Azərbaycan Stokholmda keçirilən Ümumdünya Su Həftəsində təmsil olunur

post-img

Stokholm Beynəlxalq Su İnstitutunun təşkilatçılığı ilə keçirilən 2025-ci il Dünya Su Həftəsində Azərbaycan fəal iştirak edir.

AZƏRTAC xəbər verir ki, COP29-un sədri qismində ölkəmiz “Su məsələlərinin qlobal proseslərə doğru yolu” adlı yüksək səviyyəli panelə dəvət olunub. Tədbirdə Azərbaycanı İsveç Krallığındakı səfir Zaur Əhmədov təmsil edib.

Səfir çıxışında bildirib ki, İqlim Fəaliyyəti üçün Su üzrə Bakı Dialoqu iqlim və su icmalarını bir araya gətirən uzunmüddətli platformadır. Məqsəd suyun kənar məsələ deyil, iqlim davamlılığının əsas sütunu kimi qəbul olunmasıdır. Bu təşəbbüs hökumətləri, BMT qurumlarını, alimləri, özəl sektoru və vətəndaş cəmiyyətini birləşdirərək bilik mübadiləsini və praktiki həllərin hazırlanmasını hədəfləyir.

O vurğulayıb ki, Bakı İqlim Fəaliyyəti üçün su üzrə Bəyannamə ilə COP29 çərçivəsində “COP-dan COP-a” prosesi başlayıb. Bu, suyun gələcək iqlim öhdəliklərində mərkəzi mövzu kimi qalmasına, tərəfdaşlıqların konkret layihələrə çevrilməsinə və irəliləyişin davamlı izlənməsinə imkan verəcək.

Səfir əlavə edib ki, bu ilin iyununda Bonn İqlim Konfransında Bakı Dialoqunun aralıq işçi görüşü keçirilib, habelə Su Həftəsi çərçivəsində “Bakı Dialoqunun Dostları” formatında ilk görüş təşkil olunacaq.

Sonda səfir bütün tərəfdaşları suyu iqlim fəaliyyətinin ayrılmaz hissəsinə çevirmək naminə birgə əməkdaşlığa dəvət edib.

Sosial həyat