Vicdanlı sözün azad dünyası

post-img

8 Sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günüdür

Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü sadəcə tarix deyil, həm də qələmə sədaqətin, peşəyə vicdanla xidmətin, sözlə gerçəyi axtaranların həmrəyliyinin rəmzidir. Jurnalistika xəbər yaymaq, həm də həyatın özü, müharibənin od-alovundan, pandemiyanın təlatümündən, sosial ədalətsizlikdən, insanların gündəlik qayğılarından – hər şeydən xəbərdar olmaq, onu dəyərləndirmək və xalqa çatdırmaq missiyasıdır. Bu missiyanı yerinə yetirən jurnalistlər bəzən görünməz qəhrəmanlardır.

Dünya mediası üçün əlamətdar sayılan bu tarix hitlerçilərin 1943-cü il sentyabrın 8-də qətlə yetirdikləri çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə təsis edilib. 1958-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV Konqresində bununla bağlı qərar qəbul olunaraq hər il sentyabrın 8-i Jurnalistlərin Beynəlxalq Həmrəyliyi Günü kimi qeyd edilir. BMT tərəfindən təsis edilmiş bu bayram günündə bütün jurnalistlər həmrəylik və birlik nümayiş etdirirlər.

Azərbaycanda jurnalistikanın qədim və zəngin ənənələri var. “Əkinçi” qəzetindən bu günədək jurnalist sözü daim maarifin, inkişafın, dövlətçilik düşüncəsinin daşıyıcısı olub. Müasir dövrdə də Azərbaycan jurnalistləri informasiya təhlükəsizliyinin qorunmasında, ictimai düşüncənin sağlam formalaşmasında, dövlət maraqlarının müdafiəsində mühüm rol oynayırlar. Qlobal çağırışların fonunda, sosial medianın təsirinin artdığı bir zamanda peşəkar və obyektiv jurnalistikaya ehtiyac daha da aktuallaşır.

Bu gün ölkəmizdə fəaliyyət göstərən KİV-in beynəlxalq əlaqələri getdikcə genişlənir. Son illər ərzində respublikamızın internet seqmentində onlarla yeni xəbər portalı yaranıb, yüzlərlə sosial media resursu açılıb ki, bu da Azərbaycanda informasiyanın əlçatanlılığının təmin olunmasına xidmət edir. Eyni zamanda milli mətbuatımız dünya media məkanına sürətlə inteqrasiya olunur. Prezident İlham Əliyevin həm xarici, həm də yerli jurnalistlərlə tez-tez görüşlər keçirməsi, cəmiyyəti maraqlandıran sualları cavablandırması onun mediaya necə böyük önəm verdiyinin göstəricisidir.

Nurəngiz ADİLQIZI
XQ

Sosial həyat