Dərsə gedən bir uşaq...

post-img

İndi o, çantanın ağırlığından güclə yeriyir

Yeni tədris ilinin başlaması ilə valideynlərin qayğıları da artıb: övladlarının yaxşı təhsil alması, dərsə vaxtında gedib-gəlməsi, istirahətlərinin düzgün təşkili və s. getdikcə daha çox qayğı, diqqət tələb edir. Məktəbli çantalarının ildən-ilə ağırlaşması isə şagirdlərin sağlamlığı üçün ciddi narahatlıq doğurur.

Mütəxəssislər bildirirlər ki, məktəbli çantalarının ağırlığı uşağın öz çəkisindən 7-10 dəfə az olmalıdır. Çanta ağır olduqda onurğa əyriliklərinə, kürək və boyun ağrılarına, əzələ yorğunluğuna səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, məktəb yaşlı uşaqların 80 faizindən çoxu ağır çanta daşımalarına görə onurğa və kürək ağrıları yaşayır. Beynəlxalq araşdırmalar da bu faktı təsdiqləyir.

Məsələn, ABŞ-da məktəbli çantalarının çəkisi şagirdin çəkisinin orta hesabla 15 faizini təşkil edir ki, bu da sağlamlıq üçün risklidir. İspaniyada isə məktəblilərin 60 faizindən çoxu ağır çantaya görə kürək ağrılarından əziyyət çəkir. Məsələ təkcə fiziki sağlamlıqla məhdudlaşmır, ağır çanta daşıyan uşaqlar həm də tez yorulurlar. Bu isə həm dərs nəticələrinə, həm də uşaqların ümumi psixoloji vəziyyətinə mənfi təsir göstərir.

Ölkəmizdə də dərs yükünün çox olması, eyni gündə 6–7 fənnin dərsliyini, dəftərlərini və əlavə materiallarını daşımaq uşaqların həm fiziki, həm də psixoloji sağlamlığına təsirsiz ötüşmür.

İbtidai sinif şagirdlərindən yuxarı yaşlılara qədər, demək olar ki, bütün məktəblilər bu çətinliklə üzləşirlər. Mövzu ilə bağlı valideyn Leyla Məmmədova ciddi narahatlıq keçirdiyini dedi: “6-cı sinifdə oxuyan övladımın çantası 5-6 kq ağırlığında olur, bütün fənlərin kitab və dəftərlərini daşımaq məcburiyyətində qalır, bel və çiyin ağrılarından şikayət edir. Əgər dərs yükü azaldılsa, uşaqların sağlamlığı təhlükə altına düşməz”.

Riyaziyyat müəllimi Sevinc Cəfərova da bu narahatlığı təsdiqlədi: “Hər gün uşaqların ağır çantalarla dərsə gəldiyini görürəm, bəzən şagirdlər çantalarını masaya qaldıra bilmirlər. Dərs boyu yorğunluq və diqqət dağınıqlığı müşahidə olunur, xüsusilə günün ikinci yarısında öyrənmə tempi xeyli zəifləyir, lakin məktəbdə şagirdlər üçün şkaflar qoyulsa və əsas dərs vəsaitləri orada saxlanılsa, bəzi fənlərin materialları elektron formada təqdim edilsə, bu, həm uşaqların sağlamlığını qoruyar, həm də dərs prosesini daha effektiv edər”.

VI sinif şagirdi Röya Musayeva isə söylədi ki, məktəbə gedəndə çantamı qaldırmaqda çətinlik çəkir, bəzən pilləkənləri qalxanda nəfəsi kəsilir. Dərslər bitəndə isə yorğun olur, evə gələndə dərs oxumaq istəmir. Kaş ki, kitablar nazik və yüngül olsaydı...

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Qədir Kərimov mövzu ilə bağlı dedi: - “Bu, çox aktual və vacib mövzudur. Təəssüf ki, bu məsələyə bəzən yetərincə ciddi yanaşılmır. Uşağın sağlam inkişafı böyük əhəmiyyət daşıyır. Çanta ağır olarsa və təktərəfli çiyin asqısı istifadə edilərsə, əzələlər çətinlik çəkəcək, xüsusilə boyun bir tərəfə əyiləcək. Bir çiyində daşınan çantalar sağ və ya sola əyilmələr (skolioz) kimi onurğa problemlərinə səbəb olacaq, boyun əzələlərində gərginlik, boyun arxasında ağrı və damar dartılmaları, baş ağrısı yaradacaq. Ağır və qeyri-düzgün şəkildə kürək çantası daşıyan və pillələri qalxıb-enən uşaqlarda ayaq ağırıları daha çox olur”.

Travmatoloq-ortoped əlavə etdi ki, məktəbli çantasının asqı və ya qayışlarının uzun və ensiz olması bütün ağırlığın belə yönlənməsinə səbəb olur. Bədənin ağırlıq mərkəzinin arxaya sürüşməsi nəticəsində bel əzələlərində həddindən artıq ağrı meydana gəlir. Çantadakı çiyin asqılarının geniş və yumşaq olması çiyində yükün bərabər paylanmasına kömək edir, dar və sərt çiyin asqıları əzələnin müəyyən nöqtələrinə ağırlığın yüklənməsinə səbəb olacaq.

Həkimlər məsləhət görürlər ki, çiyin qayışları ikitərəfli, enli (ən azı 4–5 sm) və yumşaq olsun. Uzunluğu isə tənzimlənməli, hər iki çiyinə bərabər paylanaraq taxılmalıdır. Yalnız bir çiyində daşınan modellər uşaqlar üçün uyğun deyil. Əgər çiyin asqıları incə, ensiz, uzun və çanta ağır olarsa, sinirlərə təzyiq edəcək. Nəticədə əl və qola gedən sinirlər zədə alacaq.

Səhv çanta seçimi illərlə davam edən xroniki bel və boyun ağrılarına səbəb ola bilər. Hətta gələcəkdə onurğa problemlərinə görə müalicə zərurəti yarana bilər. Yəni məktəbli çantasının düzgün seçilməsi təkcə rahatlıq yox, uşağın sağlam inkişafı üçün də vacibdir. Uşaqların skelet sistemi inkişaf mərhələsində olduğu üçün ağır, düzgün seçilməmiş və ya ortopedik olmayan çantalar skolioz, kifoz, onurğa əyrilikləri və duruş pozuntuları kimi ciddi problemlər yarada bilər.

Pedaqoqlar isə qeyd edirlər ki, bu problemin həllində valideynlər də diqqətli olmalıdırlar. Şagird çantasını hər gün yoxlamalı, artıq əşyaları çıxarmalıdırlar. Həmçinin, uşağa çantanı iki çiyində və düz duraraq daşımağı öyrətməlidir. Eyni zamanda, ortopedik ayaqqabılar və idman uşağın əzələlərini gücləndirməlidir. Onlar mütəmadi olaraq müayinəyə aparmalıdırlar.

Əgər məktəbli bel, boyun və ya çiyin ağrılarından şikayət edirsə, duruşda əyilmə, bir çiynin digərindən yuxarı olması müşahidə olunursa, habelə tez-tez yorulduğunu deyirsə, yerişində axsama, əyilmə problemi və ya bel nahiyəsində əyrilik varsa, bu, artıq yükə və ya yanlış çanta istifadəsinə işarədir. Bu zaman travmatoloqa və ya ortopedə müraciət edilməli, təcili tədbir görülməlidir.

Böyük Sabirin dillər əzbəri olan şeirində dərsə gedən uşağın buz üstündə sürüşüb yıxılmasından söhbət gedirdisə, indi məktəblilərin düz yolda üzləşdiyi çətinlik narahatlıq doğurur.

L.TƏHMƏZ
XQ



Sosial həyat