Haqqında söz açacağımız qəhrəmanlarımızdan biri də şəhid mayor Rəşad Ramiz oğlu Budaqov 1986-cı il martın 13-də Yevlax şəhərində anadan olub. Əslən Cəbrayıl rayonundan idi. 2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olan Rəşad təhsilini müvəffəqiyyətlə bitirib, 2008-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb.
Ömrünün 12 ilini xalqına ləyaqətlə xidmətdə olan mayor R.Budaqov Azərbaycanın ordu sıralarında tankçı zabit kimi qulluq edib. Rəşad xidməti dövründə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Azərbaycan Silahlı Qüvvələrinin 90, 95 illiyi”, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif edilib.
Azərbaycanın bir çox regionlarında, daha çox isə cəbhə bölgələrində xidmət aparıb. Füzuli, Ağcabədi, Bərdə və Goranboyda yerləşən hərbi hissələrdə bölük komandiri, qərargah rəisi, hərbi hissə komandiri kimi çalışıb. Hər zaman düşmənlə döyüşə hazır olan şəhidimiz Yevlax rayonundakı N saylı hərbi hissədə briqada komandirinin maddi – texniki təminat üzrə müavini vəzifəsində fəaliyyət göstərib.
2016-cı ilin Aprel döyüşlərində iştirak edən Rəşad Budaqov Ağdam istiqamətində gedən döyüşlərdə düşmənin döyüş texnikanlarını sıradan çıxarıb. Ona təhkim edilən taborla Talış kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Talış yüksəkliyinin işğaldan azad olunmasında böyük rolu olub.
Azərbaycan Ordusunun mayoru Rəşad Budaqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan savaş zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşaraq şəhid olub. Yevlax şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Rəşad Budaqov ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Ağır döyüşlərin gedişində şəhid mayor yaralı olmasına rəğmən silahdaşlarını tək qoymayıb. Həkimlər ona bu vəziyyətdə döyüşməsinin təhlükəli olduğunu desələr də, təkidlə yenidən döyüşlərə qatılıb. Talış kəndi istiqamətində döyüşlərdə növbəti dəfə ağır yaralanan Rəşad Budaqovun həyatını bu dəfə xilas etmək mümkün olmayıb. O, Vətən müharibəsində xalqına xidmətini şərəflə yerinə yetirərək şəhidlik zirvəsinə ucalıb.
Müşfiq MİRZƏ
XQ