Son illərdə süni intellekt (Sİ) bədii yaradıcılıq sahəsində ciddi irəliləyişlərə imza atır və insan təxəyyülünün sərhədlərini genişləndirir. Sİ artıq təkcə texnoloji alət olmaqla kifayətlənmir, həm də yaradıcı tərəfdaş kimi çıxış edir, klassik və müasir janrlarda yeni əsərlər ortaya qoyur.
Məsələn, OpenAI-nin GPT-3 modeli klassik şairlərin, xüsusilə də Mövlananın poetik üslubunu mənimsəyərək dərin məna daşıyan şeirlər yarada bilir. Model eyni zamanda dialoqlar, hekayələr və roman parçaları yazmaq qabiliyyətinə malikdir. Bu, süni intellektin dilin incəliklərini, ritmini və zəngin ifadə formalarını dərk etdiyini göstərir. Bənzər bir nailiyyət “DeepSpeare” adlı modeldə özünü göstərir. O, Şekspirin sonetlərini və digər poeziya növlərini uğurla təqlid edir. Bu, mürəkkəb bədii formaların rəqəmsal şəkildə yenidən yaradılması üçün gözəl nümunədir.
Süni intellektin ədəbi yaradıcılıqda erkən nümunələrindən biri 1983-cü ildə hazırlanmış “Racter” proqramıdır. Bu proqram tərəfindən yazılan kitab hekayələr, şeirlər və dialoqlardan ibarət idi və süni intellektin dil yaratmaq qabiliyyətinin ilkin mərhələdəki göstəricisi sayılırdı. Daha sonra 2016-cı ildə Yaponiyada keçirilən müsabiqəyə təqdim olunmuş “The Day a Computer Writes a Novel” romanı süni intellekt və insanın birgə yaradıcılığının parlaq nümunəsidir.
Tokioda 150 nəfər, o cümlədən süni intellekt sahəsində tədqiqatla məşğul olanlar öz yekun işlərini təqdim ediblər. Layihənin məqsədi kompüterə məşhur yapon fantastika yazıçısı Siniçi Hoşi üslubunda roman yazmağı “öyrətmək” idi.
“Hakodate Gələcəyin Universiteti”ndən olan professor Hitoşi Matsubara bildirib ki, süni intellektdən istifadə etməklə 4 roman yazılıb. Həmin əsərlər Siniçi Hoşinin şərəfinə keçirilən bədii əsərlər müsabiqəsinə təqdim olunub. H.Matsubara qeyd edib ki, romanlardan heç biri mükafata layiq görülməsə də, onlardan biri seçim turnirini keçə bilib.
2018-ci ildə “1 the Road” layihəsi çərçivəsində süni intellekt Kaliforniya boyunca avtomobil səyahəti zamanı toplanan sensor məlumatları əsasında mətnlər yaratdı. Nəticədə ortaya çıxan əsər avtomatik yaradılmış olsa da, poetik ifadələrlə zəngin idi. Bu əsər insan yaradıcılığı ilə texnologiyanın sintezini və yeni yaradıcı formaların mümkünlüyünü nümayiş etdirdi.
Professor Filip M. Parker də internetdən alınan məlumatlardan istifadə edərək şablondan avtomatik olaraq kitablar yaradan yazıçı “bot” yaradıb. Parker iddia edir ki, onun proqramı artıq 200 mindən çox müxtəlif sahələrdə kitab “yazıb”.
Xatırladaq ki, bot – “robot” sözünün qısaldılmış formasıdır və kompüterdə və ya vebdə tapşırıqları avtomatik yerinə yetirən proqram mənasını verir. Bu botları yaratmaqda əsas məqsədlərdən biri görüləcək işləri asanlaşdırmaqdır.
Bu nümunələr göstərir ki, süni intellekt ədəbi yaradıcılıqda yalnız alət deyil, həm də yeni üfüqlər açan uğurlu əməkdaşdır. O, insan təxəyyülünü genişləndirir, ideya generatoru və redaktor kimi çıxış edir, yaradıcı prosesin müxtəlif mərhələlərində əhəmiyyətli rol oynayır. Gələcəkdə süni intellektin bədii yaradıcılıqda rolu daha da artacaq və insanla Sİ-nin əməkdaşlığından doğan əsərlər yeni estetik təcrübələr təqdim edəcək.
P.ƏFƏNDİ
XQ