Xocalı qisasçısı

post-img

Vətən müharibəsi şəhidi Tural Şakir oğlu Abdullayev 1990-cı il fevral ayının 26-da Laçın rayonunun Ərikli kəndində anadan olub. Həmin il ailəsi Xocalı şəhərinə köç edib və burada yeni tikilən evlərdə məskunlaşıb. Turalın 2 yaşı tamam olanda erməni quldurları onların yaşadığı şəhəri yerlə-yeksan etdilər, dinc əhaliyə qarşı soyqırımı törətdilər. Xocalı soyqırımında Turalın atasının xalası oğlunun da ailəsi tamamilə məhv edildi. Kiçik yaşlarından düşmənə nifrət hissi bəsləyən Tural böyüyəndə qisas almağı qarşısına məqsəd qoyub. Bir dəfə də olsun doğum gününü qeyd etməyib. Çünki onun doğum günü 613 günahsız Xocalı sakininin şəhid olduğu günə düşüb.

Tural Abdullayev hərbi xidməti 2008-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin sırasında keçib. 2010-cu ildən isə Zaqatalada DİN Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) əməliyyat qrupunda fəaliyyət göstərib. 12 il XTD-də Vətənə qüsursuz xidmət edən Tural Abdullayev hərbi xidmət keçdiyi zaman və çalışdığı müddətdə nümunəvi xidmətinə görə çoxlu sayda medal və Fəxri fərmanlarla təltif edilib. 2008-ci ildə hərbi xidmətdə nümunəvi xidmətinə görə hərbi hissə komandirinin əmri ilə baş çavuş Tural Abdullayev 3-cü dərəcəli döş nişanı ilə təltif edilib.

2013-cü ildə “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 20 illiyi” yubiley medalı ilə, 2018-ci ildə “Milli Ordu – 100” medalı ilə, 2020-ci ildə isə Azərbaycan Respublikasının Prezidentinin adından “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif edilib.

Tural yoldaşları arasında qorxmazlığı, vətənpərvərliyi ilə seçilib. O, uşaq yaşlarından atasına “Xocalının qisasını almaq lazımdır” deyərmiş. Üçrəngli Bayrağımızı daim özü ilə aparan Tural Vətənə olan borcu qaytarmağı həyatının amalına çevirmişdi. Vətən müharibəsi başlamamışdən əvvəl əfsanəvi “Yaşma” xüsusi təyinatlıları sırasında xüsusi təlimlərdə iştirak edib. Turalın gözlədiyi qisas vaxtı artıq yetişmişdi. “Boz qurd“ ləqəbli döyüşçü qorxmadan ən təhlükəli döyüşlərə atıldı. Şərəfli döyüş yolu, şücaəti, Vətənə sevgisi onu şəhidlik zirvəsinə ucaltdı. Öz canı qədər sevdiyi bayraq isə tabutuna və məzarının üzərinə sərildi. Tural ölməzliyi ilə Azərbaycan xalqının yaddaşında əbədi möhürləndi.

Şəhidin atası Şakir kişinin Tural haqqında xatirələrindən: “Əsgərlikdən məzuniyyətə gələndə telefonla danışdığını eşitdim. Dedi ki, “Mən məzuniyyətə gəlim, yoldaşlarım isə hərbi əməliyyatda iştirak etsinlər, belə olmaz… Orada olsaydım, bəlkə mən də düşmən öldürərdim. Tural döyüş əməliyyatı keçirilən zaman məzuniyyətdə olduğu üçün çox təəssüf edirdi. Vətənpərvərliyi ilə seçilirdi. Zaqatalada DİN XTQ-də işləyərkən ən çətin əməliyyatlarda iştirak edirdi”.

Tural Abdullayev Vətən müharibəsi zamanı Murovdağ yüksəkliyinin alınmasında və Kəlbəcər istiqamətində keçirilən əməliyyatlarda iştirak edib. Azərbaycan əsgəri ilə üz-üzə gəlməyə cəsarət etməyən mənfur düşmənin atdığı minaatan mərmisi nəticəsində igid əsgərimiz sentyabrın 30-u əbədiyyətə qovuşub. Xəzər rayonunun Binə qəsəbəsində dəfn edilib.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Prezident İlham Əliyevin sərəncamlarına əsasən baş çavuş Tural Abdullayev ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Müşfiq CƏFƏROV
XQ

Sosial həyat