Yol Polisi: Köhnə və aşınmış şinlər ciddi təhlükə yaradır

post-img

Payız-qış fəslində köhnə və aşınmış şinlərin istifadəsi ciddi təhlükə yaradır. Uzun məsafəli səfərlər zamanı şinlərdəki nasazlıqları daha tez üzə çıxararaq,  normativ tələblərin pozulmasına, hətta şinlərin partlamasına gətirib çıxara bilər.

Bu barədə DİN Baş Dövlət Yol Polisi İdarəsi bildirib. 

Qanunvericiliyə əsasən, avtomobil şinlərinin protektorundakı naxışların hündürlüyü normaya uyğun olmadıqda, şinlərin kord hissəsi çılpaqlaşdıqda, karkas təbəqələri ayrıldıqda, protektor və yan hissələrdə qopmalar və ya zədələr olduqda, yaxud eyni ox üzrə fərqli naxışlı şinlərdən istifadə edildikdə həmin nəqliyyat vasitəsinin istismarına yol verilməməli, nasazlıqlar mütləq aradan qaldırılmalıdır.

Bəzən də zahirən “yeni” görünən şinlər istifadə müddətinin bitməsi və ya düzgün saxlanmaması səbəbindən yararsız olur ki, onların istifadəsi ağır fəsadlara gətirib çıxara bilər.

Odur ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və nəqliyyat vasitələrinin sahiblərinə müraciət edərək bildirir ki, istənilən hava şəraitində yaranan çətinlikləri təhlükəsiz şəkildə dəf etmək üçün sadalanan tövsiyələr daim diqqət mərkəzində saxlanılmalıdır: “Unutmayaq ki, mənzil başına rahat və təhlükəsiz çatmaq üçün avtomobil şinlərinin saz və mövsümə uyğun vəziyyətdə olması vacib şərtdir”.

P.Əmircanov
XQ

Sosial həyat