Vətən üçün ölərəm, yaşayaram mən!

post-img

- Bu yazımı əfsanəvi qərargah rəisi, Azərbaycan  Xüsusi Təyinatlılarının  ilk şəhidi Fikrət Məmmədovun Pakistan İslam Respublikasında  xatirəsinin əbədiləşdirilməsinə həsr etsəm də, onun ömür salnaməsindən də bəhs etməyi özümə mənəvi borc bildim.                                                                                                                                      

Azərbaycan  Xüsusi  Təyinatlı  Qüvvələrinin  ilk şəhidi, qərargah rəisi, kapitan  Fikrət  Akif oğlu Məmmədov   haqqında dillər əzbəri olan: “Vətən üçün ölərəm, yaşayaram  mən”  məşhur deyimi  nəinki  öz hərbçilərimiz, eləcə də  bu gün qardaş Pakistan İslam Respublikasının hərbçiləri  arasında  əbədi olaraq  yaddaşlara  həkk olunub.   Cəsur hərbçimiz Pakistanda  beynəlxalq xüsusi  təyinatlı hərbi kursu  birinciliklə başa vurmuş və yüksək peşəkarlığı,  şücaəti, intizamı ilə hər kəsə örnək olan   peşəkar  zabit  mövqeyi ilə qardaş dövlətin zabit və əsgərlərinin qəlbində əbədiyyət  işığı yandırmışdır. Hələ sağlığında ikən  İslamabad yaxınlığındakı  Çerat qəsəbəsində yerləşən hərbi muzeydə  onun  adına xüsusi guşə yaradılmışdı. Bu gün də Pakistan Ordusunda  şəhid  Fikrət Məmmədovun  xatirəsi hörmətlə anılır. İslamabad yaxınlığındakı  Çerat qəsəbəsindəki  hərbi muzeydə  xüsusi təyinatlılar  kursunun  məzunu kimi onun adı əbədiləşdirilmişdir. Muzeyi  ziyarət edənlər  Fikrət Məmmədovun  döyüşkən ruhlu bir zabit kimi tərcümeyi-halı ilə  ətraflı tanış olurlar. Bu günlərdə Pakistandan  ürək açan  xəbər  aldıq. Pakistan dövləti  Şəhidimizin  xatirəsinə dərin ehtiram əlaməti olaraq,  ali hərbi təhsil  alan   tələbə  zabitlərin  yeməkxanasına kapitan Fikrət Məmmədovun adını vermişdir. Bu addım  Azərbaycan və Pakistan xalqları arasında dostluq və  qardaşlığın bariz nümunəsidir.

Fikrət  Məmmədov 12 sentyabr 1982-ci ildə Bakı şəhərində anadan olub. 1989-1999-cu illərdə Bakı şəhərinin Nəsimi rayonu 111 saylı tam orta  məktəbində təhsil alıb.  2001-ci ildə Heydər Əliyev adına Azərbaycan  Ali  Hərbi Məktəbinə daxil olmuş və  2005-ci ildə məzun olmuşdur. 2007-ci ildə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kursunu uğurla başa çatdırdıqdan sonra,   2008-ci ildə  Azərbaycan   hərbçiləri  sırasında zabit kimi  xidmətə  başlamışdır. Kapitan  Fikrət Məmmədov  Pakistan İslam Respublikasında xüsusi təyinatlı hərbi kursda  təhsil alarkən, həmin ölkənin  hərb tarixində 80 illik  rekordu  yenidən təzələyən ilk azərbaycanlı hərbçi olmuşdur. O yüklə  birlikdə  70 km məsafəni  qaçaraq verilən tapşırıqları  dəqiqliklə yerinə yetirmiş və birinci yerə  çıxaraq  Azərbaycan  dövləti  və  hərb tariximiz  üçün qürurverici bir imza atmışdır.  Fikrətin  şərəfli  zabit tərcümeyi-halı  Pakistan  İslam  Respublikasının  İslamabad yaxınlığındakı Çerat qəsəbəsində  yerləşən hərbi müzeydə  müqəddəsləşdirilib. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin Qərargah rəisi, kapitan Fikrət Məmmədov  2014-cü il mayın  28-də  Füzuli  istiqamətində erməni  işğalçılarının  təxribatının qarşısını alarkən, qəhrəmancasına   şəhid olub. 2-ci Fəxri  Xiyabanda  dəfn olunub.  Fikrət Məmmədov  ölkə Prezidentinin sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunub. Ailəlidir. İki övladı var. Qızı  Qəmər, oğlu Rəsul. 

-Fikrətin son dəfə yola düşdüyü  hərbi şəhərcikdəki  mənzilindəyəm. Xanımı Xəyalə xanımla onun  barəsində söhbət edirəm.  Xəyalənin baxışları  bayırdan günün batmasına şahid olan pəncərəyə dikilib və  kövrək  səsi  sükutu  pozur: 

Çox ailəcanlı idi. İşdən gələndə  çəkməsini soyunmadan qapının yanında  dizlərini yerə  qoyub otururdu, övladlarını haraylayırdı, hər dizinin üstündə birini  saxlayırdı, hardasa  10 dəqiqə onları  əzizləyirdi, hətta məni də çağırırdı  ki, sən də gəl  yanımızda otur. Bizim birgə keçirdiyimiz həmin anlar sanki   sehrli  bir dünya idi... O anlar gözümün önündən çəkilmir. Hər  dəfə  Fikrət  döyüş əməlyyatına  gedəndə  bilirdim ki, qayıtmaya  bilər, mən buna hazır idim. Axırıncı dəfə gedəndə  də  mayın 26-sında  mənə  dedi ki, görürəm narahatsan, qorxma,  mayın 28-də qayıdacağam. Onu da deyim ki,  Fikrət  hərbi  əməliyyat  günlərini  məndən  gizli saxlayırdı, evdən ayrılmağına 1-2 gün qalmış xəbər tuturdum. Bir gün əvvəl  bildirdi  ki,  inşallah, apardığım  uşaqların  hamısını  sağ-salamat qaytarım, bu anda əllərini göyə açdı və  dua etdi. Mənim isə  həyəcanıma son qoymaqdan  ötrü həmişə olduğu kimi:” Hər şey yaxşı olacaq” , deyərək   gülümsədi. Bütün bunlar  nigaran  ömür-gün yoldaşını   sakitləşdirməkdən ötrü məğrur bir Vətən sevdalısının təsəllisindən başqa bir şey olmasa da, mən  hərbçinin həyat yoldaşı kimi taleyimlə barışmışdım. Amma Fikrət qərargah rəisi idi, getməyə bilərdi,  lakin o, xaraktercə elə bir  mübariz  döyüşçü  idi ki, yoldaşlarını  qorumaq üçün əməliyyata özü rəhbərlik etməyə, öndə getməyə qəti  qərar vermişdi.

... O xəbər gələndə mənim ilk sualım  bu  oldu ki, Fikrətin apardığı döyüşçülər sağdırmı? Çünki  bu onun arzusu idi, hətta  Fikrət əllərini Tanrıya açıb yalvaranda   mən  demişdim  ki, bəs özünə niyə dua etmirsən? Axı bizim də ümid yerimiz sənsən... Fikrət sanki  nəhəng  bir  qayanı  üstünə  götürmüşdü və gözlərimin içinə nigarançılıqla baxaraq demişdi: Yoldaşlarımı  sağ-salamat gətirməliyəm, əgər onlara nə isə olsa  övladlarının  üzünə baxa  bilmərəm. Bu bizim 25 mayda olan sonuncu söhbətimizdir. 

Fikrət cismən bizim yanımızda olmasa da, ruhu  burda- isti ocağımızdadır.

Prezident Ilham  Əliyevin  şəhid  ailələri ilə görüşündəki  çıxışı məni də, övladlarımı da çox qürurlandırır:

-Həyat  belədir ki, onun əvvəli də var, sonu da var. Heç kim əbədi həyatda qalmır, amma  Şəhid  olmaq  xalq qarşısında, tarix  qarşısında və  gələcək nəsillər  qarşısında  böyük  xidmətdir. Şəhid  əbədi qalır, əbədi! Və  əməyi, qəhrəmanlığı əvəzolunmazdır!  

- Bəli, Xəyaləni  dinlədikcə sözün dərgahında insana dəyər verən Məhəmmədhüseyn  Şəhriyarın misralarını xatırladım:

Bir insan köçürsə, dünyadan  əgər,

Sən elə bilmə ki, tək bir can gedir.

Hər sönən baxışda  saysız  diləklər,

Hər kiçik  tabutda  bir cahan gedir!

- Bəli, Azərbaycan deyəndə ayağa qalxan, silaha  sarılan oğullar cahana sığmayan  igidlərimizdir. Yaralanmış  torpaqlarımıza qanı, canı ilə məlhəm olan, onu Vətən edən Şəhidlərimiz! Şəhidlik əbədiyyətdir, onlar əbədiyyət işığından  bir  “nur parçası”  kimi qopub  Vətən  torpaqlarını müqəddəsləşdirdilər.

Xəyalə xanım üçün nə  qədər ağır, iztirablı olsa da,  Fikrətin hərbi formasını, istifadə etdiyi əşyaları  bir yerə toplayaraq yaşadıqları  mənzildə  kiçik bir xatirə  guşəsi yaradıb. Oğlu  Rəsul  atasının döyüş  ləvazimatlarına, masadakı bütün detallara elə  baxırdı  ki, sanki  atasının əllərinin izini  görmək, nəfəsini hiss etmək istəyirdi. Rəsul  balaca  barmaqları ilə atasının şinelini tumarladı, saatına baxdı, saat işləyirdi. O, atasının  tablosu ilə  üz-üzə, göz- gözə  qalmışdı. Sanki ata-oğulun bir-birinə deyəcəkləri vardı:

- Ata: Gözümün  nuru  oğlum!  İstifadə etdiyim əşyalarıma  diqqətlə bax. Döyüşdən-döyüşə  qələbə  ruhumun nişanələridir, bunlar!  Oğul, Vətəni sənin kimi  övladlarımıza  əmanət  qoymuşuq, qoruyun, torpaqlarımızı! Ağac əkin, ağac! Barış, sülh  ağaclarının  bünövrəsini  möhkəmləndirin!  Bu ağaclar Şəhidlərin  Vətən - Azərbaycan naminə,  qanları, canları ilə  əkdikləri  müqəddəs  sülh ağaclarıdır... 

Rəsul  atasının   məğrur, həm də narahat  simasına baxdı. Məsum baxışları  ilə  atasının  nigarançılığına  son qoydu: 

- Canım atam, qəhrəman atam! Sənin  nəfəsin dəydiyi  bu əşyalar,  hər qarış  torpaq  mənim üçün əzizdir, qiymətlidir!   Başımın  tacı atam,  rahat  yat, bizə əmanət qoyduğunuz  torpaqlarda  Sizin  adınıza  ağaclar  əkiləcək, böyüyəcək, bar verəcək. Qarabağ torpaqlarında bizi  Mübarizlərin, Fəridlərin, Cəbrayılların,  Poladların,  İlqarların, Fikrətlərin adına əkilmiş ağaclar qarşılayacaq.  Canım ata, Sən  zamansan,  Sən tarixsən! Sənin adın mənim  şərəfim, qürurumdur!

Fikrətin  təhsil aldığı  111 saylı  tam orta məktəbdə Şəhidlərin  adına  hazırlanmış foto-stendlər,  guşələr şagirdlərin ziyarət etdiyi ən müqəddəs  ünvandır. Fikrətin  sinif rəhbəri  Esmira  Tayirova  titrək səsiylə  şagirdinin  həyat hekayətindən  danışdı.

- Məktəb  bizim ikinci ailəmizdir.  Fikrəti  tanıyan gündən onun bütün problemləri ilə maraqlanırdım.  Onu  övladım bilirdim. 5-ci sinifdən  11-ci sinifə  qədər  onun  sinif  rəhbəri olmuşam. Fikrət valideyn sevgisinə möhtac idi. Uşaq yaşlarından anasını itirmişdi. Xalasının himayəsində böyümüşdü. Onu övladım kimi əzizləyirdim, tapşırmışdım ki, nə sözün olsa məndən gizlətmə.  Amma o, daha çox susurdu.  Sanki uşaq qəlbi  ilə çəkdiyi  iztirabları  başqalarına  büruzə vermək  istəmirdi. Həssas  baxışlarının dərinliyində  uşaqlıq dünyasının  ağrı-acısı  kök salmışdı. Fikrətin çox kövrək  ürəyi var idi.  Məktəbimizdə  hamı onu tərbiyəli, dərslərinə  məsuliyyət  daşıyan  bir şagird kimi tanıyırdı. Mənim ona olan isti nəvazişimi  böyük məhəbbətlə qarşılayırdı: “Narahat olmayın, Esmira müəllimə hər şey qaydasındadır!”  Onun şirin səsi bu gün də qulaqlarımdadır.  Məktəbi qurtaranda mənə  arzusunu  bildirdi: “Müəllim, mən  hərbçi olacağam. Torpaqlarımızı işğaldan  azad etməliyik.”  Xeyir-dua verdim. İllər keçsə də, gözləyirdim  onu. Nə vaxtsa   Fikrət  sinif otağının qapısını açacaq, özü də zabit geyimində...

... Bir gün məktəbimizin direktoru  Jalə müəllimə mənə yaxınlaşıb dedi: Sizin Fikrət adında şagirdiniz olub?... Fikrətin şəhid olması haqqında xəbəri eşidəndə  gözlərim qaranlıqlaşdı, dünya başıma fırlandı. Əziz balamı, sevimli şagirdimi itirdim.   Hələ öyrənəndə ki,  Fikrətin ömür-gün yoldaşı  onunla birlikdə oxuyan, sinfimin əlaçısı Xəyalədir, həmin günü özümə yer tapa bilmədim, bizi müharibəyə sürükləyənlərə lənət yağdırdım.  Bircə təsəllim ondadır ki,  şagirdim olmuş Xəyalə  Fikrətin yadigarlarını  sədaqətlə, məhəbbətlə böyüdəcək. Mübaliğəsiz  deyirəm, şagirdim   Fikrətin  döyüşkənliyi haqqında dastanlar yazılsa belə, azdır. Bu gün onun  təhsil  aldığı 111 saylı tam orta məktəbin  dəhlizlərində, sinif otaqlarında şanlı tariximizin, qələbəmizin  ab-havası  yaşayır. Sinif otaqlarımıza  şəhid şagirdlərimizin  adı verilib. Hələ siz görəsiniz  şagirdlərimiz  həmin sinif otaqlarını  necə  səliqə-səhməna salıblar, şəhidlərin  şəkillərini doğmaları kimi əzizləyirlər. Divarlardan asılmış şəhid fotoları  qarşısında uşaqlar sanki bir hesabat  verirlər. Şəhidlik tariximizi qanları ilə yazan oğulların hər  biri  canımızın bir parçası, ürəyimizin  sönməz odudurlar. Bu cahan durduqca. Şəhidlərimiz  əbədi yaşayacaq, Fikrət Məmmədov kimi!

- Vətən Müharibəsi Qəhrəmanı, xüsusi təyinatlı Gündüz Səfərli də Fikrət haqqında ürəyinin səsini bizə çatdırdı: 

- Fikrət mənim yaxınım, sirdaşım idi. O, mənə demişdi ki, uşaqlıqdan qərarımı vermişəm. Mən düşməndən qisasımızı almalıyam. Bir də  Fikrət ölümlə bağlı düşüncələrini bizimlə bölüşməzdi. O ölümün varlığını qəbul etmirdi. 28  May 2014-cü il! Xalqımız  Müstəqillik  bayramını  qürurla qeyd edirdi. Dəhşətli qonşumuz  olan  erməni işğalçıları həmin gün hamıdan xəbərsiz  xain bir plan hazırlamışdılar.  Xalqımız tarixi Qələbəsinin –müstəqilliyimizin sevincini yaşayırdı. Amma, xain qonşumuzun  növbəti  təcavüzkar  hərbi  əməliyyat planından xəbərsiz idik.  Məhz,  düşmənin  namərd planını  alt-üst edən və ona layiqli cavab verən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin  əsgər və zabitləri vətənin keşiyində ayıq-sayıq dayanmışdılar. Xain düşmən həmin gün  növbəti təxribatını Füzuli istiqamətində  həyata  keçirə  bilmədi və Qərargah rəisi, kapitan Fikrət Məmmədovun rəhbərliyi altında döyüş əməliyyatı uğurla başa çatdı.  Erməni işğalçıları  28 May 2014-cü ildə Füzuli istiqamətində darmadağın olundu.

- Bəli,  həmin gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin əfsanəvi döyüşçüsü Fikrət  Məmmədov  Vətən uğrunda canını qurban etdi. Şəhidlik  zirvəsini fəth etdi. Düşmənin qəddini əydi.  Məhz, həmin tarixi gündən  addım-addım  44 günlük zəfər yürüşümüzə   doğru gedirdik.

... Fikrətin şəhid olması bizim döyüşkənlik ruhumuzu daha da gücləndirdi və bu cəsur, yenilməz  qərargah rəisinin və şəhid olmuş digər komandirlərin yetişdirdiyi  xüsusi təyinatlıların sayəsində  2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi altında Dəmir Yumruq - Azərbaycan Ordusu və xalqı olaraq qalibiyyətimizi elan etdik, torpaqlarımızı geri aldıq, şəhidlərimizin- Fikrətlərin qisasını aldıq.  

- Bəli, Fikrət ölməyib, o, Şəhidlik zirvəsində - uca   məqamda  əbədi  yaşayır. Bu  zirvədən  bütün Azərbaycan - azad olmuş Qarabağ  görünür.

Qardaş Türk ordusunda  kurs keçərkən mənə bir zabitin dediyi  qiymətli  fikri çatdırmaq  istəyirəm:” Biz sevgimizi Vətənimizə, ailəmizin sevgisini isə həyat yoldaşlarımıza vermişik.” Fikrət də əmin idi ki, ömür-gün yoldaşı  onun övladlarını  bu Vətən üçün çox gözəl yetişdirəcək. Və mən inanıram ki, şəhidlərimizin xanımları  bundan sonra da Azərbaycan xalqı üçün layiqli vətəndaşlar  böyüdəcəklər.

- Fikrət və onun  döyüşçü  dostu, Vətən  Müharibəsi Qəhrəmanı  Saleh Həsənovun  Pakistan  İslam  Respublikasının İslamabad  yaxınlığındakı  Çerat  qəsəbəsində  yerləşən  hərbi muzeydə  qürurverici  tərcümeyi-halları şərəf  lövhəsinə vurulub. Saleh Həsənovla görüşdüm və  Fikrət Məmmədov haqqında danışmağını xahiş etdim.

Vətən  Müharibəsi Qəhrəmanı, xüsusi təyinatlı  Saleh Həsənov: Xüsusi Təyinatlı  Qüvvələrin  şüarı  onlar üçün hər şey deməkdir: “ Sədaqətim Şərəfimdir!”   Fikrətin şəhid olması ilə  Xüsusi Təyinatı  Qüvvələr ilk şəhidini verdi. Fikrət şəxsi heyəti arxasınca aparan, ölümü belə fərqinə varmayan zabit idi. Həmin gün...  başda komandanlıq olmaqla  bütün şəxsi heyət məğrur duruşunu saxlaya bilsə də, göz yaşını saxlaya bilmədi.  Fikrətin şəhid olması döyüş yoldaşını itirməyin, bir şəhidin necə qiymətli olduğunu, şəhid zirvəsinə yüksəlməyin nə olduğunu xüsusi təyinatlılara öyrətdi. Ruh düşgünlüyünə qətiyyən qapılmadıq. Qolumuz  daha da gücləndi. Fikrətlə xüsusi təyinatlılar  kursunu  ardı-ardına keçmişik, Pakistanda da ilk hərbi kursu keçən Fikrət oldu. Bu kurs çətinliyinə görə dünyada ilk  beşlikdə duran bir kursdur. Fikrət  Pakistandan qayıtdıqdan sonra, mən 2011-ci ilin əvvələrində Pakistana ezamiyyət  olundum və  orada Fikrəti daha çox  tanımağa başladım. Məlum oldu ki, Pakistan ordusunda çox ağır bir məsafədə qaçış var ki, Fikrət orada birinci yerə çıxıb. Bu mənim üçün çox böyük bir stimul oldu və mən də həmin tapşırığı yerinə yetirərək  qalib oldum. Pakistan ordusunda hər kəs onun hərbçi kimi cəsurluğundan, vətənpərvərliyindən danışırdı. Onun  zabit şərəfini  hər şeydən  üstün  tutması  hər kəs  üçün örnək, dillər əzbəri idi. Hətta mənim Azərbaycandan  gəldiyimi  biləndə, gülümsəyərək  Fikrəti  soruşurdular,  onunla  birgə keçirdiyi  təlimlərini  xatırlayırdılar.

2020-ci ildə bütün şəhidlərimizin- Fikrətlərin qisasını aldıq. Onların ruhu qarşısında baş əyirik.

Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri olmuş  Bilal Haye ilə görüşümdə Fikrət  haqqında, 2020-ci ildə qazandığımız  Zəfərimizlə bağlı təəssüratlarını bizimlə bölüşməyini xahiş etdim:

- Pakistan 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının yanında idi və mən onu da qeyd etmək istəyirəm ki, müharibənin başlanmasından  1 neçə gün əvvəl Azərbaycana, Bakıya gəldiyim üçün Vətən müharibəsi zamanı  gedən bütün  proseslərə şahid oldum. Müharibə müddətində  baş verən hadisələri, xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin liderlik qabiliyyətini, milləti necə yönləndirdiyini, Azərbaycan Ordusunu  Ali Baş Komandan kimi  necə uğurla idarə etdiyini  görə bildik.  Prezident  İlham Əliyev beynəlxalq mediada, kütləvi informasiya vasitələri qarşısında  dəfələrlə çıxış etdi. Biz də öz növbəmizdə Azərbaycanın Xarici İşlər Nazirliyinin  keçirdiyi brifinqlərdə  iştirak edirdik. Azərbaycan  son dərəcə düzgün və  beynəlxalq hüquq normaları çərçivəsində bir mövqe  nümayiş etdirirdi.  Buna görə də biz  haqlı olaraq  Azərbaycanın  yanında  olduq. Azərbaycanın  44 günlük  döyüşlərdə  Zəfər qazanmasının  səbəbi isə ilk növbədə cəsur və igid Azərbaycan əsgəridir. Onlar  öz torpaqları uğrunda canlarından keçərək işğal edilmiş  doğma ərazilərini  geri qaytardılar. Pakistan  İslam Respublikası da  bu qələbə münasibətilə Azərbaycanı çox yüksək səslə alqışladı  və açıq  şəkildə öz mövqeyini ortaya qoyaraq  onu dəstəklədi.

Pakistan Hərb Məktəbində təhsil almış, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin ilk şəhidi, kapitan Fikrət Məmmədovun haqqında çox eşitmişəm. Fikrət Məmmədov çox cəsur bir insan və öz ömrünü ölkəsinə xidmət etməkdən şərəf  duyan zabit olub. Onu  Pakistanda həyatından keçmək bahasına belə olsa, öz əqidəsi uğrunda vuruşan  hərbçi  olaraq tanıyırlar. Bir hərbçinin xidməti  işinin nə qədər çətin olduğunu bilirik.  Bunu ona görə deyirəm ki, hamımız müxtəlif işlərdə  çalışırıq, amma hərbçi işi  bütün  peşələrdən fərqlidir və  işlərin ən çətinidir. Niyə? Çünki  komandanlar tərəfindən əmr veriləndə  onlar  həyatlarından belə keçməyə hazırdırlar. Bax bu səbəbdən  Vətənə xidmət edən hər bir hərbçinin, əsgərin işi ən çətin işdir. Bu  insanlar  lazım gələndə həyatlarını qurban verib Şəhid  olurlar. Şəhid adı müqəddəsdir. Pakistan və Azərbaycan müsəlman ölkələri olduqları üçün biz  inanırıq ki, əgər bir əsgər öz vətəni uğrunda canında keçərsə Allah ona şəhidlik mərtəbəsini qismət edir. Allah “Qurani-Kərimdə” buyurur ki, “Şəhidlər ölməyib onlar Allah yanında diridirlər. Onlar ölümsüzdürlər, hər zaman həyatdadırlar.” Fikrət Məmmədov da “Şəhid” adını qazanan çox şanslı bir vətənpərvər hərbçi olub. Pakistan  dövləti  şəhidlərin qiymətini çox yaxşı bilir. Bilirik  ki, onlar bir amal uğrunda ölkələrini qorumaq  naminə  şəhidlik zirvəsinə ucalıblar. Azərbaycanda da şəhid ailələrinə nə qədər hörmət qoyulduğu, ehtiram göstərildiyi  göz qabağındadır. Şəhidlər  Azərbaycan  tarixinin bir parçasıdırlar. Gələcək nəsillərin rifah içində, xoşbəxt  yaşamaqları üçün canından keçən qəhrəman  əsgərləri yetirən, həyata  hazırlayan  onların ailələridir. Bu ailələr qəhrəman əsgərlər tərbiyə edib və cəmiyyətə  yetişdirib. Elə  buna görə də,  şəxsən mən  Fikrət Məmmədovun ailəsinə salamlarımı çatdırır və dərin hörmətimi, ehtiramımı  bildirirəm.  Son olaraq  yenə də təkrar edirəm, Şəhidlər ölümsüzdür, onlar bizim ürəyimizdə əbədi yaşayırlar.

Fikrətin yaşadığı mənzili tərk edəndə son dəfə onun oğlu Rəsula tərəf baxdım. Rəsul  atasının tablosu qarşısında fikrə getmişdi. Elə bil  səssizcə atasına qulaq asırdı:

1. Bilirəm, məndən nigaransınız. Yolumu  gözləyirsiniz.  Mənə Vətən  naminə  Ali  bir rütbə verilib. Uca  bir zirvədəyəm. Əlçatmaz bir zirvədə!

Arzularım həyata  keçib. Torpaqlarımız rahat nəfəs alır. Hər il  Qarabağa - Zəfər  yurdumuza Xarıbülbülü görməyə tələsin! Bütün  Qarabağ laləzara  çevriləcək! Oğul, sənə  dediyimi unutma: Şəhid qanı dəyən  torpaqlarımıza ayaq basanda  ağac əkərsən! Bu ağaclara qulluq edin, çünki  onlar  şəhidlərimizin  arzularıdır,  tükənməyən, sonsuz niyyətləridir. Şəhidlərin qanı ilə müqəddəsləşən torpaqlarda  əkilən ağaclar bəşər  övladına  nəfəs  verəcək, çünki bəşəriyyətin  sülhə,  əmin-amanlığa, ədalətə  ehtiyacı  sonsuzdur.  Bax, ona görə də,  Sənə inandım,  Sənə güvəndim, ata nəsihətimi etdim. Yurdumun yurdçusu oğlum! Ruhum Sizinlədir!

Kəmalə Abdinova
XQ































Sosial həyat