Qaraxanbəyli necə “Zəfər qapısı” oldu?

post-img

İlk şəhidlərin əbədiyyət ünvanı

...Füzuli rayonunun Qaraxanbəyli kəndindən keçən yolun kənarındakı yüksəklikdə “Vətən uğrunda canlarından keçən qəhrəmanların şəhid olduğu ilk yerlərdən biri” yazılan qaya – abidə diqqət çəkir. Buradan ötən maşınlar abidənin qarşısında dayanır, sərnişinlər döyüşlərin ilk günlərində igidlik, şücaət göstərərək şəhadətə ucalan oğullarımızı ziyarət edirlər.

Ziyarətçilər 30 illik qəsbkarlıq zamanı bu daş salnamənin lap yaxınlığında yerləşən düşmən səngərinə, işğalçının qurduğu müdafiə xətlərinə baxır və Azərbaycan Ordusunun Vətən savaşında bu maneəni, qəsbkarın keçilməz saydığı bu istehkamı ölüm-itimdən qorxmayaraq qəhrəmanlıqla necə yardığını, buradan öz canlarını fəda edərək ləyaqətimizin, ədalətin bərpası, eləcə də xalqımızın doğma od-ocaqlarına qayıtması üçün yol açdıqlarını gözləri önündə canlandırırlar.

İnsanlar zirvədə qərarlaşan bu qaya – abidənin yanında dayanıb Şuşaya doğru uzanan Zəfər yolunun sağ-soluna tamaşa etdikcə erməni faşizminin ağrılı izlərini görür, şəhidlərimizin Qarabağ çöllərində qalib əsgər, qalib zabit kimi ruhunun azad, bəxtiyar dolaşdığını duyur, bu yolun başdan – başa şəhidlərimizin daş kitabəsinə çevrildiyini hiss edirlər. Eyni zamanda, şəhidlərimizin bu torpaqlara azadlıq gətirmələri, bizi doğma Yurdun – Azərbaycanın bu əsrarəngiz guşəsinin hər daş-qayası ilə yenidən qovuşdurmaları ilə özləri də Vətən daşına döndüklərini, ölkəmizin əbədiləşən, ölməzləşən vətəndaşı adını qazandıqlarını bir daha yəqinləşdirirlər.

Prezident İlham Əliyev 2022-ci il sentyabrın 27-də Füzuliyə səfəri zamanı rayonun Qaraxanbəyli kəndində qaya – abidəni ziyarət edərək bildirib ki, şəhidlərimizin şərəfinə bu qaya parçasının bu yerdə, Qaraxanbəyli kəndinin yaxınlığında ucaldılması təsadüfi deyil: “Qaraxanbəyli kəndi və digər 5 kənd Vətən müharibəsinin ilk günündə azad edilmişdir. Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı – Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri – Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir. İlk şəhidləri biz məhz burada, bu yerdə vermişik. Bu abidənin yanında düşmənin səngəri yerləşirdi. Bu istiqamətdə beş – altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız öz torpaqlarına qayıtsın”.

Dövlətimizin başçısı daha sonra qeyd edib ki, ordumuz bu istiqamətdən düşmənin birinci müdafiə xəttini yararaq Zəfər yürüşünə başlayıb. 44 gün ərzində Silahlı Qüvvələrimiz hər gün dayanmadan, durmadan, usanmadan, qan tökərək, şəhidlər verərək irəliyə, Zəfərə doğru gedib. Düşməni qova-qova döyüş meydanında tarixi Qələbə əldə edib. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən geri alınıb. Beləliklə, işğalçı məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul edib.

Bəs 44 günlük Vətən müharibəsinin ilk şəhidləri kimlər olublar? Araşdırmalara əsasən, İkinci Qarabağ savaşı başladığı dəqiqələrdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının hərbi pilotları baş leytenant Xalid Gözəlov və mayor Abbas Qasımovun adları Azərbaycan tarixinə Vətən müharibəsinin ilk şəhidləri kimi yazılıb.

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Xalid Gözəlov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları və ilə təltif olunub.

Döyüş tapşırıqlarını şərəflə yerinə yetirən Abbas Qasımov isə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

2021-ci ildə yaşadığı binanın divarına xatirəsini əbədiləşdirmək üçün xatirə lövhəsi vurulub.

XQ

Sosial həyat