideya “ali məqsədi müəyyən edir”. Bu tezis bizim üçün dövlətin əsas ideyası anlayışına keçid məsələsində əhəmiyyətlidir.

Beləliklə, hər hansı bir dövlətin əsas ideyası cəmiyyətin mövcudluğu və inkişafı haqqında elə bitkin, obyektiv və hərəkətverici təsəvvürdür (İbn Rüşt mənasında - obraz+onun məntiqi təsdiqi) ki, dövlət-cəmiyyət-qövm vəhdətinin ekzistensial varlığını (yəni mövcudluğun ontoloji olaraq gerçəkləşməsini) təmin edir.

Buradan alınır ki, dövlətin əsas ideyası onun mahiyyətinə uyğun müəyyən edilməklə yanaşı, gerçəkləşməsi üçün adekvat praktiki fəaliyyəti də özündə ehtiva etməlidir. Bu isə konkret zaman-məkan kontinuumunda konsepsiya ilə praktiki reallaşmanın bir-birini tamamlamasını tələb edir.

Bu qısa nəzəri-konseptual özəlliklər prizmasında müstəqil Azərbaycanın əsas ideyasına baxaq.

Müstəqil Azərbaycan dövlətinin əsas ideyası

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin əsas ideyasını aşağıdakı kimi ifadə etmişdir: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.

Deməli, ən geniş anlamda Azərbaycan dili, milli-mənəvi dəyərləri, adət-ənənələri vəhdət halında azərbaycançılığın əsasını təşkil edir. Azərbaycan dövləti də bu anlamda azərbaycançılığı özünün əsas ideyası kimi yaşatmalıdır. Təbii ki, dövlət həmin məqsəd naminə sistemli, daim inkişaf etdirilən konsepsiyalar hazırlamalı və onları dövlət-cəmiyyət-millət vəhdətində davamlı olaraq reallaşdırmalıdır.

Prezident İlham Əliyev azərbaycançılıq ideyası və ideologiyasının inkişaf etdirilməsi zərurəti haqqında konkret və dəqiq fikir ifadə etmişdir. Dövlət başçısı demişdir: “Azərbaycançılıq ideologiyası, azərbaycançılıq prinsipləri Azərbaycanda çoxdan bərqərar olub. Ulu öndər Heydər Əliyevin bizə qoyduğu dəyərli miraslardan biri də məhz azərbaycançılıq məfkurəsidir. Biz - onun davamçıları isə bu müsbət meyilləri öz tərəfimizdən daha da gücləndiririk”.

Azərbaycan lideri azərbaycançılıq ideyası və ideologiyasının müstəqil dövlət quruculuğu kontekstində məzmununu da dolğun müəyyən etmişdir. Pezident İlham Əliyev demişdir: “Azərbaycanda müasir dövlət quruculuğu prosesi uğurla gedir. Eyni zamanda, biz milli-mənəvi dəyərlərimizə də çox sadiqik, onları qoruyuruq. Azərbaycan dəyərləri bizim üçün müstəsna əhəmiyyət daşıyır. Əsrlər boyu Azərbaycan xalqı milli-mənəvi dəyərlərini, ana dilini – Azərbaycan dilini qoruya bilmişdir. Bu gün müasir Azərbaycan dövləti bu möhkəm təməl üzərində yaranır, güclənir və bölgədə, regionda artıq çox mühüm amilə çevrilibdir”.

Dünya azərbaycanlılarının III qurultayındakı nitqində (05 iyun 2011-ci il) Azərbaycan Prezidenti geniş aspektdə azərbaycançılığın dövlət quruculuğu və cəmiyyətin inkişafında rolu və Azərbaycan qövmünün tarixi missiyası haqqında əsas tezislərini ifadə etmişdir: “Azərbaycanlılar harada yaşamalarından asılı olmayaraq, daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olmalıdırlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olub. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.

Nəhayət, Prezident İlham Əliyev tərəfindən azərbaycançılıq ideyası, prinsipi və ideologiyasının beynəlxalq kontekstdə mənalandırılması çox əhəmiyyətlidir. Bu bağlılıqda dövlət başçısının aşağıdakı fikirləri hər bir azərbaycanlı - ziyalı, fəhlə, gənc, qoca, məmur və digər bütün təbəqələr üçün dövlət quruculuğu kontekstində yaşam tərzi, fəaliyyət kompası olmalıdır: “Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var – Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var – azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”.

Azərbaycançılıq ekzistensial amil kimi

Azərbaycan türk dövlətidir. Bu, əbədi həqiqətdir. Azərbaycançılıq olmasa, ümumiyyətlə, Azərbaycan dövlət kimi davamlı mövcud ola bilməz. Yəni azərbaycançılıq, bir çoxlarının təhrif etdiyi kimi milli etnik mənsubiyyəti deyil, dövlətin hər bir vətəndaşının ölkə, cəmiyyət və birgəyaşam forması haqqında ideyanı ifadə edir. Uzun müddət Turandan (haqlı olaraq, İrandan (tarixi-coğrafi əsası vardır) danışmışıq, ancaq konkret Azərbaycan ölkəsi haqqında dəqiq müəyyən edilmiş mövqeyimiz (ölkəyə münasibət baxımından) olmasa¸ müstəqil Azərbaycan dövləti qura bilmərik. Müstəqil Azərbaycan dövləti olmasa, Türk dünyasının “qəlbi dayanmış olar”. Bu mənada, düzgün dərk edilmiş azərbaycançılıq ideya, prinsip və ideoloji konsept kimi bizim üçün ekzistensial hökmü olan “Böyük Yol”un mayaklarıdır!

Buradan çıxış edərək qonşu ölkələr, türk dövlətləri, dünyanın hər bir guşəsində olan ölkələrlə münasibətlər qurmağın perspektivli fəlsəfi və siyasi-nəzəri yönünü müəyyən edə bilərik.

Bu reallıq azərbaycançılığı bizim üçün ayrıca əhəmiyyətli faktora çevirir, çox incə, sayğılı və perspektivi olan kurs müəyyən etməyi aktuallaşdırır. Şükürlər ki, belə çətin və mürəkkəb vəzifənin öhdəsindən ulu öndər Heydər Əliyev məharətlə gələrək dəqiq inkişaf kursu müəyyən etmişdir və Prezident İlham Əliyev onu uğurla inkişaf etdirir. İndi müstəqil Azərbaycan dövlət quruculuğu Heydər Əliyev–İlham Əliyev xətti üzrə davamlı inkişaf etdirilir.

Humanitar elmdə azərbaycançılıq

Yuxarıda qısa şəkildə vurğulanan məqamlar belə bir avtomatik nəticə çıxarmağa istiqamətləndirir: Müasir Azərbaycan humanitar elmi təfəkkürü üçün azərbaycançılıq fundamental idraki əhəmiyyət daşıyır. Bu, obrazlı desək, cəmiyyətlə yanaşı, humanitar elmimiz üşün də ekzistensial aktuallıq kəsb edir.

Həmin anlamın digər aspekti XXI əsrin xüsusiyyətləri ilə sıx bağlıdır. Belə ki, XXI əsrdə aparıcı rolu cəmiyyət oynayır. Cəmiyyət bir sistem kimi özlüyündə aparıcı ideyanı, onun funksionallığını, hərəkətverici gücünü və kollektiv kimliyi layiqli təmsiletmə keyfiyyətini ehtiva edir.

Daxili və xarici ekzistensial mövcudluq şərtləri fonunda azərbaycançılığın adekvat elmi dərkinin Azərbaycan dövlətçiliyi və cəmiyyətin bütövlüyü üçün nə dərəcədə yüksək əhəmiyyət kəsb etdiyi aydın görünür. Bu kontekstdə AMEA-nın yeniləşməsində birinci prioritet istiqamətin nəyə görə birbaşa azərbaycançılıq və azərbaycanşünaslıqla bağlı olduğu səbəbi məlum olur. Həmin prioritet istiqaməti bir daha təqdim edirik:

“– Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin andiçmə mərasimində ifadə olunmuş azərbaycançılıq ideologiyasının elmi-nəzəri və tarixi-fəlsəfi əsaslarının işlənib hazırlanması və bütün istiqamətlər üzrə həyata keçirilməsi ölkə elminin, Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında duran əsas vəzifələrdəndir. AMEA-nı ölkəmizin əsas Azərbaycanşünaslıq mərkəzinə çevirmək bizim əsas vəzifəmizdir”.

Burada iki məqamı vurğulamaq lazım gəlir. Birincisi, azərbaycançılıq təməlli azərbaycanşünaslığın daim aktuallaşması zərurəti vurğulanır. İkincisi, bu vəzifə əslində bütövlükdə müasir Azərbaycan humanitar elmi qarşısında durur.

Həmin vəzifənin öhdəsindən gəlmək ölkə elmi camiəsinin qarşısında dayanıbsa, deməli, bütövlükdə Azərbaycan ziyalı kəsiminin həmin istiqamətdə birgə fəaliyyəti tələb olunan əsas şərtlərdən biridir. Həmin anlamda AMEA tədqiqatların koordinasiyaedici və motivəedici mərkəzi rolunu oynamaq məsuliyyətini öz üzərinə götürə bilər.

Ümumiyyətlə, Azərbaycan humanitar elmi təfəkküründə azərbaycançılığın ideya olaraq həmişə yeri olmuşdur. Bunu həmin istiqamətdə aparılan tədqiqatlar sübut edir. Porblemin bu aspekti əsasən filoloji tədqiqatlar çərçivəsində araşdırılmışdır. Həmin tədqiqatlaırn nəzəri-konseptual təhlilinə xüsusi monoqrafiyalar da həsr edilmişdir. Burada onların hər biri üzərində ayrıca dayanmaq imkansızdır. Həm də həmin elmi problem müxtəlif aspektlərdən tədqiq edilmişdir. Biz burada akademik İsa Həbibbəylinin 2019-cu ildə nəşr edilmiş “Azərbaycan ədəbiyyatı: dövrləşmə konsepsiyası və inkişaf mərhələləri” (Bakı, “Elm”, 2019, 368 s.) adlı əsərində yer almış və birbaşa azərbaycançılığa aid olan əsas müddəalara nəzər salacağıq.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Siyasət