Əslən Yardımlı rayonundan olan şəhid mayor Elçin Mansurov 1984-cü ildə Bakının Binə qəsəbəsində dünyaya göz açıb. Aprel döyüşlərində iştirak edib, Vətən müharibəsində misilsiz igidliklər göstərib, canını müqəddəs torpaqlarımız uğrunda fəda edib.
Yeri gəlmişkən, Yardımlı kökənli iki qəhrəman məhz Mansurov soyadının daşıyıcısı olub. Biri 1995-ci ildə Azərbaycanın müstəqilliyini qorumağa görə – Milli Qəhrəman Bəhruz Mansurov, digəri isə Kürəkçi kəndindən II Qarabağ savaşının qəhrəmanı – Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurov. Onlar bir rayonun deyil, bir ölkənin, bir xalqın fəxridirlər.
2003-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunanda ürəkdən sevinən Elçin general olmağı, ömrü boyu hərbçi kimi Vətənə xidmət etməyi arzulamışdı. Şəhid baş leytenant Fərid Əhmədovla kursant yoldaşı olmuş, öz aralarında bu barədə dəfələrlə söhbət etmişdilər. Amma tale elə gətirdi ki, Fərid şəhidliyə qovuşduğu 2010-cu ilə qədər baş leytenant, o isə 10 il sonra mayor rütbəsinə qədər yüksələ bildi və elə bu rütbədə əbədiyyətə qovuşdu. Qazandığı şəhidlik adı Elçinin ən böyük rütbəsi oldu.
Xidməti dövründə Goranboy, Tovuz, Murovdağ və Füzulidə özünü nümunəvi zabit kimi tanıdan Elçin Mansurov ən gözəl kəşfiyyatçı kimi hər zaman təqdir edilib. Onun düşmən arxasından gətirdiyi məlumatlar ordumuzun əks əməliyyatları üçün çox vacib əhəmiyyət daşıyıb. Söz düşəndə deyirdi: “Kəşfiyyat ordunun görən gözüdür. Məqsədimiz hərbi qulluqçulardan peşəkar kəşfiyyatçı yetişdirməkdir. Mən fəxr edirəm ki, kəşfiyyatçıyam”.
Məlum Aprel döyüşləri onun həyatının ilk odlu səhifələrini təşkil edib. Lələtəpə zirvəsinin alınmasında onun da böyük xidməti olub. Həmin döyüşlərdən sonra Elçin Mansurov II dərəcəli “Qüsursuz xidmətə görə” medalı ilə təltif edilib. Elçin Mansurova 2020-ci ilin yay aylarında “mayor” rütbəsi verilib. İkinci Qarabağ müharibəsi başlananda o, Füzulidə təmas xəttində xidmət göstərir və işğal olunmuş əraziləri kəşfiyyat məqsədilə müşahidə edirdi. Həmin gün saat 09:30 radələrində Elçin Mansurovun 25 nəfərlik qrupu təmas xəttini ilk yaran dəstələrdən oldu. 45 dəqiqə ərzində Elçin Mansurovun qrupu tərəfindən 2 dəfə hücum gerçəkləşdi və Ermənistan ordusunun 2 tağımı darmadağın edildi və əvvəlcə 3, sonra 2 xüsusi əhəmiyyətli post və strateji yüksəkliklər ələ keçirildi.
Elçin Mansurov həmin yüksəkliklər uğrunda mübarizədə yaralansa da, öz ağrılarını unudaraq, 12 yaralını döyüş meydanından çıxara bildi. Ancaq “Burğa dərəsi” adlanan ərazidə qarşı tərəfin 2-ci eşelonu yarılan zaman snayper gülləsinin dəyməsi nəticəsində şəhid oldu. Uzun müddət tapılmayan nəşi 1-ci atəşkəs günü, yəni 10 oktyabr 2020-ci ildə Kənd Horadiz yaşayış məntəqəsi ətrafında tapıldı və ertəsi gün Bakıdakı II Şəhidlər Xiyabanında (hazırda Hərbi Memorial Məzarlıq) torpağa tapşırıldı.
Dostlarının dediklərinə görə, Elçin Mansurov “Tənha canavar”, “Boz qurd”, “Qorxmaz kəşfiyyatçı” adları ilə tanınırdı. Komandanı – general Mais Bərxudarov onu daim tərifləyir və xidmətlərini dəyərləndirirdi. Elçin çox mərd, mərhəmətli, ciddi olmaqla yanaşı, çox da zarafatcıl zabit kimi xarakterizə edilirdi. Ailəsi ilə yanaşı, əsgərlərinin də qayğısına qalırdı. Onları öz qardaşı, yaxını kimi qoruyurdu...
Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal altındakı ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Elçin Mansurova ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Daha sonra o, “Vətən uğrunda”, Xocalının və Füzulinin azad olunmasına görə, eləcə də “İgidliyə görə” medallarına layiq görülüb. Bakı şəhərindəki 88 nömrəli tam orta məktəb igid Vətən oğlunun adını daşıyır. Paytaxtda və Yardımlı şəhərində adına küçələr var.
Əli NƏCƏFXANLI
XQ