Türkiyəli tarixçi İlbər Ortaylı Naxçıvanda

post-img

Türkiyəli tarixçi İlbər Ortaylını Türk dünyasında tanımayan az adam tapılar. Bu görkəmli alim, ziyalı keçmişin izlərini bugünkü reallıqlarla ustalıqla birləşdirərək bu gün də bizə tarixdən öyrənməyin, milli kimliyimizi daha yaxşı başa düşməyin yollarını göstərir.

Bugünlərdə Türk Tarix Qurumunun fəxri üzvü, tarixçi alim və yazıçı İlbər Ortaylı Naxçıvan Dövlət Universitetinin dəvəti ilə Naxçıvanda səfərdə oldu. Ali məktəblə tanışlıqlıqdan sonra qonaq sorağı qədimlərdən gələn Duzdağı, Naxçıvan şəhərinin tarixi abidələrini ziyarət etdi, XVIII əsrə aid “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin materiallarını heyranlıqla izlədi.

Culfa rayonunda isə alim hürufilik təriqətinin əsasını qoymuş sufi alim, şair, filosof Fəzlullah Nəiminin Xanəgah kəndi yaxınlığında yerləşən türbəsini ziyarət etdi, XV əsrdə inşa edilmiş Əmirxan türbəsində oldu. “Ordubadda olmaq çoxdankı arzum idi”- deyən alim rayonun Zəngəzur dəhlizinə açılan qapısı Kotam kəndinə getdi, bu ərazinin tarixən strateji məkan olduğunu, bu yolun tezliklə Türk dünyasını birləşdirəcəyini söylədi. Böyük İpək yolu üzərində yerləşən Ordubad şəhərinin qədim məhəllələrindən olan Sərşəhər meydanı, eyniadlı məscid, bulaq və həmin meydandakı tarixi tikililərlə tanışlıq qonaqda yüksək əhval yaratdı.

NDU-nun Beynəlxalq Kembric Məktəbində keçirilən görüşdə İlbər Ortaylının kitab imza günü keçirildi, alimin həyat və yaradıcılıq yolu ilə bağlı naxçıvanlı tarixçilərin maraqlı çıxışları oldu. İlbər Ortaylı isə NDU barədə xoş təəssüratını bölüşdü: “Çox şadam ki, Naxçıvanda elmli insanlar daha çoxdur. Xüsusilə qeyd etməliyəm ki, NDU hər zaman hafizəmdə örnək universitetlər sırasında qalacaq. Burada yaradılan imkanlar məni çox fərəhləndirdi”.

Görüşün sonunda NDU-nun rektoru Elbrus İsayev xatirə olaraq qonağa onun Naxçıvanda çəkilmiş portretini hədiyyə etdi.

Türkiyəli professor XQ-yə açıqlamasında Osmanlının ilk dövrünün Naxçıvanla sıx əlaqələri olduğunu, buradakı memarların bir çoxunun Osmanlıya getdiyini, ə ortaq türk tarixinin, ədəbiyyatının xalqlarımıza öyrədilməsində müəyyən çatışmazlıqların olduğunu qeyd edərək bildirdi:

– Mən Naxçıvanın bu qədər özünəməxsus olduğunu düşünməmişdim. Bu yerlər orta əslərin izlərini daşıyır. Tikilən bağçalı evlər möhtəşəmdir. Ordubada getdim, ora daha çox ənənəvi, gözəl bir bölgədir, çox nizam-intizam var. Ən çox da mənə təsir edən uzaq kənddə musiqi məktəblərinin olmasıdır. Universitetdə də 2 akademik səviyyədə musiqi məktəbi var. Bu bir daha göstərir ki, Azərbaycan musiqi ölkəsidir. Növbəti dəfə Naxçıvana qatarla gələcəyəm. Bu yolun Böyük Türk dünyasına uzanacağına əminəm.

Professor İlbər Ortaylının Naxçıvana səfəri tanışlıq məqsədi ilə yanaşı, həm də bu qədim diyarın ortaq yaddaşımızda və mədəni birliyimizdəki yerini daha yaxından görmək və dəyərləndirmək baxımından faydalı oldu.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Sosial həyat