Azərbaycan Texnologiya Universitetində (ATU) 2025–2026-cı tədris ilinin başlanması münasibətilə təntənəli tədbir təşkil olunub. Tədbir universitetin bayraq meydanında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Dövlət Bayrağının ucaldılması ilə rəsmi şəkildə açıq elan edilib.
Daha sonra ümummilli lider Heydər Əliyevin əziz xatirəsi, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən universitetin rektoru, dosent Yaşar Ömərov professor-müəllim heyətini və tələbələri yeni dərs ilinin başlanması münasibətilə səmimi-qəlbdən təbrik edib, onlara elmi fəaliyyətlərində və təhsildə uğurlar arzulayıb. O, ali təhsil müəssisəsində tələbələrin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, maddi-texniki bazanın gücləndirilməsindən və müasir tədris metodlarının tətbiqindən bəhs edib. Rektor vurğulayıb ki, ATU əmək bazarının tələblərinə uyğun, rəqabətqabiliyyətli və yüksəkixtisaslı mütəxəssislərin hazırlanması istiqamətində məqsədyönlü addımlar atır. O, tələbələri verilən imkanları düzgün dəyərləndirməyə, təhsilə məsuliyyətlə yanaşmağa çağırıb.
Tədbirdə çıxış edən YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, şəhid anası Kəmalə Abdullayeva və qazi Mətin Abdinov tələbələri təbrik edərək onlara müvəffəqiyyətlər arzulayıblar. Natiqlər ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından bəhs edərək, gənclərin bu etimadı doğrultmalarının vacibliyini diqqətə çatdırıblar.
Daha sonra ali məktəbə ən yüksək balla qəbul olunmuş tələbə Nurlan Rəhimli və qazi tələbə Şəhriyar Ələkbərli çıxış edərək, təhsil almağın verdiyi sevinc və məsuliyyətdən söz açıblar.
Tədbirin sonunda ATU-ya fakültələr üzrə ən yüksək balla qəbul olunmuş tələbələrə tələbə biletləri və xatirə hədiyyələri təqdim olunub.
Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri,
Gəncə