Ensiklopediya cildi ilə bağlı AMEA-da müzakirə
Sentyabrın 26-da AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Qırğızıstan MEA-nın Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Abdıldajan Akmataliyevlə görüşüb.
Görüş zamanı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Qırğızıstan MEA-nın Çingiz Aytmatov adına Ədəbiyyat İnstitutunun birgə layihəsi olan “Çingiz Aytmatov Ensiklopediyası”nın “Çingiz Aytmatov və Azərbaycan” cildi ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, Çingiz Aytmatovun şəxsiyyəti, yaradıcılığı hər zaman ölkəmizdə diqqət mərkəzində olub. Azərbaycan dünyada aytmatovşünaslıq mərkəzlərindən biri kimi qəbul edilir.
Akademik İsa Həbibbəyli “Çingiz Aytmatov və Azərbaycan” nəşrinin türk xalqları üçün önəmini qeyd edib.
AMEA rəhbəri bu il Qırğızıstana səfəri çərçivəsində ensiklopediyanın “Çingiz Aytmatov və Azərbaycan” cildinin sözlüyü ilə bağlı bir sıra mühüm müzakirələrin aparıldığını, bu gün isə akademik Abdıldajan Akmataliyevin ölkəmizdə olmasından irəli gələrək növbəti müzakirələrin keçiriləcəyini söyləyib. O, cilddə yer alacaq oçerklərin sözlüyünün və müəlliflərinin müəyyənləşdirildiyini, işi sürətləndirmək məqsədilə əlavə müəlliflərin də cəlb olunacağını diqqətə çatdırıb. AMEA-nın bu addımının ensiklopediyanın Türkiyə, Qazaxıstan, Özbəkistan cildlərinin hazırlanmasına nümunə olacağını söyləyib. Bildirib ki, “Çingiz Aytmatov və Azərbaycan” cildinin beynəlxalq dillərə tərcüməsi də olduqca vacib məsələlərdəndir.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli nəzərdə tutulan 110 məqalənin əksəriyyətinin ilkin variantının yazıldığını deyib.
Qırğızıstan MEA Ç.Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru akademik Abdıldacan Akmataliyev ədibin 100 illiyinə hazırlıqla bağlı “Çingiz Aytmatov və Azərbaycan” cildinin hazırlanması ilə yanaşı, digər işlərin də görüldüyünü diqqətə çatdırıb. Yeni nəşrdə Çingiz Aytmatovun əsərlərindəki “Manas”, “Koroğlu” və “Dədə Qorqud” dastanları ilə bağlı nüansların da işlənilməsinin zəruriliyini söyləyib, Azərbaycanda Çingiz Aytmatova həsr olunmuş elmi əsər və monoqrafiyaların da oçerklərinin hazırlanmasını təklif edib.
“Ədəbiyyat qəzeti”nin baş redaktor müavini, Əməkdar jurnalist Adil Cəmil akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Naxçıvan Dövlət Universitetində “Manas” eposu və türk dastançılıq ənənəsi” mövzusunda dissertasiya müdafiə etdiyini, qırğız ədəbiyyatı ilə bağlı bir sıra əsərlər yazdığını, “Manas” dastanının 1000 illik yubileyində iştirak edərkən Bişkekdə Çingiz Aymatovla görüşdüyünü qeyd edib. O, ədibin oğlu Əsgər Aytmatovla şəxsi əlaqlərindən danışan natiq onun vasitəsilə ensiklopediyanın cildi üçün materiallar toplayacağını deyib .
Sonda nəşrin hazırlıq işlərinin 2026-cı ilin martında yekunlaşması qərara alınıb.
XQ