Qubadlının zəfər qəhrəmanı
Qubadlı rayonunun Xanlıq kəndində anadan olmuş Vüqar Əhməd oğlu Ağayev hələ kiçik yaşlarından hərb işinə maraq göstərib, özünü baxdığı “davalı kino”ların qəhrəmanlarına bənzətməyə çalışıb. Əsgərlik yaşı çatanda sevinə-sevinə Milli Ordu sıralarında xidmətə yollanıb və bu zaman ömürlük Vətən keşiyində durmağı qərara alıb.
Həqiqi hərbi xidmətdən tərxis olunan Vüqar 1992-ci ildə ali hərbi məktəbin kursantı kimi oxumağa başlayıb və təhsilini uğurla başa vuraraq leytenant rütbəsi alıb. Qusar rayonundakı hərbi hissədə təlim keçib, ardınca Naxçıvan qarnizonunda bölük komandiri kimi hərbi xidmətə başlayıb. 2016-cı ildə hərbi xidmətini başa vuraraq, təqaüdə çıxıb.
Vətən müharibəsi başlananda ehtiyatda olan mayor Vüqar Ağayev könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı Rayon Bölməsinə müraciət edərək, döyüşlərə atılıb. Bu barədə söz düşəndə hərbçi dostlarına deyib ki, gənclik illərindən yaxın dostu və sirdaşı olan Milli Qəhrəman Polad Həşimovun həmin il iyulun 14-də Tovuz rayonu ərazisində şəhadətə ucalması xəbərini eşidəndən özünə yer tapa bilməyib. Elə bu üzdən də qisas hissi ilə yenidən hərbi libasını geyinərək silaha sarılıb. Quru Qoşunlarının tərkibində igidlik nümunəsi göstərən mayor Ağayev təcrübəsini gənc zabitlərdən əsirgəməyib.
Vüqar Ağayev 44 günlük müharibənin 33-cü günündə – noyabr ayının 1-də doğma Qubadlı rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun nəşi Bakıdaya gətirilərək, II Fəxri xiyabanda ruhuna böyük ehtiramla torpağa tapşırılıb. Dövlət başçısının 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə mayor Vüqar Əhməd oğlu Ağayevə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Şəhid zabit, həmçinin “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Ramana qəsəbəsində yerləşən Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbi Vətən Müharibəsi Qəhrəmanı şəhid Vüqar Ağayevin adını daşıyır.
Savaş şahini
Vətən Müharibəsi Qəhrəmanı, HHQ-nin polkovniki Zaur İsmayıl oğlu Nudirəliyevin uşaqlığı Bakının Zabrat qəsəbəsində keçib. Erkən yaşlarından yaşadığı ünvana yaxın olan Zabrat hava limanından qalxıb-enən təyyarələri görüb, onların səsi ilə yatıb-durub və arzu edib ki, təyyarəçi olsun, hava gəmisi ilə əngin səmalara baş vursun.
Onun həyat yolu belə də müəyyənləşib. 1995-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirdikdən sonra Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbinə daxil olub və orada “Təyyarəçi” ixtisasına yiyələnib. 2011-2013-cü illərdə isə Almaniyada General–Admirallar üçün Hərbi Liseydə təhsil alıb.
Kürdəmir aviabazasının təyyarəçi, daha sonra eskadrilya komandiri olan Zaur Nudirəliyev daim ona qanad verən uçuşlar zamanı qartal vüqarı ilə aşağılara baxar, çox güman ki, nə vaxtsa işğal altında olan Qarabağın səmasında cövlan etmək istəyərdi. Nəhayət, 2020-ci ilin sentyabrında bu arzusu da çin olub. Ali Baş Komandanımız sentyabrın 27-də erməni işğalçılarının növbəti silahlı təxribatının qarşısını almaq barədə əmr verəndə, bəlkə də, hamıdan çox o sevinib.
“Zəfər Yürüşü” zamanı “Su-25” hücum təyyarələrində yeni üsullardan istifadə ilə bağlı məsul tapşırıqları can-başla yerinə yetirib. Özü də bombaların nişangahsız - riyazi hesablamalarla atılmasının yeni üsulunu tətbiq edib, həmçinin təyyarəsindən lazer güdümlü bombaların birinci atışını reallaşdırıb. Cəbrayıl, Füzuli və Ağdərə istiqamətlərində onun və digər şahinlərimizin endirdikləri zərbələr nəticəsində erməni işğalçılarının dayaq məntəqələri, canlı qüvvələri, cəmləşmə yerləri dağıdılıb, nəticədə Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunub. 7 gün ərzində aktivinə 12 uğurlu uçuş yazan Zaur Nudirəliyev oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində özünün “nəhs” deyilən 13-cü uçuşunu reallaşdırıb. Həmin gün təyin olunmuş hədəfə zərbə endirərək geri qayıdan zaman təyyarəsi vurulan cəsur pilotun ölməz ruhu həmişəlik olaraq göyləri məskən seçib.
Silahdaşlarının dediyinə görə, həmin vaxt ağır yaralanmış olsa da, Zaur Nudirəliyev təyyarədən katapult edə bilərdi. Amma o, əsir düşməsin deyə, təyyarəsini düşmənin canlı qüvvəsinin cəmləşdiyi səngərdəki zirehli tanka çırparaq həlak olub. Beləliklə, USTA dərəcəli pilot Zaur Nudirəliyev Azərbaycan Hərbi Hava Qüvvələri tarixində şəhid olan yeganə polkovnik kimi tarix yazıb. Hələ uşaq vaxtı yaşadığı Zabratdan başlayan səma sevgisi onun havada əsl rəşadət nümunəsi ilə əbədiləşib.
Şahinlik etdiyi 20 il ərzində bir sıra döyüş üsullarını kəşf edərək ərsəyə gətirmiş və uğurlu sınaqlardan sonra döyüşlərdə icra etmiş Zaur Nudirəliyev “Zəfər Yürüşü” zamanı misilsiz şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına və bir sıra medallara layiq görülüb. Bakıdakı 47 nömrəli tam orta məktəbin və mərkəzi küçələrin biri onun adını daşıyır.
Lələtəpədən başlanan qəhrəmanlıq yolu
Sərhəd qoşunlarının kiçik giziri Amin Taciddin oğlu Novruzov Balakən rayonunda doğulub böyümüş, orta məktəbi bitirdikdən sonra həyatını hərbi işə həsr etmişdi. Həqiqi hərbi xidmət dövründə məlum Aprel döyüşləri sınağından mətanətlə çıxmış, Lələtəpədə ilk qələbə sevincini dadmışdı. Bundan 1 il sonra Dövlət Sərhəd Xidmətində 5 aylıq hazırlıq kursu keçərək, müddətdən artıq qulluğa qəbul olunmuşdu.
Çevik Hərəkət Qüvvələrində tuşlayıcı-operator olan Amin xidmət etdiyi müddətdə intizamı, tapşırıqları dəqiq və vaxtında yerinə yetirməsi, keçirilən taktiki təlimlərdə yüksək nəticələrə nail olması ilə daim fərqlənirdi. Xalqımızın “Qarabağda böyük Qələbəmizi görək!” diləyinə “Amin!” deyən qəhrəmanımızın qismətində “Zəfər Yürüşü”nə qoşulmaq da varmış. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ savaşı zamanı Amin Novruzov böyük ruh yüksəkliyi ilə döyüşlərə atıldı. Füzuli və Zəngilanın mənfur düşməndən təmizlənməsi əməliyyatlarında iştirak etdi. Cəbrayıl-Zəngilan istiqamətində İran İslam Respublikası ilə dövlət sərhədinin azad edilməsində, Zəngilan tərəfdə Ermənistanla sərhəddə yerləşən strateji əhəmiyyətli yüksəkliklərin alınmasında məxsusi şücaət göstərdi.
Amin noyabrın 1-də adsız, amma mühüm əhəmiyyətli bir yüksəkliyin azad edilməsi tapşırığını yerinə yetirərkən yenə də öndə gedirdi. Həmin gün düşmənin əks-hücumunun qarşısını alarkən boğazından ağır güllə yarası aldı. Son nəfəsində dedi: “Düşünməyin ki, mən ölümdən qorxuram, əgər sağ qalsam, yenidən bu vətən üçün döyüşməyə gələcəyəm, yox, əgər şəhid olsam - “Vətən sağ olsun!”. Təəssüf ki, ertəsi gün o, gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə yüksəldi.
Balakənin Şəhidlər xiyabanında torpağa tapşırılan Amin Novruzovla vida mərasimində döyüş dostları da iştirak edirdilər. Onlar igid silahdaşlarının hünərindən, çətin məqamlarda vəziyyətdən ən düzgün çıxış yolu tapmasından ürəkdolusu danışdılar, ölümün gözünə dik baxdığını söylədilər. Valideynləri, müəllimləri, qonum-qonşusu Amin kimi bir oğulla fəxr etdiklərini bildirdilər...
Döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdlik nümayiş etdirdiyinə görə Amin Novruzova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. O, həmçinin “Vətən uğrunda”, Zəngilanın və Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.
...Artıq 4 ildir ki, doğma rayonu Balakəndə bir vaxtlar oxuduğu Humanitar və Texniki Təmayüllü Lisey qəhrəman Amin Novruzovun adını daşıyır. Liseyin qarşısında əzəmətli büstü qoyulub. Hər gün liseyə gələn müəllimlər və şagirdlər onun qarşısında bir anlıq ayaq saxlayır, ruhuna dualar oxuyurlar.
Əli NƏCƏFXANLI
XQ