19 yaşında canını Vətən yolunda fəda edən Cəbrayıl Dövlətzadə haqq savaşında mənfur düşmənə, sözün əsl mənasında, dağ çəkib. Şəhidimiz ondan artıq müxtəlif rütbəli düşmən hərbçisilə təkbaşına, üz-üzə savaşıb, ermənilərin bir generalını və polkovnikini öz əllərilə boğaraq məhv edib. Əsgərimiz o qədər cəsarətli imiş ki, yanındakı ailəli silahdaşlarına “siz qayıdın, ailəniz sizi gözləyir, mən tək döyüşəcəyəm”, – deyərək düşmənin üzərinə şığıyıb. İndi onunla yalnız ailəsi deyil, bütün Azərbaycan fəxr edir...
Cəbrayıl Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıtda doğulub. Ailədə bir bacı və iki qardaş olublar. Cəbrayıl orta təhsilinə Sumqayıt şəhəri “Təfəkkür” liseyində başlayıb, daha sonra 2 saylı Qubadlı rayon məktəbində oxumağa davam edib. Rəsm çəkib, musiqi bəstələyib, eyni zamanda, 9 il cüdo ilə məşğul olub, idman sahəsində mükafatlara layiq görülüb.
Cəbrayıl hərbi xidmətini Cəlilabadda Sərhəd Qoşunlarının sıralarında çəkib. Qayıtdıqdan sonra Xüsusi Təyinatlılara qoşulub. Tovuz döyüşlərində general Polad Həşimovun şəhid olması 19 yaşlı əsgəri olduqca məyus edib. Həmin gün verdiyi söz yerdə qalan iki aylıq həyatının devizinə çevrilib: “Polad Həşimovun qisasını alacağam!” ...Şir ürəkli gənc ərizə yazaraq xüsusi təyinatlı taborun sıralarına daxil olub. 44 günlük müharibə başlanan kimi könüllü olaraq döyüşə atılıb. Murovdağda düşmən mövqelərinin və xüsusi postların ələ keçirilməsi əməliyyatında 11 zabitlə yanaşı, 19 yaşlı Cəbrayıl da iştirak edib.
Yalın əllə düşmən generalının, polkovnikin üstünə gedəndə hədəfinə çatdığını yaxşı bilirdi. Onun qarşısındakı rütbəsindən, kimliyindən asılı olmayaraq Polad Həşimovun qatili idi... Cəbrayıl düşmən postunda 10 müxtəlif rütbəli erməni zabiti ilə üz-üzə qalıb. O, bu hücum zamanı öncə erməni generalını öldürüb. Əlbəyaxa döyüşdə isə düşmən polkovnikini yalın əlləri ilə boğub. İşini bitirib, sağ-salamat gülə-gülə geriyə qayıdan vaxt ermənilər onu minomyotla gülləyə tutublar. Ağır yaralanıb, ermənilər əsir götürmək istəyiblər, dostları onu döyüş zonasından çıxarıblar. Minomyot Cəbrayılın ayağının şah damarını parçalayıb. Cəmi bir gün döyüşən, son aylar ərzində qurduğu bütün planları bir günə, hətta bir neçə saata həyata keçirən Cəbrayıl Dövlətzadə 2020-ci ilin sentyabrın 28-də əməliyyat zamanı çoxlu qan itirdiyi üçün şəhidlik məqamına ucalıb.
Cəbrayıl Dövlətzadə II Fəxri xiyabanda general – mayor Polad Həşimovun yanında torpağa tapşırılıb. Qəhrəman el oğlu dillərə dastan igidliyi, qorxmazlığı, cəsurluğu, xalqı, Vətəni yolunda göstərdiyi misilsiz şücaətlərinə görə, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Anası Məleykə xanım Cəbrayılın əsgərlikdə olanda narahatlıq keçirir. Oğlunun sağ-salamat gəlməsi üçün hər gün dualar edir. Çox keçmir ki Cəbrayıl sevincək ailəsinə XTQ-yə seçildiyi xəbərini verir: “bura kişilik məktəbidir”. Xidməti dövründə adı şərəf lövhəsində olur. Vətən savaşına qatılanda belə ailəsinə demir. Öz arzusu ilə savaşa yollanıb. Ailəsi bunu sonradan öyrənir. Qorxu hissi Cəbrayıla yad olub.
Corat qəsəbəsində Vətən müharibəsində qəhrəmancasına şəhid olan Cəbrayıl Dövlətzadənin barelyefi qurulub. Yazıçı Azad Qaradərəli 19 yaşlı şəhid Cəbrayılın qısa ömür və döyüş yolundan bəhs edən “Cəbrayıl əfsanəsi” adlı roman yazıb. Əsər proloq, epiloq və 19 fəsildən ibarətdir. Hər fəsil igid ömrünün bir ilinə ithaf olunub.
XQ